İnsanlara hürriyət, millətlərə istiqlal!

Danışıqlar ABŞ-nin zaman qazanması üçündür  

ABŞ İranla danışıqları davam etdirməyə sadiqdir və Tehranın Vaşinqtonla razılaşma əldə etməyi hədəflədiyinə inanır.

Bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib:
"Bu, bir gecədə həll ediləcək bir problem deyil. Amma bəli, inanıram ki, masada oturduğumuz insanlar razılaşmaq istəyirlər. Və bilirəm ki, ABŞ prezidenti bizə vicdanla danışıqlar aparmağı tapşırıb. Biz bunu etmişik. Biz bunu etməyə davam edəcəyik".

Onun sözlərinə görə, ABŞ İrana nüvə silahı proqramından qəti şəkildə imtina etməsi müqabilində "qlobal iqtisadiyyata qoşulmaq" imkanı təklif edir: "Bu, onun (prezident Donald Trampın-red.) İrana təklif etdiyi güzəştdir. Biz danışıqlar aparmağa və bunu reallaşdırmağa çalışacağıq, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün əla olardı. Buna görə də mən bunun reallaşması üçün mübarizə aparacağam".

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts da ölkəsinin İranla anlaşmaya meylləndiyini təsdiqləyən açıqlama verib. O deyib ki, Vaşinqton və Tehran sonda sülh razılaşmasına nail ola biləcəklər, çünki hər iki tərəf bunda maraqlıdır: "Düşünürəm ki, prezidentin dediyi kimi, hər iki tərəf müxtəlif səbəblərdən bunda maraqıdır".

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Vitse-prezidentin bəyanatı və digər ABŞ rəsmilərinin dünəndən başlayaraq səsləndirdikləri bəyanatlar Ağ Evin müharibədən geri çəkildiyini və İrana güzəştlərə hazır olduğu təsəvvürünü yaratsa da danışıqlar prosesi zaman qazanmaq üçün də ola bilər:

“Ağ Ev Hörmüz boğazının blokadasının gözlənilən nəticəni verməyəcəyini hesablayır və buna görə də danışıqlara qayıdır. Tramp administrasiyası taktikasını dəyişərək İranla yenidən danışıqlara başlayır. Lakin nə qədər ki, danışıqlar prosesində İsrail masada deyil, danışıqların ciddi nəticəsi olmayacaq. Ola bilər ki, müəyyən müddətə atəşkəs davam etsin, amma problem həll olunmamış qalacaq. Maraqlıdır ki, İsrail danışıqlara qarşı olduğunu açıq şəkildə göstərir. Danışıqlar prosesinin təşəbbüskarı həmişə ABŞ olub, amma danışıqları pozan da ABŞ olub. Bu dəfə Vaşinqton gözəl anlayır ki, eskalasiya yaxşı tərəfə aparmır. ABŞ-yə ciddi təzyiqlər var. Dünyada neft idxalından asılı olan dövlətlərin iqtisadiyyatına bu müharibə ciddi zərbə vurur. Həmin dövlətlər ABŞ-yə təzyiq edirlər ki, məsələni danışıqlar yolu ilə həll etsin, eskalasiyadan çəkinsin. Neft ixrac edən ölkələr də müharibəyə başlamaması üçün Amerikaya təzyiq edilər. Bu və digər proseslər göstərir ki, ABŞ gündən-günə təklənir. Ona görə də müharibə ritorikasını danışıqlar ritorikası ilə əvəz edir”.

Bununla belə politoloq onu da deyib ki, ABŞ bir tərəfdən danışıqlara hazırlaşır, o biri tərəfdən öz ordusunu İrana doğru yönləndirib:

“Peyk görüntüləri və verilən açıqlamalar bunu deməyə əsas verir. Ola bilsin ki, danışıqlar nəticə verməsə ABŞ hərbi eskalasiyaya başlayacağı xəbərdarlığını bu şəkildə edir”.

Etibar Seyidağa
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR