İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda KRİTİK görüş – Putinin ADAMI niyə gəlmişdi?

Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksandr Novak Bakıda iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Azərbaycan hökumətinin məlumatına görə, tərəflər sənaye, enerji, nəqliyyat və logistika sahələri də daxil olmaqla, gələcək əməkdaşlığın mümkün sahələrini müzakirə ediblər.

Görüş Bakı ilə Moskva arasında mövcud qarşılıqlı əlaqələrə, eləcə də qeyd olunan istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə həsr olunub.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında ticarətdə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Lakin ticarət dövriyyəsinin özünün azalmasından daha vacib olan onun strukturunun dəyişmə tərzidir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 2026-cı ilin yanvar-iyul ayları arasında 2,11 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 959,97 milyon dollar və ya 31,2% azalma deməkdir. Azərbaycanın Rusiyaya ixracı 3,9% artaraq 749,55 milyon dollara, Rusiyanın Azərbaycana idxalı isə 42% azalaraq 1,36 milyard dollara düşüb.

Azərbaycan Rusiya bazarını öz məhsullarına bağlamır; əksinə, ixrac artmaqda davam edir. Amma eyni zamanda, Rusiya malları Azərbaycan bazarında mövqelərini itirir. Bu mənada söhbət, sadəcə, ikitərəfli ticarətdə müvəqqəti azalmadan yoxl, iqtisadi münasibətlərin modelinin mümkün yenidən qurulmasından gedir.

Nəzərə alsaq ki, Rusiya erməni mallarının idxalına qadağa qoyub, bu halda Azərbaycanla ticarət dövriyyəsində artım gözlənilirmi? Son görüş Bakı-Moskva arasında böhranın tamamilə aradan qalxdığını söyləməyə əsas yaradırmı?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, tərəflər arasında sıradan olan bir görüşün iki ölkə arasında artıq uzun zamandır davam edən gərginliyi aradan qaldıracağına inanmaq mümkün deyil. Tarix boyu Rusiya Azərbaycana qarşı hansı münasibəti sərgiləyibsə indi o münasibətin formasında hər hansı bir dəyişiklik baş versə də məzmunu olduğu kimi qalıbdır və bu sona qədər belə olacaq: “Biz onlarla işləməliyik-bu tarixi bir zərurətdir. Onlarla iqtisadi, ticarət əlaqələri qurmalıyıq, buna məhkumuq. Ancaq onlara güvənmək olmaz və güvənməməliyik.

Son bir ildə şimal qonşumuzla ticarət əlaqələrində baş verən azalmalar isə Rusiyadan idxalın kəskin azalması ilə bağlıdır ki, bu vəziyyətin də konkret izahı mövcuddur.

2026-cı ilin yanvar–iyulunda Azərbaycan–Rusiya ticarəti 2 milyard 110 milyon ABŞ dolları səviyyəsində olub və ya ötən ilin eyni dövrü ilə müqaisədə təqrubən 960 milyon dollar və ya 31,2% azalıbdır. Müqayisə aparılan dövrdə xarici ticarətdə Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 360 milyon dollar və ya 42% azalsa da Azərbaycandan Rusiyaya ixracın həcmi təqribən 750 milyon dollar və ya 3,9% artıbdır. Deməli iki ölkə arasındakı ticarət əlaqələrində yaranmış durumun başlıca səbəbi budur.
Bəs Rusiyadan Azərbaycana idxal nədən birdən-birə bu qədər azaldı? Bunun bir neçə səbəbi var. Birinci səbəb Rusiyada daxili istehsalın kəskin azalması səbəbindən artıq daxili bazarın bir çox mallara olan tələbatını ödəmək mümkün deyil. Ona görə də bundan öncə ixraca yönəldilən məhsulların bir çoxu daxili təlabatın ödənilməsinə yönəldilir”.

F.Yusifov qeyd edib ki, Azərbaycan Ukraynaya qarşı apardığı müharibədə Rusiyanın özünü hansı vəziyyətə saldığının fərqindədir: “Yəni hökumətimiz bu duruma qiymət verərək Rusiyadan zamanla idxal olunan bir sıra məhsullar üzrə idxalı şaxələndirmək yolunu seçibdir. Bu doğru addımdır. Çünki müharibə səbəbindən Rusiya həyatının bütün sahələrində yaşanan çöküş fonunda bu ölkənin iqtisadiyyatının sabahkı aqqibətinin necə olacağını proqnozlaşdırmaq mümkün deyil. Və unutmayaq ki, Rusiya indi özünü defolt elan etməyin bir addımlığındadır. Bu səbəbdən Azərbaycan artıq taxılın, bir sıra ərzaq məhsullarının, bəzi sənaye məhsullarının, maşın və avadanlıqların, kimya məhsullarının idxalını şaxələndirilməsinə start veribdir. Bu Rusiyadan idxalın azalmasının daha bir səbəbidir.

Rusiyadan idxalın azalmasının üçüncü səbəbi isə Ukrayna PUA-larının Rusiyanın neft emalı müəssisələrinin bir çoxunu sıradan çıxarmasıdır. Bu səbəbdən Rusiya hökuməti ölkədəki ixracatçılara xaricə yanacaq və ilk növbədə dizel yanacağı satmağı qadağan edib. Çünki sıradan çıxarılan müəssisələrdə artıq bu məhsulları istehsal etmək mümkün olmur və deməli daxili bazarın təlabatını ödəmək çətinləşir. Biz də Ukrayna PUA-larının neft emalı müəssisələrinə hücumlarına qədər Rusiyadan müəyyən həcmlərdə yanacaq alırdıq”.

Etibar Seyidağa,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR