İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Türk dünyası ilə bağlı SENSASİON çağırış

Milli Məclisin deputatı Fariz İsmayılzadə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakıda təşkil etdiyi “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq baxış” adlı panel iclasında bir sıra vacib məqamlardan bəhs edib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, dünyada baş verən yeni geosiyasi xəritənin cızılması, sərhədlərin dəyişməsi, yeni təhlükəsizlik arxitekturası bizi narahat edir:

“Əminəm ki, bu proseslər Türkiyə siyasi dairələrini də narahat edir. Bu proseslərin sonu necə olacaq, dünya xəritəsi necə cızılacaq, hansı yeni təhlükəsizlik konfiqurasiyası yaranacaq - bunlar hələ də tam bəlli deyil. Burada Türkiyə-Azərbaycan münasibətlərini nəzərə alsaq görərik ki, bizim aramızda Şuşa Bəyannaməsi var və Azərbaycanın təhlükəsizliyi bilavasitə Türkiyənin təhlükəsizliyi ilə bağlı olan məsələdir. Təbii ki, bölgəmizə qonşu Rusiya-Ukrayna, ABŞ-İran müharibəsi, Körfəzdəki böhran Türkiyə üçün də yeni risklər, yeni narahatlıq doğuran məqamlar çıxır. Amma bununla belə, yeni imkanlar da yaradır. Son dövrlərdə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı yeni müqavilə imzaladılar. Bu fəaliyyətin nəticəsi olaraq həm Yaxın Şərqdə, həm Şərqdə yeni müttəfiqliklər, yeni alyanslar yaranır. Bu da, düşünürəm ki, Türkiyə üçün yeni imkanlar açır”.

Fariz İsmayılzadə qeyd edib ki, digər tərəfdən, qonşuluğumuzda baş verən proseslər yeni enerji xəritəsi yaradır:

“Bu münasibətlər də Türkiyə üçün yeni imkanlar açır. Amma eyni zamanda yeni risklər də yaradır. Hesab edirəm ki, Azərbaycan və Türkiyə öz hərbi ittifaqını maksimal dərəcədə genişləndirməli və dərinləşdirməlidir. Çox ümid edirəm ki, bu proseslərdən, yeni geosiyasi proseslərdən həm Türkiyə, həm Azərbaycan daha güclü çıxacaq.

İkinci məsələ texnologiya haqqındadır. Dünyada texnologiya, xüsusilə süni intellekt çox sürətlə dəyişir. Texnologiyanın dəyişməsi həm hərbi sənayeyə, həm dövlət təhlükəsizliyinə, həm də müharibələrin aparılma metodologiyasına çox böyük təsir edir. Xüsusilə ordulara böyük təsir edir. Yəni ənənəvi ordu quruculuğu, ənənəvi müharibə metodları artıq dəyişib. Yeni texnologiyalar, yeni metodlar ortaya çıxıb. Biz buna nə qədər hazırlaşırıq, nə qədər birgə addım atacağıq - bu da böyük sual altındadır”.

Milli Məclisin üzvü Türkiyənin böyük hərbi sənaye təcrübəsinin olduğunu və innovasiya, rəqəmsallaşma sahəsinin daha da inkişaf etdiyini bildirib:

“Bu sahədə də Azərbaycan və Türkiyə birgə addımlar atmalıdır ki, biz gələcək müharibələrə, risklərə daha hazırlıqlı olaq. Digər tərəfdən, texnologiyanın hərbi sənayeyə tətbiqinə hazır olaq. Mən düşünürəm ki, gələcəyin müharibələri indiki əsrin müharibələrindən çox fərqli olacaq. Biz buna da hazırlaşmalı olacağıq”.

F.İsmayılzadə qeyd edib ki, Türk dünyasının inteqrasiyasında yeni sahələrə də diqqət yetirməli və yeni addımlar atmalıyıq:

“Düşünürəm ki, gələcəkdə hərbi sənayeyə diqqət yetirməliyik, birgə hərbi təlimlərə diqqət etməliyik. Ümumiyyətlə, Türk Ordusu konsepsiyasını nəzərə alaraq, biz ölkələrimizin, Türk dünyasının ordu quruculuğuna böyük diqqət etməliyik, birgə hansısa müdafiə sənayesini inkişaf etdirməliyik, birgə təhlükəsizlik addımları atmalıyıq regionda baş verən risklərə qarşı. Yəni hərbi, hərbi-sənaye və gələcəyin sahələrinə də çox böyük diqqət etməliyik.

Əməkdaşlıq sahəsində önəmli istiqamətlərdən biri də təhsil sahəsində olmalıdır. Çünki indiyə qədər, baxmayaraq ki, Türkiyə-Azərbaycan Universitetini yaratmışıq, indiyə qədər Türk dünyasında bir tələbə olsun birgə magistr və ya bakalavr proqramı yoxdur. Yəni ortaq proqramlar yoxdur. Mübadilə proqramları kifayət qədər zəif inkişaf edib. Mən düşünürəm ki, tədqiqat sahəsində daha çox işlər görə bilərik. Yəni təhsilin tədqiqat və innovasiya sahələrində birgə addım atmaq Türk dünyasının inteqrasiyasına çox böyük təkan verəcək”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR