İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankların sayı niyə azaldılır?

Son dövrlər bank sektorunda baş verən birləşmə və satınalmalar yeni konsolidasiya dalğasını gündəmə gətirib. Prosesin davam edəcəyi və ölkədə fəaliyyət göstərən bankların sayının xeyli azalacağı gözlənilir. Azərbaycan Mərkəzi Bankı konsolidasiyanın inzibati müdaxilə ilə deyil, bazar mexanizmləri və səhmdarların təşəbbüsü əsasında həyata keçirilməsini dəstəkləyir. Əsas məqsəd daha güclü kapitala malik, dayanıqlı və rəqabətqabiliyyətli maliyyə institutlarının formalaşdırılmasıdır. Ekspertlər bankların birləşməsini, ləğv edilməsini bir neçə səbəbdən izah edir. Qeyd edilir ki, banklar öz imkanlarını birləşdirərək daha güclü maliyyə institutu yaratmağa çalışır. Digər halda isə zəif bankın sahibi bankı daha güclü oyunçuya satır, müştəri bazasını ona ötürür və inkişaf perspektivi olmayan biznesdən müəyyən gəlir əldə edir.
Bəzi ekspertlər AccessBankın Bank Respublika ilə bağlı prosesini isə birləşmə deyil, qoşulma kimi qiymətləndirirlər. Bu proses fonunda isə bank sektorunda konsolidasiyanın müştərilər üçün mümkün nəticələri də diqqət çəkir. Bankların sayının azalması rəqabətə, kredit və depozit şərtlərinə, eləcə də vətəndaşların seçim imkanlarına necə təsir edə bilər?
Xalid Kərimli: “İqtisadi amillər insanları kənddən şəhərə köçməyə məcbur edir”

İqtisadçı Xalid Kərimli Musavat.com-a deyib ki, bankların birləşməsi nə avtomatik olaraq vəziyyəti pisləşdirəcək, nə də yaxşılaşdıracaq: “Burada əsas nüans rəqabətlə bağlıdır. Onsuz da bankların sayı çox olanda da bank bazarında rəqabət yaxşı deyil. Məsələn, 30-40 bank fəaliyyət göstərən zaman belə kredit portfelinin və aktivlərin 80 faizi böyük dördlükdə cəmlənmişdi. Mərkəzi Bank da həmin bankları sistem əhəmiyyətli banklar kimi müəyyənləşdirir. İndi bankların sayı 20-yə düşəndə də vəziyyət əsasən dəyişməyib. Yenə həmin böyük dördlük bank sektorunda əsas paya malikdir və aktivlərin, kredit portfelinin böyük hissəsi onların payına düşür. Yəni bank bazarında rəqabət onsuz da zəifdir və bunun əsas səbəblərindən biri ciddi təmərküzləşmənin olmasıdır.
Mərkəzi Bank rəqabəti artırmaq üçün müxtəlif addımlar atır, amma hələlik bu istiqamətdə əhəmiyyətli dəyişiklik əldə olunmayıb. Məsələn, faizlər artırıldı, Mərkəzi Bank ehtiyat normalarını yüksəltdi ki, bunun rəqabəti artıracağı gözlənilirdi. Amma bu nəticəni vermədi. İndi isə əməkhaqqı kartlarının seçilməsi ilə bağlı azadlığın artırılması istiqamətində addım atılır. Burada müəyyən ümid var. Məsələn, dövlət sektorunda çalışan və pensiya alan şəxslər əməkhaqqı və ya pensiyalarını istədikləri banka məxsus karta yönəldə bilsələr, bu, müəyyən bankların bazardakı payını və gücünü azalda bilər. Lakin bu, daha çox gələcəklə bağlı məsələdir. İki bankın hazırkı birləşməsinə gəldikdə isə bunun bank bazarına heç bir təsiri olmaya da bilər. Müsbət və ya mənfi təsir rəqabətin necə dəyişəcəyindən asılı olacaq. Əgər birləşmə onsuz da zəif olan rəqabəti daha da pisləşdirəcəksə, bu, müştərilərin ziyanına olan nəticələrə gətirib çıxara bilər”.
Mərkəzi Bankın sədrləri - Abdullayevdən Rüstəmova kimi... - FOTOLAR

İqtisadçı qeyd edib ki. kredit faizlərinin yüksək olmasının bir çox səbəbi var və onların hamısı Mərkəzi Bankla bağlı deyil: “Burada iqtisadi vəziyyət, coğrafi amillər, qonşuluq və digər məsələlər də rol oynayır. Bununla yanaşı, bank bazarındakı rəqabətin strukturu da kredit faizlərinə təsir edən amillərdəndir. Əgər birləşmə nəticəsində rəqabət zəifləyəcəksə, bankların kredit faizlərini aşağı salmaq motivasiyası da azalacaq. Eyni hal depozit faizlərinə də aid ola bilər. Rəqabətin zəifləməsi depozit faizlərinin aşağı düşməsinə, hətta kredit faizlərinin lazımsız şəkildə yüksəlməsinə şərait yarada bilər. Amma bunun mütləq baş verəcəyini demək olmaz. Çünki hazırda da rəqabətin vəziyyəti zəifdir və konkret birləşmənin bu vəziyyətə nə qədər təsir edəcəyi prosesdən asılı olacaq.
Digər tərəfdən, birləşmə nəticəsində bankların əməliyyat xərcləri azala bilər. Məsələn, hər iki bankın eyni rayonda filialı varsa, birləşmədən sonra həmin filiallardan biri fəaliyyət göstərə bilər və nəticədə əməliyyat xərcləri aşağı düşər. Lakin bu, avtomatik olaraq müştərinin xeyrinə çevrilmir. Əməliyyat xərclərinin azalması ilk növbədə bankın mənfəətinin artmasına xidmət edə bilər. Birləşmənin əsas məqsədlərindən biri də əməliyyat xərclərini azaltmaqdır. Bunun nəticəsinin müştəriyə, yoxsa səhmdara və investora daha çox fayda verməsini isə rəqabət müəyyən edir. Rəqabət zəifdirsə, xərclərin azalmasının xidmət qiymətlərinə və digər şərtlərə avtomatik şəkildə əks olunacağını gözləmək olmaz. Ümumilikdə, hesab edirəm ki, birləşmənin bank bazarına ciddi təsiri ola bilər. Amma bunun hansı istiqamətdə olacağı əsasən rəqabətin vəziyyətindən asılıdır. Əgər birləşmə rəqabəti daha da zəiflədəcəksə, mənfi nəticələr yarana bilər. Əksinə, birləşən bank daha güclü rəqabət aparmaq və müştərilərə daha yaxşı şərtlər təklif etmək imkanına sahib olacaqsa, bunun müsbət nəticələri ola bilər. Digər tərəfdən, daha böyük və konsolidasiya olunmuş bankların üstünlükləri də var. Belə banklar daha böyük layihələrin maliyyələşdirilməsi üçün imkanlarını genişləndirə, daha çox məhsul və xidmət təqdim edə, müxtəlif maliyyə xidmətlərini birləşdirə bilərlər. Xüsusilə bütün bankların rəqəmsal platformalara keçdiyi bir dövrdə daha böyük bankların bu imkanları daha geniş şəkildə reallaşdırması mümkündür. Amma konkret olaraq hazırkı vəziyyət üzrə bunun hansı nəticəni verəcəyini indidən demək çətindir”.

Afaq Mirayiq,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR