Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki çıxışında Təhlükəsizlik Şurasında daimi üzvlük və veto hüququnun ləğv edilməsi ilə bağlı çağırışı Moskvanın sərt reaksiyasıyla qarşılaşıb. Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri institutunu və veto hüququnu təşkilatın strukturunun mühüm elementi hesab etdiyini bildirib.
Musavat.com xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında hazırda 15 üzv var, amma əsas strateji qərarlarda 5 daimi üzvün veto hüququ həlledici əhəmiyyət daşıyır.

BMT-nin məlumatına görə, Təhlükəsizlik Şurasının islahatı ilə bağlı hökumətlərarası danışıqlar 2008-ci ildən davam edir və 2026-cı ildə də bu proses davam etdirilir.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin statusunu və veto sistemini fundamental şəkildə dəyişmək üçün BMT Nizamnaməsində dəyişiklik edilməlidir. Bunun isə məhz mövcud böyük güclərin razılığından keçməsi lazımdır. Mövcud sistemin dəyişdirilməsi üçün mövcud sistemin ən güclü 5 iştirakçısının razılığı tələb olunur. Buna görə də ekspertlər hesab edir ki, BMT-də islahatların aparılmasının qarşısındakı əsas problem “islahat olsun, ya olmasın?” deyil, “islahat hansı istiqamətdə aparılsın?” sualıdır.
İslahatlara əsas müqavimət BMT TŞ-nin beş daimi üzvü olan dövlətlərdən gəlir. Rusiya BMT Təhlükəsizlik Şurasında islahatların əleyhinə olduğunu demir. Peskovun 22 sentyabr açıqlamasına görə, Moskva daimi üzvlərin sayının artırılmasını dəstəkləyir, lakin mövcud beş daimi üzv institutunun və veto hüququnun saxlanmasını vacib hesab edir. Ərdoğan isə həm daimi üzvlük, həm də veto sisteminin ləğvini təklif edib.

Rusiya Təhlükəsizlik Şurasının genişləndirilməsinə razıdır, xüsusilə yeni daimi üzvlərin əlavə olunmasını dəstəkləyir. Amma veto hüququnun ləğvinə və ya əsaslı şəkildə məhdudlaşdırılmasına qarşıdır. Veto Rusiyaya beynəlxalq böhranlarda öz maraqlarına zidd qərarların qəbulunun qarşısını almaq imkanı verir. Peskovun son açıqlaması bunu bir daha təsdiqləyib.
Çin də mövcud veto sisteminin aradan qaldırılmasını dəstəkləmir. Pekin Təhlükəsizlik Şurasında inkişaf etməkdə olan ölkələrin, xüsusilə Afrikanın təmsilçiliyinin artırılmasını müdafiə edir. Amma öz veto imkanından imtina etmək məsələsində mövqeyi yoxdur. Rusiya və Çin veto məsələsində eyni struktur marağı bölüşürlər. ABŞ də BMT Təhlükəsizlik Şurasının mövcud strukturunun dəyişdirilməsi barədə müzakirələrə açıqdır, lakin öz veto hüququnun ləğv edilməsini dəstəkləmir. Çünki veto ABŞ-yə Rusiya və ya Çin tərəfindən dəstəklənən qərarların Amerikanın strateji maraqlarına zidd olduğu hallarda qarşısını almaq imkanı verir.

Böyük Britaniya veto hüququnun tam ləğvini müdafiə etmir. Britaniya 2026-cı ildə Fransa-Meksika təşəbbüsünə qoşulub. Bu təşəbbüs veto hüququnun ləğvini yox, kütləvi vəhşiliklər - məsələn, soyqırımı və genişmiqyaslı humanitar cinayətlər zamanı vetodan istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur. Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, təşəbbüsə hazırda 127 dövlət dəstək verir və Böyük Britaniya Fransadan sonra bu təşəbbüsə qoşulan ikinci daimi üzvdür.
Fransanın mövqeyi isə Rusiya, Çin və ABŞ-dən müəyyən dərəcədə fərqlənir. Paris veto hüququnun tam ləğvini tələb etmir, lakin onun istifadəsinin məhdudlaşdırılmasını müdafiə edir. Eyni zamanda Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının artırılmasını istəyir və Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib regionlarının daha geniş təmsil olunmasını dəstəkləyir.
BMT TŞ-nin 5 daimi üzvünün hamısının mövqeyində fərqlər də mövcuddur, üst-üstə düşən məqamlar da var.
Etibar Seyidağa,
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ