İnsanlara hürriyət, millətlərə istiqlal!

"Demokratlar hakimiyyətə gəlsə, İran..." - SON DƏQİQƏ AÇIQLAMASI

"İran demokratların hakimiyyətə qayıtması ümidi ilə ABŞ ilə münaqişəni uzatmağa çalışır, çünki onlar Tehranın nüvə silahı əldə etməsinə faktiki olaraq icazə verəcəklər".

Bu iddianı ABŞ prezidenti Donald Tramp "Fox News"a verdiyi müsahibədə irəli sürüb.

"Onlar məndən yaxa qurtarmaq üçün əllərindən gələni etməyə çalışırlar, çünki düşünürlər ki, demokratlar onlara nüvə silahı əldə etməyə faktiki olaraq icazə verəcəklər. Onların nüvə silahı olmayacaq", - Tramp bildirib.

TRAMPP.jpg (91 KB)

Ağ Ev rəhbəri həmçinin əvvəlki fəaliyyəti olmasaydı, Tehranın artıq nüvə silahına malik olacağını deyib.

Bu iddialarda həqiqət payı varmı? Demokratlar İrana nüvə silahı əldə etmək icazəsi verə bilərmi?

OQTAY.jpg (12 KB)

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Donald Trampın hazırkı çıxışlarına daha çox seçkiöncəsi ABŞ-nin daxili siyasəti prizmasından baxmaq daha düzgün olar:

"ABŞ aralıq seçkilərinə qədəm qoyub və çox sərt şəkildə seçki kampaniyası gedir. Həm respublikaçılar, həm də demokratlar əllərindəki bütün imkanlardan istifadə etməklə rəqibi zəiflətməyə çalışırlar. O baxımdan Trampın da bütün məqsədi mümkün qədər demokratları tənqid etməkə onları nüfuzdan salmaq və seçkilərdə uğur qazanmalarına imkan verməməkdir. Onun demokratların İrana nüvə silahı yaratmağa icazə verəcəkləri iddiası həqiqəti əks etdirmir. Çünki 1990-cı illərdən bəri demokrat prezidentlər İranla danışıqlarda onun nüvə silahına sahib olmasına icazə verəcəkləri barədə mövqe ortaya qoymayıblar. Sadəcə olaraq, demokratların dönəmində ABŞ İranla müharibə əvəzinə dialoqla məsələləri həll etməyə çalışıb. 2015-ci ildə Barak Obama hakimiyyəti zamanı bu istiqamətdə ciddi addım atılmışdı və İranla böyük altılıq dövlətləri arasında anlaşma imzalanmışdı. Bu da gərginliyi müəyyən qədər azaltmışdı. Tramp birinci dəfə hakimiyyətə gələndən sonra 2018-ci ildə İranla razılaşmadan çıxdı və vəziyyət gərginləşmə xətti götürdü".

Politoloq hesab edir ki, İran nüvə silahına malik olmaqla çəkindirici güc əldə etmək istəyir, ABŞ isə buna imkan verməməyə çalışır:

"Hakimiyyətə demokratlar gəlsələr belə, ABŞ bu mövqeyində qalacaq - İrana nüvə silahı əldə etməyə imkan verməməyə çalışacaq. Ona görə də bu gün Donald Trampın iddiasına seçkiöncəsi daxili siyasi mübarizə çərçivəsindən baxmaq lazımdır. ABŞ-də nə respublikaçıların, nə də demokratların nümayəndəsi olacaq prezidentin İranın nüvə silahı yaratmasına razı olacağı inandırıcıdır".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR