İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama

Musavat.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mətbuat Xidməti partiya sədri Əli Kərimlinin saxlanıldıqdan sonra qapalı şəkildə göndərdiyi mesajları ictimaiyyətə təqdim edib.

Məlumatda bildirilir ki, Əli Kərimli barəsində səsləndirilən ittihamları qəbul etmir, özünü təqsirli bilmədiyini bəyan edir və ifadə verməkdən imtina edir.

AXCP Mətbuat Xidməti qeyd edir ki, Ə. Kərimli tərəfdarlarına çağırış edərək “ruhdan düşməməyə, prosesləri soyuqqanlılıqla izləməyə” səsləyib.

Musavat.com bildirir ki, 2013-cü ildən etibarən Milli Şura layihəsinin Azərbaycan siyasi səhnəsində qurulması, Rusiya emissarları ilə koordinasiya və “Milyarderlər İttifaqı” xəttinin inteqrasiyası prosesi Əli Kərimli ilə əlaqələndirilir. Kremldə hazırlanan yol xəritəsi ilə bu siyasi platformanın məqsədi Prezident İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq, iki illik keçid hökuməti formalaşdırmaq və daha sonra prezident seçkilərinə hazırlıq idi.

Həmin proseslərdə Rusiyanın emissarı, Baş nazirin sabiq müavini Abbas Abbasov da xüsusi rol oynayıb.

Xatırladırıq ki, "Ramiz Mehdiyev" işi üzrə son araşdırmalar zamanı "boz kardinal"la Milli Şura xətti arasında əlaqə ehtimalları üzə çıxıb. Hazlrda məhz bu xətt üzrə həyata keçirilən istintaq davam edir. Hazırda həm Ramiz Mehdiyevin, həm də Əli Kərimlinin yaxın çevrəsindən olan şəxslər ard-arda saxlanılır.

Musavat.com xəbər verir ki, Əli Kərimli barəsində cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusilə ağır cinayətlər kateqoriyasına daxil edilən maddələri – dövlət çevrilişinə cəhd, konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlətə qarşı yönəlik fəaliyyət və xarici qüvvələrlə əlbirlik (CM-nin 278, 281, 282 və uyğun maddələr) üzrə araşdırılır. İttihamların detalları hüquqi prosedur çərçivəsində açıqlanmaqdadır.

İstintaq davam edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR