Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadası getdikcə daha ciddi xarakter alır.
Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, avqustun 12-dək ABŞ hərbçiləri İran limanlarına gedən və ya oradan çıxan 59 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3 gəmini sıradan çıxarıb, daha 2 gəmidə isə hərbi müdaxilə həyata keçirib. Avqustun 9-da marşrutu dəyişdirilən gəmilərin sayı 55 idi.
Bu rəqəmlər göstərir ki, Vaşinqtonun tətbiq etdiyi blokada artıq sadəcə siyasi təzyiq vasitəsi deyil, İranın xarici ticarətinə və iqtisadi damarlarına birbaşa təsir göstərən hərbi mexanizmə çevrilir.
Bəs dəniz blokadasının sərt xarakter alması İranı məğlubiyyət bayrağı qaldırmağa məcbur edə bilərmi?
Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Blokadanın əsas hədəfi İranın iqtisadiyyatıdır:
“İranın ən həssas nöqtələrindən biri enerji ixracıdır. Ölkənin neft gəlirlərinin azalması dövlət büdcəsinə, valyuta ehtiyatlarına, idxal imkanlarına və ümumilikdə iqtisadi sabitliyə ciddi təsir göstərə bilər. Bu baxımdan ABŞ üçün dəniz blokadasının əsas məqsədi İranın hərbi obyektlərini məhv etməkdən daha geniş ola bilər. Hədəf Tehranın müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaqdır”.
Ekspertin sözlərinə görə, blokada uzun müddət davam edərsə, İranın neft ixracı və digər kommersiya fəaliyyətləri əhəmiyyətli dərəcədə azalacaq:
“Bunun nəticəsində ölkə daxilində inflyasiya, valyuta çatışmazlığı və sosial-iqtisadi narazılıq daha da arta bilər. Lakin məsələ bununla bitmir. İranı tam təcrid etmək mümkün deyil. Çünki İranın coğrafi mövqeyi və qonşu dövlətlərlə əlaqələri onun tam blokadaya alınmasını çətinləşdirir. Tehran quru sərhədlərindən, alternativ ticarət marşrutlarından, qeyri-rəsmi maliyyə kanallarından və neft daşıyan “kölgə donanması”ndan daha çox istifadə etməyə çalışa bilər.
Xüsusilə Çin faktorunu da nəzərə almaq lazımdır. Əgər Çin və digər ölkələr İran neftini almağa və alternativ kanallarla daşınmasını təmin etməyə davam edərlərsə, ABŞ-ın blokadasının iqtisadi effekti müəyyən qədər zəifləyə bilər.
Bu səbəbdən blokadanın effektivliyi təkcə ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanlarından deyil, İranın beynəlxalq iqtisadi sistemdə özünə alternativ kanallar tapmaq qabiliyyətindən də asılı olacaq. Blokada İranı zəiflədə bilər, amma avtomatik olaraq təslim etdirə bilməz”.
Etibar Seyidağa,
Musavat.com
14 Avqust 2026
13 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ