Onlayn ictimai-siyasi qəzet
Yunanıstan mətbuatında Türkiyə ilə İsrail arasında mümkün qarşıdurmanın necə inkişaf edə biləcəyinə dair diqqətçəkən ssenari yayımlanıb. “Militaire” nəşrinin dərc etdiyi təhlilə əsasən, baş verə biləcək tək bir hərbi insident belə genişmiqyaslı böhranı tətikləyə bilər (publika.az).
Bildirilib ki, Ankaranın cavab zərbəsi İsrailin yeni hücumlarına, bunun ardınca isə Türkiyənin növbəti cavablarına səbəb olaraq “təhlükə zənciri” yarada bilər. Təhlilə görə, Türkiyə ilə İsrail arasında birbaşa hərbi qarşıdurmanın ilk və ən ehtimal olunan nöqtəsi Suriyadır. Nəşr Türkiyənin Suriyada hərbi mövcudluğunu davam etdirdiyini, İsrailin isə öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirdiyi bu ölkədə Türkiyə hərbi qüvvələrinin mövcudluğundan narahat olduğunu iddia edib.
Qeyd olunub ki, tərəflərin hərbi qüvvələrinin eyni ərazidə fəaliyyət göstərməsi müharibə qərarı olmadan da birbaşa toqquşma riskini artırır. Ssenariyə əsasən, qarşılıqlı hücumların genişlənməsi halında qarşıdurma Şərqi Aralıq dənizinə keçə, bu zaman da Kipr mühüm amilə çevrilə bilər. Nəşr hesab edir ki, adanın şimalındakı türk hərbi mövcudluğu və bölgədəki hərbi infrastruktur mümkün qarşıdurma zamanı xüsusi əhəmiyyət daşıyacaq.

Təhlildə mümkün böhranın NATO üçün də ciddi sınaq yaradacağı vurğulanıb. İsrailin hücumunun Türkiyənin təhlükəsizliyinə və ya ərazi bütövlüyünə təhdid yaratması halında Ankara NATO-nun 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr tələb edə bilər. Hücumun real silahlı qarşıdurmaya çevrilməsi halında NATO-nun 5-ci maddəsinin gündəmə gəlməsi mümkündürmü? Türkiyə-İsrail müharibəsi nə dərəcədə real görünür? Azərbaycanın müttəfiqi ilə dostunun savaşı bizə nə vəd edir?
Professor Fikrət Yusifov Musavat.com-a bildirdi ki, Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmanın baş verməsi inandırıcı deyil:

“Türk düşmənləri belə bir toqquşmanın mümkünlüyünü istisna etmirlər. Təbii ki, onlar bu toqquşmanın baş verməsini ürəkdən arzulayırlar və bunun üçün mümkün təxribatları belə törətməkdən çəkinmirlər. Lakin bu adamlar unudurlar ki, Türkiyə ilə İsrail arasında hansı mübahisənin olmasından asılı olmayaraq onları bir-biri ilə çox ciddi bir zəncir birləşdirir. Türkiyə NATO-nun ikinci gücü, ABŞ-ın regionda ən etibarlı müttəfiqi, İsrail isə ABŞ-la de-fakto ittifaq dövləti statusunda olan bir ölkədir. Bu halda kim-kiminlə genişmiqyaslı müharibə edəcək?! İki dövlət arasında müharibənin qaçılmaz olduğunu yazanlar gərək ki, öncə bu suala cavab tapsınlar. Bu sualın cavabı isə birdir. Tərəflər arasında Suriyada və ya başqa maraq məkanlarında hər hansı bir hərbi insident baş verə bilər. Lakin onların genişmiqyaslı müharibəyə rəvac verməsi mümkün deyil”.
Professor deyib ki, hərbi toqquşma baş verərsə Azərbaycan başda olmaqla türk dünyası Türkiyənin yanında olacaq.
Cavanşir Abbaslı
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ