Onlayn ictimai-siyasi qəzet
Britaniya Hərbi Tarix Muzeyinin fondlarında Azərbaycanla bağlı maraqlı sənədlər və fotolar saxlanılır.
Musavat.com xəbər verir ki, bu barədə Azpostinfo məlumat yayıb. Bu materialların bir qismi 1918–1920-ci illərdə Bakıda olmuş ingilis ordusunun fəaliyyəti ilə bağlıdır.
Azpost.info-nun “Fotoxronika” layihəsində təqdim edilən fotolarda Bakıda döyüşlərdə həlak olmuş ingilis əsgərlərinin dəfn mərasimi əks olunub.
Qeyd edək ki, 1918-ci il avqustun 1-də Bakı Kommunasının süqutundan sonra şəhərdə daşnaklar və menşeviklər tərəfindən elan edilən Sentrokaspi Diktaturası İranda yerləşən ingilis qoşunlarını Bakıya dəvət etmişdi. Bu qurum cəmi 45 gün hakimiyyətdə qaldı.
Həmin dövrdə İranda yerləşən ingilis qoşunları Bakıya daxil olaraq Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna qarşı döyüşlərə cəlb olundu.
General Lionel Denstervilin göndərişi ilə polkovnik C. B. Stoksun başçılıq etdiyi ilk 44 nəfərlik hərbi hissə 4 avqustda Bakıya gəldi. Ardınca polkovnik R. Keyvortun rəhbərliyi altında daha bir hərbi birlik şəhərə çatdı. İngilis ordusu Bakıda Qafqaz İslam Ordusuna qarşı müdafiə xətti yaratmağa çalışdı və bunun üçün şəhərdəki erməni silahlı dəstələrindən və rus qüvvələrindən istifadə etdi.
15 avqust 1918-ci ildə polkovnik R. Keyvort şəhərdə intizamsızlıq, əsgərlərin özbaşına hissəni tərk etməsi, sanitar vəziyyətin ağır olması və aclığın başlanması barədə raport yazırdı. 17 avqustda Denstervilin özü də Bakıya gəldi.
Qafqaz İslam Ordusunun 14 sentyabr tarixli yekun hücumlarından sonra ingilis komandanlığı Bakıda qalmağın mümkünsüzlüyü barədə mərkəzə məlumat verdi və şəhəri tərk etmək qərarı alındı. 15 sentyabr 1918-ci ildə Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası dağıldı, Bakı Azərbaycan Demokratik Respublikasının nəzarətinə keçdi.
Bakı uğrunda döyüşlərdə həlak olmuş ingilis əsgərləri isə hazırda Şəhidlər Xiyabanı ərazisinə düşən məkanda dəfn edilib. Fotolarda ingilis bayrağına bürünmüş cənazələrin xristian ənənələrinə uyğun dəfni görünür. Ehtimal olunur ki, bu yer vaxtilə Çəmbərəkənd qəbristanlığının katolik-lüteran bölməsi olub. Hazırda həmin ərazidə “Alov Qüllələri” yerləşir.
Şəhidlər Xiyabanında isə Bakının ələ keçirilməsi uğrunda həlak olmuş ingilis əsgərlərinin xatirə lövhəsi mövcuddur.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ