Onlayn ictimai-siyasi qəzet
Azərbaycan COP29 sədrliyindən sonra iqlim diplomatiyasında fəallığını davam etdirir. Bu fəallığın əsas göstəricilərindən biri yeni beynəlxalq platformaların yaradılması və mühüm iqlim tədbirlərinə ev sahibliyi edilməsidir. Bu kontekstdə hər ilin iyul ayında Şamaxı şəhərində təşkil olunan COP danışıqçılarının qeyri-rəsmi toplantısını və hər ilin payız aylarında keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsini (BCAW) vurğulamaq olar. Hər iki tədbir Azərbaycanın COP29 Sədrliyinin davamlı irslərindəndir və artıq COP təqvimində öz yerini tutub.
Builki Bakı İqlim Fəaliyyəti Həftəsi əvvəlkilərdən bir qədər fərqlənirdi. Belə ki, sentyabrın 7-11-də Bakı Konqres Mərkəzində həm də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi keçirilib.
Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur və proses kifayət qədər rəqabətli şəraitdə baş tutur. 2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Rəsmi məlumata görə, sentyabrın 7-dən 11-ə qədər Bakıda ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.
İqlim həftələrinin əsas fərqləndirici xüsusiyyəti müxtəlif formatlarda keçirilən müzakirə və dialoq platformaları vasitəsilə iqlim öhdəliklərinin konkret fəaliyyət istiqamətlərinə çevrilməsinə və növbəti COP qərarlarının formalaşmasına töhfə verilməsidir.
İqlim dəyişikliyinin yaratdığı problemlər artıq yalnız ekoloji və iqtisadi məsələ kimi deyil, getdikcə daha çox təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Bu yanaşma həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də ən az inkişaf etmiş ölkələrin rəsmiləri və BMT nümayəndələri tərəfindən açıq şəkildə ifadə olunur. Yaşayış məskənlərində su və digər təbii resursların azalması, ərzaq təhlükəsizliyinin zəifləməsi sosial və iqtisadi təzyiqləri artırır, bəzi hallarda isə insanların miqrasiya etməsinə və resurslar uğrunda rəqabətin güclənməsinə səbəb ola bilər. Bu baxımdan ekspertlər və rəsmilər iqlim dəyişmələrinin gələcəkdə yeni münaqişə risklərini də artıra biləcəyini istisna etmirlər. Eyni zamanda, artıq davam edən münaqişə və müharibələrin də iqlim gündəliyinə təsiri var. Münaqişələrin enerji infrastrukturu və təbii resurslara vurduğu zərər, eləcə də əlavə emissiyalar iqlim və təhlükəsizlik gündəliklərinin getdikcə daha sıx kəsişməsinə səbəb olur. Odur ki, dövlətlər arasında dialoqun qorunması və beynəlxalq öhdəliklərin praktik icraya yaxınlaşdırılması üçün platformaya ehtiyac var ki, Bakı bu rolu son dərəcə uğurla icra edir.

Bu baxımdan müzakirələrdə vurğulanan əsas məqamlardan biri bu idi ki, əməkdaşlıq davamlı xarakter almalıdır. Qərarların konkret nəticələrə çevrilməsinin zamanı isə çoxdan çatıb.
İqlim dəyişikliyinin qarşısını almaq mümkün deyil. Sadəcə öhdəlikləri yerinə yetirmək və verilən qərarların icrasını sürətləndirmək lazımdır.
Diplomatlar və digər maraqlı tərəflər Bakı COP-unda qəbul edilən ildə ən azı 300 milyard ABŞ dolları məbləğində Yeni Maliyyə Hədəfi barədə də fikir mübadiləsi apardılar. COP29-da gecə saatlarına qədər davam edən danışıqlar nəticəsində konsensusla hədəflər müəyyən edildi, lakin ötən dövrdə, xüsusilə donor dövlətləri iqlim üçün nəzərdə tutulan maliyyəni təhlükəsizlik və müdafiə xərclərinə yönəldiblər. Yəni, qərar qəbul edilib, lakin təəssüf ki, icra ilə bağlı açıq qalan suallar var. Təcili yardıma ehtiyacı olan icmalar var ki, onlar üçün zaman çox önəmlidir. Belə olan təqdirdə təbii ki, dünya gündəminin əsas mövzusu olan iqlim ilə bağlı müzakirələr genişlənib, maraqlı tərəflər daha intensiv danışıqlar vasitəsilə mövcud problemlərin həllinə nail olmağa çalışırlar. Bakı İqlim Fəaliyyəti Həftəsi bu baxımdan xüsusi önəm kəsb edir. Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) konkret iqlim həllərinin hazırlanmasına və yeni investisiya imkanlarının yaradılmasına xidmət edən platformadır.

5 günlük müzakirələrdə iqlim maliyyəsinə çıxışın yaxşılaşdırılması, yaşıl keçidin sürətləndirilməsi, enerji səmərəliliyinin artırılması, istixana qazı emissiyalarının azaldılması, şəffaflığın gücləndirilməsi, davamlı investisiyaların təşfiqi, iqlimə uyğunlaşma və dayanıqlılığın artırılması prioritet mövzular idi.
Biznes və özəl sektora münasibətdə yaşıl transformasiyaya keçid, davamlı investisiyaların artırılması, korporativ ekoloji məsuliyyətin gücləndirilməsi, innovativ texnologiyalara sərmayə qoyuluşunun təşviqi kimi mövzular gündəmdə oldu.
Şübhəsiz ki, qəbul edilmiş öhdəliklərin real nəticələrə çevrilməsi, maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi baxımından Bakı artıq təcrübə və ideyaların paylaşılması platformasına çevrilib.
Bakı yalnız beynəlxalq müzakirələr üçün platforma yaratmır, eyni zamanda müzakirə olunan iqlim gündəliyini milli səviyyədə həyata keçirilən enerji transformasiyası ilə əlaqələndirir. Bu baxımdan Azərbaycanın üzərinə götürdüyü kifayət qədər ambisiyalı hədəfləri vurğulamaq olar. Azərbaycan bir tərəfdən ənənəvi enerji təhlükəsizliyinin qorunmasında fəal rol oynayır, digər tərəfdən bərpaolunan enerji mənbələrinə və yeni enerji infrastrukturuna sərmayə qoyur.

Oxucular üçün haşiyə çıxaraq bildirək ki, yaşıl enerjiyə keçid ənənəvi enerji mənbələrindən imtina demək deyil. Reallıq göstərir ki, bu mümkün də deyil çünki elə sahələr var ki, yüksək həcmdə elektrik enerjisi tələb edir. Enerji keçidi zamanı bütün tələbatı yalnız bərpaolunan mənbələr hesabına təmin etmək hazırda real deyil. Odur ki, artıq ölkələr həm daxili tələbatı ödəmək, həm də beynəlxalq öhdəliklərə əsaslanaraq yeni yanaşmalar ortaya qoyurlar. Məsələn, Azərbaycan 2032-ci ilə qədər günəş və külək enerjisi istehsalını 8 GVt-a çatdırmağı hədəfləyir. Bu o deməkdir ki, Bərpaolunan enerjinin elektrik istehsalında payının artması daxili tələbatın daha böyük hissəsinin yaşıl enerji hesabına qarşılanmasına, bununla da təbii qazın bir hissəsinin ixraca yönəldilməsi üçün əlavə imkanların yaranmasına səbəb ola bilər. Gələcəkdə Xəzər dənizindən külək enerjisinin əldə olunması və ixracı da gündəmdədir. Əldə etdiyimiz məlumata görə, layihələr müzakirə mərhələsindədir.
Beləliklə, COP29 Bakıda başa çatdı, amma Bakının iqlim missiyası başa çatmadı. Əksinə, indi əsas mərhələ başlayır: qəbul edilmiş qərarları nəticəyə, dialoqu investisiyaya, yaşıl keçidi isə real iqtisadi üstünlüyə çevirmək. Azərbaycanın qarşısında duran əsas hədəf məhz budur-iqlim diplomatiyasındakı mövqeyini qorumaqla yanaşı, Bakını qlobal iqlim gündəliyində qərarların müzakirə olunduğu deyil, həllərin formalaşdırıldığı və həyata keçirildiyi mərkəzlərdən birinə çevirmək.

Nigar Həsənli
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ