Onlayn ictimai-siyasi qəzet
Azərbaycan vətəndaşlığından çıxanların sayı barmaqla sayılacaq qədər azdır. Musavat.com yada salır ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediaturda deyib.
Vüsal Hüseynov ölkədəki ümumi təhlükəsizlik mühitinə də toxunaraq qeyd edib ki, Azərbaycanda adambaşına düşən əcnəbilərə yönəlik cinayətlərin sayı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır.
Deputat Azər Allahverənov isə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya, Ukrayna, Almaniya və İsraildən müxtəlif dövrlərdə Azərbaycan vətəndaşlığının bərpası ilə bağlı müraciətlər daxil olub: “Bu tendensiyanı müsbət qiymətləndirmək olar. Çünki Azərbaycan vətəndaşlığını yenidən əldə etmək istəyinin artması, ilk növbədə ölkənin iqtisadi inkişafı, siyasi sabitliyi, təhlükəsiz mühiti və gələcək inkişaf perspektivləri ilə bağlı formalaşan inamın göstəricisidir”.
Maraqlıdır, niyə əsasən bu 4 ölkədən qayıdışla bağlı müraciət daha çoxdur?
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli Musavat.com-a şərhində bildirib ki, Rusiya və Ukraynadan daxil olan müraciətlər müharibə şəraiti ilə bağlıdır: “5 ildir davam edən Rusiya-Ukrayna müharibəsi təbii ki, insanları narahat edir. Vətəndaşlığın yenidən bərpa olunması istəkləri anlaşılandır. İsraillə bağlı vəziyyət də fərqli deyil - daim müharibə, döyüşlər və s. İnsanlar məcburən daha təhlükəsiz yaşayış yeri axtarışındadır. Bu ölkələrdən biri də Azərbaycan ola bilər. Lakin düşünmürəm ki, vətəndaşlıq bərpa edildikdə digər ölkə vətəndaşlığından tam imtina etsinlər. Azərbaycan qanunvericiliyi buna icazə verməsə də, qadağan da etmir”.

N.Cəfərli bildirib ki, Almaniyaya gəldikdə, iqtisadi vəziyyətlə bağlı son zamanlar ciddi problemlər var: “Ancaq hər bir halda müraciətlərin sayının çox olmadığını düşünürəm. Bununla yanaşı, əks effekti də düşünmək lazımdır. Bəs Azərbaycandan nə qədər insan xarici ölkələrə köç edir? Bunu da araşdırsalar, yaxşı olar”.
Nigar Həsənli
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ