Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, "Sülh Körpüsü" Təşəbbüsünün Azərbaycan üzrə qrupu 2026-cı il sentyabrın 11-12-də diplomatik korpusun Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfəri ilə bağlı Ermənistan mediasının nümayiş etdirdiyi qərəzli münasibət və ictimai müzakirələrdəki qəbuledilməz tonla bağlı dərin məyusluq bildirən müraciət yayıb.
Müraciətdə bildirilir ki, diplomatik korpusun Azərbaycan Respublikasının suveren ərazisinə səfəri özlüyündə mübahisə mövzusu ola bilməz: “Xüsusilə bu səfərdə iştirak etdiklərinə görə səfirlərə və dövlətlərə yönəlmiş hücum xarakterli bəyanatlar narahatlıq doğurur, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması öhdəliyi ilə ziddiyyət təşkil edir”.
Qeyd olunur ki, Azərbaycan və Ermənistan hazırda münaqişədən sonrakı mərhələdədir, hər iki ölkə onilliklər boyu davam edən qarşıdurmanın fəsadlarını aradan qaldırmaq kimi məsuliyyətli bir missiya ilə üz-üzədir: “Sülh təşəbbüslərinin bir hissəsi kimi biz – vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə sülh prosesini dəstəkləmək, dialoqu təşviq etmək və etimad quruculuğu tədbirlərinə töhfə vermək üçün addımlar atırıq. Azərbaycan Respublikasının ərazisindəki mədəni irs Azərbaycan xalqına məxsusdur və dövlət tərəfindən qorunur. Ədaləti təmin etmək üçün mədəni irs qarşılıqlılıq və açıq dialoq prinsipləri əsasında müzakirə olunmalıdır. Bu məqsədlərə nail olmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin ayrılmaz tərkib hissəsi olan məsələlərin peşəkar müstəvidə müzakirəsi məqsədilə platforma təsis ediblər”.

Müraciət müəllifləri əmindirlər ki, sülh prosesinin revanşist qüvvələrin təzyiqinə məruz qalmasına yol verilməməlidir: “Ona görə ki, bu, sülhə doğru irəliləyişi ciddi şəkildə təhlükə altına sala bilər. Biz Ermənistan cəmiyyətini bu məqsədlə təmkinli mövqe nümayiş etdirməyə, Ermənistanda və onun hüdudlarından kənarda müəyyən şəxslərin bədniyyətli gündəliyinə rəvac verməməyə dəvət edirik”.
Müraciət qarşı tərəfdə eşidiləcəkmi? "Sülh Körpüsü" Təşəbbüsünün Ermənistan üzrə qrupundan da analoji reaksiya olacaqmı? Niyə susurlar, “Sülh Körpüsü" dağıla bilərmi?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Musavat.com-a bildirib ki, "Sülh körpüsü"nün dağılmasından söhbət getmir.

"Ermənistanda bu kampaniya müxalif və daşnakçı media tərəfindən aparılıb. Yəni iqtidarın mövqeyini əks etdirmir. İki ölkə arasında vətəndaş cəmiyyətinin görüşlərində isə erməni tərəfdən müxalif qüvvələr iştirak etmir. Bu müzakirələrdə Paşinyana yaxın QHT-lər olur və erməni mediası ilə əlaqəsi yoxdur. Ona görə də "Sülh körpüsü" layihəsinin dağılmasını gözləmək üçün tələsmək olmaz. Əksinə, erməni QHT-lərinin nümayəndələri yenidən Bakıya gəlir", - deyə Samir Əsədli bildirib.
VHP sədrinin müavini qeyd edib ki, erməni mediasının çirkin kampaniyasına Azərbaycanla yanaşı Ermənistanın hökumət rəsmiləri də etiraz etməlidir, sülh prosesinə zərər vurduqları vurğulanmalıdır: "Çünki Paşinyan Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyir, sülh mətni paraflanır, ərazi bütövlüyümüz, tanınır, qarşı tərəfin mətbuatı isə "işğal altında olan artsax" adlı saxta propoqanda aparır. Rəsmi İrəvan buna "dur!" deməlidir. Azərbaycan mətbuatında Ermənistanın suverenliyi əleyhinə fikirlər səslənmədiyi halda, qonşu ölkə mediasının davranışı qəbuledilməzdir. Yəni ilk növbədə daxildə ictimai qınaq olmalı, reallıq həzm edilməlidir. Ancaq heç bir halda "Sülh körpüsü"nə qarşı risk görmürəm".
Emil Salamoğlu
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ