Onlayn ictimai-siyasi qəzet
May ayının əvvəllərində Avropa Siyasi Birliyinin Ermənistanda sammitinin keçirilməsi gözlənilir.
Musavat.com bildirir ki, Qərb mediası bununla bağlı Ermənistanda siyasi gedişatı dəyişə biləcək şok məlumat yayıb. Verilən xəbərlərə görə, may ayında Ermənistanda ilk dəfə olmaqla Aİ–Ermənistan sammiti keçirilə bilər. Bu barədə rəsmi elanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
İddialara görə, Avropa liderləri növbəti seçkilər ərəfəsində baş nazir Nikol Paşinyana açıq şəkildə dəstək nümayiş etdirmək niyyəti ilə bir araya gələcəklər. Hesab olunur ki, Kreml bu ərəfədə Paşinyana sürpriz edə bilər. Elə rusiyalı milyarder Samvel Karapetyanın istintaq altında olsa da, partiya rəhbərliyinə gətirilməsi qarşıdakı sürprizlərin anonsu hesab edilir.
Deputat Rizvan Nəbiyev bu barədə Musavat.com-a bildirib ki, Avropa Siyasi Birliyində Avropa İttifaqının üzvü olan 27 dövlət və Avropa İttifaqının üzvü olmayan 20 dövlət var: “Ümumilikdə 47 dövlət orda təmsil olunur. Avropa Siyasi Birliyinin ildə iki sammiti keçirilir: biri Avropa İttifaqı üzvü olan, digəri isə üzv olmayan dövlətlərdə. Bu mənada Ermənistanda sammitin keçirilməsi barədə qərar hələ bir il yarım əvvəldən verilmişdi. 2028-ci ildə isə Azərbaycanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Bu çərçivədə Avropa İttifaqının bütün üzv dövlətləri orda olduğundan istisna olunmur ki, - mətbuatın da yazdığı məlumata görə - Aİ üzv dövlətlərinin rəhbərləri Ermənistanla əlavə bir sammiti təşkil etsinlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərb - burada həm ABŞ, həm də Avropa İttifaqını vahid mövqedən çıxış edən düşərgə kimi də qeyd etmək olar - Paşinyan hökumətini dəstəkləyir. Yeni seçkilərdə də Paşinyanın siyasəti dəstəklənir”.
R.Nəbiyev qeyd edib ki, bu situasiyada Ağ Evin də mövqeyi aydındır: “İki gün öncə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də İrəvanda olarkən seçkidə Paşinyana verdikləri dəstəyi birmənalı olaraq açıqladı. Bu da siyasətdə çox nadir hallarda baş verir. Amma ABŞ-nin vitse-prezident səviyyəsində bu dəstəyi ifadə etməsi regionda sülhə, sabitliyə olan töhfəni göstərir. Yəni Paşinyan seçkiyə sülh gündəliyi ilə gedir. Çünki Azərbaycanla sülh müqaviləsi paraflanıb. Bundan sonra imzalanmanın başa çatdırılması, bundan sonra bir sıra öhdəliklər, sülhə, sabitliyə xidmət edən digər layihələr, etimad quruculuğu məsələləri var”. Deputat qeyd edib ki, burada digər aparıcı aktor Rusiyanın maraqları məsələsidir: “Bu da sirr deyil ki, Rusiyada müəyyən dairələr başqa siyasətçilər üzərində öz strategiyasını qurur. Onların arasında iş adamları da, kilsədə təmsil olunan qüvvələr də var. Amma bunların heç biri hazırki şəraitdə seçkini öz xeyrinə dəyişmək, nəticələrə ciddi təsir göstərə biləcək elektorat toplamaq imkanı yoxdur. Ona görə ki, təklif olunan proqram, seçki platforması Paşinyanla müqayisədə həm zəifdir, həm də əhali üçün nə isə vəd eləmir”. Belə bir sitiasiyada Kremlin Paşinyan üçün sürprizlər edə biləcəyinə gəldikdə, R.Nəbiyev qeyd edib ki, bu, artıq proqnozlaşdırıla biləcək bir hadisə deyil.
E.Paşasoy,
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ