İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dinimizdə fal, bürc haramdır, böyük günahlardandır"

Son illərdə fal, bürc, astrologiya və müxtəlif mistik inanclara marağın artması cəmiyyətdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Xüsusilə sosial şəbəkələrdə bürclərlə bağlı paylaşımlar, astroloji proqnozlar, fal videoları və müxtəlif mistik məzmunlar geniş auditoriyaya çatır. Bəzi insanlar bu məzmunlara əyləncə kimi yanaşsa da, digərləri həyatları, münasibətləri, gələcəkləri və mühüm qərarları ilə bağlı bu cür proqnozlara ciddi əhəmiyyət verirlər.

Məsələyə dini baxımdan yanaşdıqda isə falçılıq, gələcəyi bilmə iddiası və astrologiyanın insanın taleyinə təsiri ilə bağlı fərqli suallar ortaya çıxır. Bəs İslamda fal, bürc və astrologiyaya münasibət necədir? İnsanların gələcəkləri ilə bağlı bu cür proqnozlara inanması dini baxımdan necə qiymətləndirilir? İnsanların mistik inanclara yönəlməsinin səbəbləri nələrdir və bu marağın artması onların dini dünyagörüşünə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, fal, bürc və cadugərlik kimi batil inancların yayılmasının əsas səbəblərindən biri dini bilməməzlikdir.

Onun sözlərinə görə, insanların dini məsələlərdə kifayət qədər məlumatlı olmaması onları bu cür inanclara yönəldir:

“Dinimizdə fal, bürc və belə şeylər haramdır, böyük günahlardandır. Yəni bürc nədir? Ulduz deməkdir. Ulduz sənin həyatını dəyişə bilməz. Allah-Təala Qurani-Kərimdə and içir: “Vəs-səmai vəl-büruc”, and olsun səmaya və bürclərə.

Amma ulduz guya insanın həyatını dəyişəcək, həyatına görə filan bürcdən olan insanın başına filan hadisə gələcək. Bunların hamısı xurafatdır, İslam dini ilə əlaqəsi yoxdur. Bu, batil etiqaddır, İslam etiqadı deyil. İnsanlar fal, bürc və belə şeylərə inanmağın dinimizdə haram və böyük günahlardan olduğunu bilmədikləri üçün bunlara üz tuturlar.

Təəssüf ki, bu cür inanclar sosial şəbəkələrdə də geniş yayılır. Əvvəllər insanlar belə şeyləri öyrənmək üçün müəyyən şəxslərin yanına gedirdilər və yaxud haradasa oxuyurdular. İndi isə hər şey hazırdır.

Xüsusilə sosial şəbəkələrdə, ən çox da TikTok-da belə hallar çoxalıb. Hətta falçılar belə çoxalıblar. Bir səhifə açırlar, orada insanları aldadırlar.

İnsanlar birinci növbədə dini bilməməzlikdən bu yola üz tuturlar. Digər tərəfdən, onları elə aldadırlar ki, guya bunu etdikdə onların işi tez həll olunacaq, problemi aradan qalxacaq. Kimsənin problemi, sıxıntısı varsa, insan Allaha dua etməli, səbirli olmalı, Allaha yalvarmalı və dinimizin buyuruqlarına əməl etməlidir. Amma falçılar, bu işlə məşğul olanlar, bürc və sairə ilə məşğul olanlar insanları elə aldadırlar ki, guya bunu etdikdə onun işi dərhal həll olunacaq.

İnsan da daha asan yolu seçir ki, “Mən bunu edim və ya buna inanım, cadugərlik, falçılıq, bürc və belə şeylərlə məşğul olum, tez mənim işim düzəlsin”. Rahat yol axtarırlar. Halbuki bu, düzəlmə yolu deyil. Əksinə, bu, insanın imanına təsir edir. Allah qorusun, insan imanını itirə bilər, imanı zəifləyər və nəticədə heç bir problemi də həll olunmaz.

Yəni cahillikdən, cəhalətdən, bilməməzlikdən və günümüzdə sosial şəbəkələrin geniş yayılmasından bəziləri istifadə edirlər. Gecə-gündüz belə batil inancları təbliğ edirlər.

Allah islah eləsin. Ona görə də bir müsəlman Qurani-Kərimi oxusun, görsün Allah bu barədə nə buyurur, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) nə buyurub. İnsanlar belə şəxslərə inanmasınlar.

Onların çoxu, görünür, cadugərlik və falçılıqla məşğul olan şəxslərdir. İnsanlar onların yanına gedirlər, daha da bədbəxt olurlar, heç bir işləri də düzəlmir. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur ki, kim qəlbini Allahdan başqa bir şeyə bağlayarsa, Allah onu tərk edər.

Bəzən görürük ki, insan qolundan göz muncuğu asır ki, bu onu xilas edəcək. Kim belə şeylərə inanırsa, Allah onu tərk edər. Yəni Allah insanı Öz inayətinin altından çıxarar, qorumaz. O insanın başına müsibətlər, bəlalar gələr, sonra deyər ki, “Axı mən belə elədim, niyə olmadı?”

Bəzən deyirlər ki, “Mən bunu belə elədim, amma daha da pis oldum”. Çünki sən Allahdan uzaqlaşmısan, Allahın buyuruqlarından uzaqlaşmısan. Bu, batil inancdır. Belə şeylərdən insanlar uzaq dursun, tövbə etsin, Allaha sığınsın, Allaha yalvarsın, Allaha dua etsin.

Digər səhlənkarlıq isə, təəssüf ki, ilahiyyatçıların və dini xadimlərin bu barədə çox az danışmasıdır. İnsanları bu barədə xəbərdar etməlidirlər. Çıxışlar etməli, vəz verməli, moizə oxumalıdırlar. Bu barədə çox az danışırlar. İnsanlar çəkinsinlər”, - deyə ilahiyyatçı fikrini tamamlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR