İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir millət, iki dövlət: Ay-ulduzlular son məşqini tamamladı - Video

Türkiyə milli komandası 2026-cı il dünya çempionatında keçirəcəyi ilk oyun öncəsi son məşqini başa vurub.

Ay-ulduzluların düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Baş məşqçi Vinçenso Montellanın rəhbərliyi altında keçirilən son məşqdə futbolçular taktiki hazırlıq üzərində çalışıb və Avstraliya ilə qarşılaşmaya tam hazır olduqlarını nümayiş etdiriblər.

Türkiyə millisi dünya çempionatının D qrupunda mübarizə aparır. Komanda ilk oyununu 14 iyun tarixində Avstraliyaya qarşı keçirəcək. Qarşılaşma Kanadanın Vankuver şəhərində yerləşən BC Place stadionunda oynanılacaq.

Türkiyə – Avstraliya oyunu Bakı vaxtı ilə iyunun 14-də səhər saat 08:00-da başlayacaq.

2002-ci il dünya çempionatının bürünc mükafatçısı olan Türkiyə millisi 24 illik fasilədən sonra yenidən mundial səhnəsinə qayıdır. Ay-ulduzlular turnirə uğurlu start vermək və qrupdan çıxmaq üçün ilk görüşdə qələbə qazanmağa çalışacaqlar.

Azərbaycan xalqının ürəyi də bu oyunda qardaş Türkiyə ilə birlikdə döyünəcək. Milyonlarla azərbaycanlı azarkeş qarşılaşmanı böyük həyəcan və səbirsizliklə gözləyir, ay-ulduzlulara uğurlar arzulayır.

Bir millət, iki dövlət prinsipi ilə yaşayan Azərbaycan və Türkiyə xalqlarını yalnız ortaq tarix və mədəniyyət deyil, həm də sarsılmaz qardaşlıq bağları birləşdirir. Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanında olub və onun uğurlarına öz uğuru kimi sevinib.

İnanırıq ki, bozqurdlar Avstraliya ilə oyunda əzmkar, mübariz və baxımlı futbol nümayiş etdirəcək, dünya çempionatına uğurlu nəticə ilə başlayaraq milyonlarla azarkeşi sevindirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR