Onlayn ictimai-siyasi qəzet
Srağagün mənə ölkə gündəminin əsas mövzusu ilə səsləşən bir əhvalat danışıblar. Bir az ibrətamiz, bir xeyli də məzəli olaydır. İndi onu qulluğunuza ərz edirəm.
Deməli, bir neçə il öncə yaşı 40+ olan dörd dost-yoldaşın güzarı Göyçay tərəflərə düşür. Ağsu aşırımından keçəndə qrupun kapitanı deyir ki, dönək, “bir qısmat çörəh yeyək”. Aşırımdakı yaxşı mənzərəli, nisbətən geniş bir restoranın qarşısında saxlayır, bir küncdə masaya əyləşir, ofisiantı çağırırlar. Qaqaş qaçaraq gəlir, qonaqların yanına çatanda qrupun lideri əliylə restoranın səsgücləndiricisindən gələn musiqi sədalarına işarə edərək üzünü bozardır: “Bu, nə çal-çağırdır, əə, məhərrəmliyin bu günündə? Utanıb-qızarmırsınız? Bütün ölkə imamlara yas tutur, siz burda xoddamısınız diringimi. Yezidsiniz, əə, Şümürsünüz?”
Gənc ofisiant məlul-müşkül halda baxır, bilmir nə desin. Qonaq əmr edir: “Dərhal get, batır onun səsini, qayıt gəl”.
Oğlan getmək üçün tərpənir, iki addım atan kimi qonaq arxadan sakitcə deyir: “Gələndə iki dənə araq gətir”.
Həmin qrupda olan və bu əhvalatı danışan qardaş deyir, bu qəfil dönüşlərdən şoka düşdük, dedik, sən canın, o nə çıxış idi, bu nə sifarişdir, tövrünü pozmadan cavab verdi ki, bu işin o işə dəxli yoxdur.
“Ölkə bu cür kitayski din təəssübkeşləri ilə doludur, ona görə də buralarda dini fanatizm yeriməz. Bizimki budur, monqollardan bolşeviklərə qədər hamını yola vermişik, demişik, hə, yaxşı, düz deyirsiniz, amma bildiyimizi də etmişik”, - o, bu sözü öz söhbətinin rezümesi edərək dedi.
Əslində onun dediyi tiplərdən hamımız hər gün görürük. İlin on ayını yeyib-içib gəzən adamlar var, Ramazanda və məhərrrəm-səfər aylarında spirtli içki içmirlər ki, günahdır, hətta oruc tuturlar. 11 ayın sultanı çıxandan sonra qaldıqları yerdən davam edirlər – ta yeni ibadət mövsümünə qədər. Özü də bu adamlar yeri gələndə ateistlərlə dalaşır, onlara “dinsiz”, “kafir” deyirlər.
1 ay öncə “Çevik” ləqəbli Məqsədin (hökumət qapısını açsın, içəridədir) çıxışı ilə bağlı dindar-ateist söhbəti qızışanda gənc və perspektivli yazarlarımızdan biri sosial şəbəkədə yazmışdı ki, namaz qılmır, oruc tutmur, içir, çəkir, o biri günah işləri də edir, amma Allaha inanır və müsəlman olmasına görə şükür edir.
İndi bu möminlik oldu? Sənin inandığın Allah buyurur ki, müsəlman olan kəs ibadət etməlidir, zərərli vərdişlərdən uzaq olmalıdır, yalan danışmamalıdır, mərdiməzarlıq, qeybət etməməlidir, söyüş söyməməlidir, “o biri günah işlərlə” (yəni zina) məşğul olmamalıdır, amma sən bunları edir, Allaha qarşı çıxırsan və özünü inanclı müsəlman elan edirsən. O tərəfdə bu günah işlərin heç birini etməyən ateist olur pis adam. O cəhənnəmdə yanacaq, sən bu qədər günah işlər görə-görə cənnətə gedəcəksən?
Cənnətə düşmək üçün şərtlər nə qədər asan imiş. Özünü inanclı elan et, hər pəstəhadan çıx və ümidini saz elə. Bu, təxminən dövlət başçısına sədaqət andı içərək korrupsiya ilə məşğul olmağa, axırda bağışlanacağına ümid etməyə bənzəyir.
Amma ölkədə öz inancına fanatikcəsinə, hərfbəhərf riayət edən dindarlar da var: içməzlər, çəkməzlər, “o biri günah işlər”ə meyl etməzlər, bütün dini ayinləri dəqiq yerinə yetirərlər, Ramazanda 30 gün oruc tutarlar, Qurban bayramında qoç alıb kəsər, ətini möhtac insanlara paylayarlar və s. Onlar sutkanın 16 saatını dinlə nəfəs alırlar, yatanda yuxularında da dini motivli röyalar görürlər. Yəni özlərini tamamilə dinə-imana bağlayıblar – həyat tərzləri budur.
İntəhası, bu həyat tərzinin də bəzi minusları var. Daha yüksək rütbəli bir din xadimi ortaya çıxıb fətva verəndə, kimisə kafir edəndə belə şəxslər dərhal inanırlar və o əmri yerinə yetirirlər.
Yenə köhnə vaxtlardan və müşahidə etdiklərimizdən misal gətirək. 6-7 il öncəydi, cümə günüydü, saat 12 radələri idi, redaksiyada oturub işləyir, saytı yeniləyirdik. Birdən əməkdaşlarımızdan biri saata baxıb soruşdu ki, Pakistanda məsciddə terror xəbəri qoymuşuqmu. Dedik, elə bir xəbər yoxdur. Əməkdaşımız dedi, nə əcəb yoxdur, balam, hər cümə günü bu vaxtlar olurdu axı.
Heç 20 dəqiqə çəkmədi, o xəbər gəldi: 64 ölü, 156 yaralı...
Bax, hər həftə Pakistanın hansısa məscidində və ya camesində bu cür terror aktlarını məzhəblərdən birinə könül vermiş fanatiklər törədirdi. Onlar ürəkdən inanırdılar ki, qarşı məzhəbə qulluq edənlər kafirdir, ölümü haqq edən adamlardır, belələri yaşamamalıdırlar, çünki kitabda yazılıb ki, kafirləri harada görsəniz, öldürün. Tərs kimi, o “kafir” adlanan möminlər də hər cümə günü Allahın evində yığışırlar.
**
Belə işlər var. Ölkə araq badəsini başına çəkməzdən əvvəl “bismillah” deyən “mömin”lərdən ibarət deyil, hər düşüncədə olanı, heç bir düşüncəsi olmayanı var.
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ