İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan QALMAQALLI qanunla bağlı AÇIQLAMA

"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ətrafında bir neçə il əvvəl yaranan mübahisələr yeni qanunvericilik təşəbbüsü fonunda yenidən gündəmə gəlib. Xüsusilə süni mayalanma və daşıyıcı analıq məsələlərinə Qafqaz Müsəlmanları İdarəsinin əvvəlki etiraz mövqeyinin dəyişmədiyi açıqlanıb. QMİ-dən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı səsləndirilən dini iradlar qüvvədə qalır və yeni layihə hələ İdarəyə təqdim edilməyib.

Beləliklə, yeni qanun layihəsinin hazırlanması fonunda hüquqi, tibbi və dini yanaşmaların necə uzlaşdırılacağı sual doğurur.

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:“Burada məsələnin kökünə getmək, problemin səbəbini araşdırmaq lazımdır. Problemin səbəbi nədir, kökündə nə dayanır – bunları müəyyənləşdirmək vacibdir. Məsələləri qarşı-qarşıya qoymaq da düzgün deyil, səbirlə, təmkinlə yanaşmalıyıq.

Söhbət ondan gedir ki, Qafqaz Müsəlmanları İdarəsinin mövqeyi dini mövqedir. Nəzərə alsaq ki, Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları təmsil edən qurumdur, onun məsələyə İslam dini nöqteyi-nəzərindən yanaşması normaldır.

Parlamentə gəldikdə, məsələyə dövlət aspektindən yanaşdıqda isə dövlətin mövqeyi ondan ibarətdir ki, beynəlxalq təcrübə və bu sahədə mövcud beynəlxalq praktika nəzərə alınaraq Azərbaycanda da belə bir qanunun qəbul edilməsinə, bu istiqamətdə addım atılmasına ehtiyac var.

O mənada hesab edirəm ki, hər iki tərəfin öz arqumenti və yanaşması var. Bu gün Qafqaz Müsəlmanları İdarəsi bu məsələni dəstəkləyə bilməz, çünki İslam nöqteyi-nəzərindən buna fərqli baxış var. Dövlətin yanaşması isə ondan ibarətdir ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə bu cür qərarların qəbulunda beynəlxalq praktika və təcrübə nəzərə alınır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR