İnsanlara hürriyət, millətlərə istiqlal!

DÜNYA ÇALXALANIR - ŞOK ssenari

Rusiya-Ukrayna müharibəsinin üçüncü ölkələrin ərazisinə və daha geniş coğrafiyaya yayılması ilə bağlı narahatlıqlar artır. Moskva ilə Vaşinqton arasında müharibənin dayandırılması istiqamətində aparılan təmasların hələlik nəticə verməməsi fonunda Rusiyanın NATO ölkələrindən birinə raket və ya dron hücumu ehtimalı da gündəmə gəlir. Belə bir ssenarinin reallaşması isə Ukrayna müharibəsinin Avropa miqyasında daha geniş qarşıdurmaya çevrilməsi riskini artırır. Xüsusilə Rusiyanın mümkün nüvə eskalasiyası ilə bağlı narahatlıqlar Avropa ölkələrinin gündəmində qalır.

Rusiya müharibəni genişləndirə bilərmi və Moskvanın NATO ilə birbaşa qarşıdurmaya getməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, müharibənin Avropaya yayılması ehtimalı artıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq niyyəti ilə bağlı hər hansı ciddi əlamət görünmür:

“ABŞ prezidenti Donald Trampın nümayəndələrinin Moskvaya səfərləri də nəticə vermədi. Rusiya prezidenti Vladimir Putin Trampın nümayəndələrinə hər dəfə təkrarladığı fikri bildirib: “Donbası almayana qədər müharibə dayandırılmayacaq”. Ancaq Rusiyanın Donbasın tamamının işğalını həyata keçirməsi hazırkı şərtlər altında mümkünsüz görünür. Rusiya cəbhədə verdiyi itkilərin yerini doldurmaqda çətinlik çəkir. Bu arada, Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və dron hücumu həyata keçirəcəyinə dair müzakirələr genişlənib. Kreml belə bir addım atarsa, bu, müharibənin daha geniş məkana yayılmasına səbəb olacaq. NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ehtimalını da hesablamağa çalışırlar”.

Elxan Şahinoğlu Finlandiya prezidenti Aleksandr Stubbun Rusiyanın mümkün nüvə eskalasiyası ilə bağlı açıqlamasına da diqqət çəkib:

“Stubb bir müddət əvvəl verdiyi açıqlamada Çinin Finlandiyaya Rusiyanın nüvə silahından istifadəsinin qarşısını alacağına dair zəmanət verdiyini bildirib. “Bu yay Çin xarici işlər naziri Van Yi ilə görüşdə Rusiyanın nüvə silahından istifadə məsələsini qaldırdım. O bildirdi ki, Çin buna heç vaxt icazə verməyəcək. Fikrimcə, bu, kifayət qədər yaxşı maneədir” - deyən Aleksandr Stubb Pekinin mövqeyindən razı qaldığına işarə edib. Finlandiya prezidentinin sözlərinə görə, Rusiya avropalıları gərginlik içində saxlamaqdan, onları nüvə eskalasiyası və ya NATO-ya birbaşa hücum ehtimalı barədə düşünməyə məcbur etməkdən faydalanır. Stubb Avropanın sakit və təmkinli qalmalı olduğunu vurğulayıb: “Rusiya istəyir ki, biz - avropalılar burada oturub Rusiyanın müharibəni genişləndirib-genişləndirməyəcəyini, nüvə silahından istifadə edib-etməyəcəyini və NATO-ya, yaxud Avropaya hücum edib-etməyəcəyini düşünək””.

Politoloq hesab edir ki, Finlandiya prezidenti haqlıdır, Kreml Avropa İttifaqını və NATO-nu test etməyə çalışır:

“Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması halları az deyil. Rusiyanın Ukrayna-Polşa qatarını hədəf alması da Kremlin gələcək panlarından xəbər verir. Bu vəziyyət NATO ölkələri ilə yanaşı Rusiyanın tərəfdaşları olan Belarus və Çini də narahat etməmiş deyil. Ancaq Minsk və Pekin Kremlin qərarlarına təsir etmək gücünə malik deyil. Bu baxımdan Çin xarici işlər nazirinin Finlandiya prezidentinə “Rusiya nüvə silahından istifadə etməyəcək” açıqlamasından rahat olmağa dəyməz”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR