İnsanlara hürriyət, millətlərə istiqlal!

Bankomatları bir-bir soydu - Cəzadan qurtuldu

ATM-ləri bir-bir qarət edib görüntülərini internetdə paylaşan, bank sistemindəki boşluqlardan istifadə edərək milyonlarla dollar əldə edən Gerald Blanchardın hekayəsi illər sonra da diqqət çəkir. Bir vaxtlar qandallı halda polis bölməsindən qaçan Blanchard bu dəfə hüquq-mühafizə orqanlarına bank sistemindəki zəif nöqtələri izah edən şəxs kimi qarşılarına çıxıb.

Musavat.com xəbər verir ki, o, 168 ilədək həbs cəzası ilə üzləşdiyi halda, törətdiyi cinayətləri etiraf edib əldə etdiyi məlumatları polisə təqdim edib, oğurladığı pulları qaytarmağa və illərdir axtarılan tarixi zinət əşyasını təhvil verməyə razılaşıb. Bunun müqabilində cəzası əhəmiyyətli dərəcədə azaldılıb.

Arıq bədən quruluşu, eynəyi və sakit görünüşü ilə diqqət çəkən Blanchard hələ 15 yaşında mağazalardan əşyalar oğurlamağa başlayıb. O, saxta qəbzlər hazırlayaraq oğurladığı məhsulları yenidən mağazalara qaytarır və bununla böyük məbləğdə pul əldə edirdi.

Blanchard törətdiyi cinayətlərin əksəriyyətini kameraya çəkirdi. Hətta anası üçün aldığı evi belə videoya çəkərək özünəməxsus “vlog” formatında nümayiş etdirirdi.

Gənclik illərində avtomobil yandırılması ilə bağlı saxlanılan Blanchard polis bölməsində dindirilməsini gözləyərkən asma tavana çıxaraq gizlənib. Polis əməkdaşlarının onu axtarmasından saatlarla sonra gecə yarısı binanın sakitləşməsindən istifadə edərək tavandan aşağı düşüb.

Daha sonra onu dindirən detektivin masasından ailə fotosunu götürüb, çekmecədəki güllənin üzərinə gülüş işarəsi çəkərək polis bölməsindən qaçıb.

Blanchard daha sonra polis avtomobilini oğurlayaraq qandallı əlləri ilə qaçmağı da bacarıb. Həbs cəzasını çəkdikdən sonra Kanadadan deportasiya edilib.

Blanchardın ən çox diqqət çəkən cinayətlərindən biri Vyanadakı Şönbrunn sarayında baş verib.

O, Avstriya imperatriçası Elizabetə, yəni Sisi-yə məxsus qiymətli “Sisi ulduzu” adlı almaz zinət əşyasını oğurlamaq üçün əvvəlcədən plan hazırlayıb.

Blanchard nüfuzlu qayınatasının mövqeyindən istifadə edərək sərgidən əvvəl xüsusi VIP tur təşkil etdirib. Bələdçinin izahı zamanı vitrinə müdaxilə edib, pəncərə kilidini boş vəziyyətdə saxlayıb.

Həmin gecə isə xüsusi təyyarədən sarayın damına paraşütlə enərək iplə pəncərədən içəri daxil olub. Daha sonra zinət əşyasını götürüb və yerinə suvenir mağazasından aldığı saxta nüsxəni qoyub.

Oğurluq bir neçə gün ərzində aşkar edilməyib. Hadisə üzə çıxanda isə sarayın bağındakı zibil qutusunda yalnız paraşüt tapılıb.

Blanchard açılışına hələ bir neçə gün qalmış bank binalarını da hədəfə alıb. Mənbəyə görə, o, fəhlə qiyafəsində tikinti sahələrinə daxil olaraq ATM-lərin kilid sistemlərini araşdırıb və bank daxilini izləmək üçün gizli kameralar yerləşdirib.

Bankın açılışından əvvəlki gecə binalara daxil olaraq böyük məbləğdə pulları götürdüyü bildirilir.

Dünyanın müxtəlif ölkələrində saxta kimliklərlə hesablar açan Blanchard özəl təyyarələr və dəbdəbəli həyat tərzi ilə də diqqət çəkib. Onun fəaliyyəti Kanadadakı bank soyğunlarından Misirdəki saxta kart şəbəkələrinə qədər uzanan geniş cinayət əlaqələri ilə əlaqələndirilib.

2007-ci ildə Blanchardın evinə SWAT əməliyyatı keçirilib. Axtarış zamanı evdə çoxsaylı saxta şəxsiyyət sənədləri, gizli keçidlər, dinləmə cihazları və onun özü tərəfindən çəkildiyi bildirilən 120 soyğun videosu aşkarlanıb.

Kanada qanunvericiliyinə əsasən 168 ilədək həbs cəzası ilə üzləşən Blanchard hüquq-mühafizə orqanlarına təklif verib.

O, bank və təhlükəsizlik sistemlərindəki boşluqlar barədə məlumat verməyi, oğurladığı pulları qaytarmağı və illərdir tapılmayan “Sisi ulduzu”nu təhvil verməyi təklif edib.

Mənbəyə görə, Blanchard nənəsinin zirzəmisində gizlətdiyi qiymətli tarixi zinət əşyasını polisə təhvil verib və hüquq-mühafizə əməkdaşlarına təhlükəsizlik sistemləri ilə bağlı 8 saatlıq məlumat verib.

Bunun müqabilində onun cəzası 8 ilə endirilib və bir neçə il sonra azadlığa buraxılıb.

Hazırda təhlükəsizlik məsləhətçisi kimi fəaliyyət göstərdiyi bildirilən Gerald Blanchardın hekayəsi cinayət tarixinin ən qeyri-adi hadisələrindən biri kimi təqdim olunur.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR