Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin hələ də Paşinyanı təbrik etməyib və rəsmi Moskva seçkilərin rəsmi nəticələrini gözlədiklərini açıqlayıb. Mərkəzi Seçki Komissiyası bu nəticələri 14 iyunda dərc edib, Konstitusiya Məhkəməsi isə 4 iyulda təsdiqləyib.
Buna baxmayaraq, "İnterfaks" agentliyi xüsusi olaraq vurğulayır ki, Rusiya Paşinyanın iyunun 7-də keçirilən parlament seçkilərindən sonra işgüzar səfərə çıxdığı ilk ölkədir. Danışıqlar Rusiyanın Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər və tərəflər arasında mövcud olan siyasi gərginlik fonunda baş tutub. Mişustin ictimai çıxışında Ermənistan mallarına qoyulan məhdudiyyətlərə toxunmayıb, əksinə, Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat şərait yaratmağa davam edəcəyinə ümid etdiyini bildirib: "Bu, 7 iyunda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərinizdir. Ümid edirik ki, seçkilər nəticəsində formalaşacaq Ermənistanın yeni hökuməti Ermənistan-Rusiya münasibətlərinin dostluq, xoşməramlılıq, qarşılıqlı hörmət və bir-birinin maraqlarına hörmət ruhunda mütərəqqi inkişafını təmin edəcək".
Mişustin qeyd edib ki, qlobal iqtisadi şoklara baxmayaraq, Rusiya Ermənistanın xarici ticarət tərəfdaşları və investorları arasında birinci yerdədir. O, mədənçilik, maşınqayırma, nəqliyyat, enerji, o cümlədən nüvə enerjisi sahələrində əməkdaşlığı sadalayıb. Nikol Paşinyan artıq fevral ayında Ermənistan dəmir yolunun Rusiya tərəfindən idarə olunmasının başqa ölkəyə verilməsinin zəruriliyindən danışmışdı.
Qeyd edək ki, parlament seçkiləri 7 iyunda baş tutub. Ustündən bir ay keçir və Putin niyə hələ də Nikolu təbrik etmir?

Politoloq Əli Orucov Musavat.com-a dedi ki, Putinin Paşinyanı parlament seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik etməməsi seçkinin legitimliyininə və qələbəyə kölgə sala bilməz: "Əvvəl- axır Kremldən belə bir təbrik gələcək. Ermənistanla Rusiya hərbi siyasi və iqtisadi müttəfiqdirlər. Hər iki dövləti bir birlərinə bağlayan bağları qoparmaq, məsafədə saxlamaq mümkün deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpost statusunun itirilməsinə heç vaxt imkan verməz. İndiki durum Moskvanı da dəhşətli dərəcədə qəzəbləndirir, amma bəlkə də sərf edir. Proseslər Rusiyanın nəzarətində gedir. Putin rəsmən təbrik etməyə tələsməsə də, baş nazir səviyyəsində görüş baş tutub və müttəfiqliyin bundan sonra da davam etdiriləcəyi iradəsi ortaya qoyulub. Kreml ehtiyat variant kimi özünün diqtəsi də, yön verdiyi müxalifəti də hərəkətdə saxlayır. İrəvanın Rusiyadan qopması üçün onun müstəqil olması lazımdır ki, bu da hələ üfüqdə belə görünmür. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasını rəsmiləşdirməyib. Yəni sülh sazişi imzalanmayıb. Konstitusiya dəyişikliyi edilməyib. Parlament seçkiləri göstərdi ki erməni xalqı sülhə və əlaqələrin qurulmasına tam hazır deyil. Rusiya faktoru ciddi şəkildə öz təsirini saxlayır. Fikrimcə Ermənistan və Rusiya bir- birilərindən incik düşmüş qardaşdılar".
Cavanşir Abbaslı
Musavat.com
09 Iyul 2026
08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ