Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Respublikasında ümumi təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi ətrafında cərəyan edən müzakirələr sadəcə geyim forması məsələsi olmaqdan çıxaraq, ölkənin dövlətçilik prinsipləri, dünyəvilik modeli, milli-mənəvi dəyərləri və milli təhlükəsizlik prioritetləri çərçivəsində dərin təhlil tələb edən kompleks bir mövzuya çevrilib. Azərbaycan konstitusiya quruluşuna görə dünyəvi dövlətdir və bu prinsip dövlət təhsil sisteminin təməl sütununu təşkil edir. Məktəblərdə müəyyən olunmuş vahid geyim qaydaları heç bir halda vətəndaşların dini etiqad azadlığının məhdudlaşdırılması və ya baş örtüyünə ümumi qadağa kimi qiymətləndirilməməli, yalnız dövlətin təhsil müəssisələri üçün müəyyən etdiyi hüquqi-inzibati standartlar çərçivəsində baxılmalıdır. İnsanların gündəlik həyatda öz dini inanclarına uyğun yaşaması ilə dövlətin təhsil siyasətinə riayət etməsi iki tamamilə fərqli müstəvidir və bu incə sərhədin pozulmasına yönəlmiş cəhdlər dövlət siyasətinin mahiyyətinə ziddir”.
Bu sözləri Musavat.com-a açıqlamasında deputat Kamran Bayramov bildirib.

Parlamentari diqqətə çatdırıb ki, məktəbli geyimi ətrafında süni şəkildə yaradılan gərginliyin arxasında duran əsas amillərdən biri bəzi dairələrin məsələni bilərəkdən dindarlıq və dünyəvilik qarşıdurması kimi qələmə vermək cəhdidir:
“Bununla yanaşı, valideynlər və maarifləndirmə subyektləri arasında qanunvericiliyin tələbləri ilə bağlı informativ boşluqların olması, radikal ideologiyaların təsirinə açıq qrupların bu mövzudan manipulyasiya vasitəsi kimi istifadə etməsi gərginliyin artmasında mühüm rol oynayır. Dünyəvi təhsil prinsipi təhsil müəssisələrində hər hansı dini, siyasi və ya ideoloji simvolikanın tətbiqini istisna edir və uşaqlar üçün bərabər, sosial fərqliliklərdən uzaq, sağlam təlim-tərbiyə mühitinin formalaşmasına xidmət edir. Eyni zamanda, Azərbaycan dövlətinin təhsil və gənclər siyasətinin mühüm istiqaməti dünyəvilik prinsipi ilə milli-mənəvi dəyərlərin, Azərbaycan ailə modelinin və vətənpərvərlik ruhunun uzlaşdırılmasını təmin etməkdir. Dünyəvilik dinə qarşı mübarizə deyil, dövlətin və təhsilin neqativ dini-siyasi təsirlərdən mühafizə olunmasıdır. Gələcək nəslin həm müasir elmi biliklərə yiyələnməsi, həm də milli-mənəvi köklərinə, vətənpərvərlik ideallarına sədaqətlə böyüməsi üçün təlim-tərbiyə prosesində milli dəyərlərin sistemli şəkildə təbliğ olunması müstəsna əhəmiyyət kəsb edir. Uşaqların radikal çağırışlara, dini-siyasi manipulyasiyalara, zorakılığa və qanunsuz fəaliyyətə cəlb edilməsi riskinin qarşısını almaq üçün məktəb, ailə və cəmiyyət üçbucağında sıx əməkdaşlıq mexanizmi qurulmalı, uşaqların ideoloji cəhətdən şüurlu, tənqidi təfəkkürə malik vətəndaş kimi yetişməsinə diqqət artırılmalıdır”.
Kamran Bayramovun fikrincə, məktəblərdə baş verən etiraz görüntülərində və gərginliklərdə xarici müdaxilə, təxribat və idarəolunan təsir ehtimalları dövlətin müvafiq qurumları tərəfindən hərtərəfli və faktlara əsaslanan şəkildə araşdırılmalıdır:
“Şərqlə Qərbin kəsişməsində yerləşən və müstəqil xarici siyasət yürüdən Azərbaycanın daxili sabitliyini sarsıtmaq, təhsil mühitini təxribat meydanına çevirmək cəhdləri qarşısında dövlət qətiyyətli mövqe nümayiş etdirməlidir. Mümkün xarici təhdidlərə və informasiya manipulyasiyalarına qarşı hüquqi və profilaktik tədbirlər gücləndirilməli, dövlətin qəbul etdiyi qanuni qərarların, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası təmin olunmalıdır. Beləliklə, xarici müdaxilə və ideoloji təxribatların qarşısının alınmasında dövlət və cəmiyyət vahid, prinsiplərə söykənən birgə mövqedən çıxış etməlidir. Dövlət bir tərəfdən qanunun aliliyini, təhsil müəssisələrində nizam-intizamı və uşaqların təhlükəsizliyi ilə təhsil hüququnu qorumalı, digər tərəfdən holdsuz kütləvi maarifləndirmə işləri aparmalıdır. Cəmiyyət və valideynlər isə uşaqların gələcəyinin hər cür siyasi və ya dini şüarlardan üstün olduğunu dərk edərək, dövlətin təhsil siyasətinə dəstək verməli, təxribatçı çağırışlara qarşı həssaslıq nümayiş etdirməlidir. Yalnız bu şəkildə Azərbaycan məktəbi ideoloji qarşıdurma məkanı deyil, bilik, tərbiyə və milli həmrəylik qalası kimi öz tarixi missiyasını uğurla davam etdirə bilər”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ