Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlığı tənzimləyən sazişə dəyişiklik edilir. Dəyişiklik ilk növbədə iki ölkə arasında məxfi informasiyanın mübadiləsi və xüsusi rabitənin təhlükəsizliyinə cavabdeh qurumların yenilənməsi ilə bağlıdır. Məsələ Milli Məclisin son plenar iclasında müzakirəyə çıxarılıb. Qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklərin edilməsi barədə protokol 2025-ci il dekabrın 16-da Kiyevdə, 2026-cı il aprelin 23-də isə Bakıda imzalanıb.

Burada mühüm məqam ondan ibarətdir ki, dəyişiklik yeni əməkdaşlıq mexanizmi yaratmaqdan daha çox, mövcud hökumətlərarası rabitə sisteminin hüquqi bazasını iki ölkənin hazırkı dövlət strukturlarına uyğunlaşdırır. Bununla yanaşı, söhbət adi kommunikasiya xəttindən deyil, məxfi məlumatların dövlətlərarası mübadiləsi üçün nəzərdə tutulan xüsusi rabitə mexanizmindən gedir. Bu baxımdan sənədin təhlükəsizlik komponenti də xüsusi əhəmiyyət daşıyır.
Sazişin yenilənməsi Azərbaycan-Ukrayna dövlət əlaqələrində xüsusi rabitə və informasiya təhlükəsizliyi istiqamətində mövcud hüquqi çərçivənin qorunub saxlanıldığını göstərir. Xüsusilə dövlət qurumları arasında məxfi məlumat mübadiləsinin təhlükəsizliyi baxımından belə mexanizmlərin hüquqi baxımdan dəqiq müəyyənləşdirilməsi vacibdir.
Protokol tərəflərin onun qüvvəyə minməsi üçün zəruri daxili dövlət prosedurlarını başa çatdırmaları barədə son yazılı bildirişin diplomatik kanallarla alınmasından sonra qüvvəyə minəcək. Sənəd 1999-cu il sazişinin ayrılmaz hissəsi olacaq və əsas sazişin qüvvədən düşməsi ilə onun da qüvvəsi başa çatacaq.
Qeyd edək ki, Milli Məclisdə qanun layihəsi müzakirədən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.
Beləliklə, dəyişiklik formal xarakter daşısa da, hüquqi baxımdan əhəmiyyətli məqamı dövlətlərarası xüsusi rabitəyə cavabdeh qurumların hazırkı institusional strukturla uyğunlaşdırılmasıdır. Bu isə Azərbaycan-Ukrayna arasında məxfi dövlət kommunikasiyalarının hüquqi və texniki təhlükəsizlik mexanizmlərinin davamlılığının təmin edilməsinə xidmət edir.
Təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-a bildirib ki, Rusiya kiber hücumları son vaxtlar dünyanın hər istiqamətinə, xüsusilə post-sovet məkanına xeyli artırıb: “Rabitə sistemlərinə daxil olun informasiya əldə etməsi, köhnə SSRİ-dən qalan texniki naqillər Rusiyaya sistemə daxil olmaq üçün imkanlar yarada bilərdi. Görünür, bütün bunlar və digər məqamlar Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlığı tənzimləyən sazişə dəyişiklik edilməsini, iki ölkə arasında məxfi informasiyanın mübadiləsi və xüsusi rabitənin təhlükəsizliyinə cavabdeh qurumların yenilənməsini zərurətə çevirib. Dəyişikliyin detalları təbii ki, məxfi xarakter daşıyır və bunu yalnız müvafiq qurumlar özləri bilirlər. Rusiyanın və digər hansısa ölkələrin hökumət rabitə sisteminə müdaxiləsinin qarşısını almaq məqsədi daşıyan bu addım müsbət addımdır”.
Etibar Seyidağa,
Musavat.com
01 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ