İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının parad modeli Kişinyovda - niyə və hansı mesaj?

Moldova ölkənin müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlaşır.

Musavat.com "Nezavisimaua qazeta"ya("NQ") istinadla xəbər verir ki, avqustun 27-də keçiriləcək tədbirə Moldova prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Maya Sandu rəhbərlik edəcək.

Paradda Ukrayna və Rumıniya prezidentlərinin də iştirakı gözlənilir. Bundan başqa, Ukrayna, Rumıniya, Litva, İtaliya, Polşa, Fransa, Çexiya və ABŞ-dan olan hərbçilərin də yürüşdə iştirak edəcəyi bildirilir.

Picture background

Moldovanın Rusiyadakı keçmiş səfiri, Politicon Strateji Araşdırmalar və Siyasi Konsaltinq Mərkəzinin rəhbəri Anatol Tsaranu “NQ”yə açıqlamasında xarici hərbçilərin paradda iştirakını Avropa İttifaqı ölkələrinin Moldova ilə həmrəyliyinin nümayişi kimi qiymətləndirib. Onun sözlərinə görə, tədbirin 35 illik yubileyə təsadüf etməsi ilə yanaşı, xarici tərəfdaşların Moldovaya gəlməsi də mühüm siyasi mesaj daşıyır.“Bu, Rusiyaya həmin tərəfdaşlıq münasibətlərinin nümayişidir. Xüsusilə də ölkəmizə dronların uçması fonunda bu məsələ daha da aktuallaşır”, – Tsaranu bildirib.

Keçmiş diplomat Moskva ilə münasibətlərdə daha bir ciddi addımın atıla biləcəyini də istisna etməyib. O, Moldovanın Rusiyadakı səfirini geri çağırmasını xatırladaraq bildirib ki, diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ehtimalı var. Beləliklə, Kişinyovun son addımları Moldova-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlaya biləcəyinə işarə edir. Müstəqilliyin 35-ci ildönümü münasibətilə keçiriləcək hərbi parad isə yalnız yubiley tədbiri deyil, həm də Moldovanın Avropa və Qərb tərəfdaşlarına siyasi yönümünü nümayiş etdirən mühüm mesaj kimi qiymətləndirilir.

Picture background

Moldovanın planlaşdırdığı paradın siyasi məzmunu Azərbaycanda keçirilmiş hərbi paradları da xatırladır. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmiş, Türkiyə hərbçiləri Azərbaycan əsgərləri ilə çiyin-çiyinə yürüş etmişdilər. 2025-ci ildə isə Zəfərin beşinci ildönümünə həsr olunan paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak edib, Türkiyə və Pakistan hərbçiləri Azərbaycan hərbçiləri ilə birlikdə Azadlıq meydanından keçiblər. Bu, Bakının müttəfiqlik münasibətlərini hərbi-siyasi müstəvidə nümayiş etdirməsinin açıq nümunəsidir.

Moldova üçün indi Azərbaycan nümunəsinin aktuallaşmasının səbəbi də məhz budur: Kişinyov özünün təhlükəsizlik narahatlıqları fonunda tək olmadığını nümayiş etdirmək istəyir. Lakin burada mühüm fərq var. Azərbaycan paradlarında müttəfiq ölkələrin iştirakı artıq formalaşmış strateji və hərbi əməkdaşlığın nümayişi idi; Moldova isə Qərb tərəfdaşlarının hərbçilərini meydana çıxarmaqla Rusiyaya siyasi siqnal verməyə və mümkün təhlükələr qarşısında beynəlxalq dəstəyini göstərməyə çalışır. Bu baxımdan Kişinyovun paradı həm müstəqilliyin yubileyi, həm də Moskva ilə münasibətlərin pisləşməsi fonunda siyasi mesaj xarakteri daşıyır...

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR