Onlayn ictimai-siyasi qəzet
Ali məktəblərimizə yerləşdirmə başa çatmaq üzrədir, ancaq bir sual da düşündürücüdür: əvvəlki illərin birinciləri hardadır? Məsələn, 700 balla ATU-ya girib həkimlik oxuyan bir nəfərin haqqında yazmışdılar, hazırda Almaniyada işləyirmiş.
Görəsən biz bu uşağı Almaniyaya xidmət üçünmü yetişdirmişdik? Niyə beyin axınına cavab verən yoxdur? Bəlkə beyini də neft hesab edirlər, xaricə satmaqda fayda görürlər? Axı biz özümüz nəticədə Bakıda-Şəkidə savadlı həkim üzünə həsrət qalırıq. Tək bir nəfər deyil ki? Yüzlərlə, minlərlə yüksək ixtisaslı kadr çıxıb gedir.
Əlbəttə, istəsən bu işdə müəyyən barter olduğunu söyləmək mümkündür. Məsələn, turizm mərkəzlərimizdən birinin müdiri almaniyalıdır. Yaxud, vaxtilə rabitə monopolistimizə və... Şirvan qoruğuna da almaniyalı mütəxəssis başçı qoyulmuşdu, indi bilmirəm.
Təsəvvür elə, artıq ceyranlarımıza da özümüz baxmağa çətinlik çəkirdik. Bəlkə axırda Səməd Vurğunu əvəz eləmək üçün Hötenin varisi çağırılardı, “Nə gözəl yaraşır Muğana ceyran” yazsın deyə.
Az qala unutmuşdum, Berti Foqtsu da yazmaq lazımdır. Barterin əsas punktlarından biri idi. Biz Berlinə həkim göndərirdik, onlar da bizim futbola əlac üçün “baytar”. Halal xoşu olsun, Berti müəllim xeyli neft dollarlarımızı qatlamışdı. Sovet vaxtı “Mozalan” satirik telejurnalından bir süjeti xatırladım. Orda hansısa kəndə dəva-dərman lazım idi, aktyor Arif Quliyevin oynadığı obraz isə xahişi səhv anlayıb onlara canlı dəvə gətirirdi.
Təhsillə bağlı başqa maraqlı fakt ixtisaslardan birində “rekord” keçid balının – 697 bal olması idi. O balla da cəmi 1 nəfər abituriyent qəbul olunmuşdu. Sən demə ixtisasın bütün qəbul planı... olimpiada qalibləriylə dolubmuş, elə 1 yer qalıbmış. Axı bizim qanunvericiliyə görə fənn olimpiadalarının qalibləri universitetlərə imtahansız qəbul hüququna malikdir.
Bu il 100-dən çox olimpiada qalibi universitetə imtahansız girdi. Düzünü yazsam, bunu sosial ədalətsizlik sayıram. Çünki qəbul imtahanı yarışdırsa, hamının bərabər şansı olmalıdır. Deyilə bilər ki, olimpiada daha çətindir, orda suallar bəzən dərslikdən də kənar olur. Razıyam, ancaq biz həmin olimpiadaların necə keçdiyini bilirikmi? Onlara da nəzarət DİM imtahanlarındakı kimidirmi? Bax, əsas sual budur. Səhv etmirəmsə, fənn olimpiadalarını ümumiyyətlə DİM deyil, başqa orqan, ETN keçirir.
Olimpiadada qalib gəlməyi bacaran abituriyent üçün qəbul imtahanında fərqlənmək çətin olmamalıdır. Prinsipcə. Ancaq ortada başqa “prinsiplər” varsa, nə deyək?
Yeri gəlmişkən, mən bu il universitetlərimizə “olimpiada qalibi” sifətində imtahansız girən həmin 107 nəfərin siyahısı ilə tanış olmaq istədim, heç zad tapa bilmədim. Yalnız ötən illərə aid, işləməyən olimpiada.edu.az adlı bir “sayt”a yönləndirirdilər.
Yaxud, bəzi ali məktəblər nəzdində lisey, orta məktəb açılır, sonra onların şagirdləri imtahansız (!!!) qəbul edilir. Bu da bərabərliyin başqa pozuntusudur. Niyə oxşar hüquq bütün universitetlərə verilməsin? Nəticədə qəbul imtahanlarını ümumiyyətlə ləğv eləyək, çıxıb getsin işinin dalıyca.
Yazını isə bir dini pritça ilə bitirək, qeyri-bərabərlik haqqındadır: “Qəbristanlıqda molla bir kasıb kişinin atasının məzarı üstündə Yasin oxuyurmuş. Bu vaxt çoxlu bahalı maşınlar gəlir. Molla kasıba oxuduğu duanı tezbazar yekunlaşdırıb qaçır həmin hissəyə. Kasıb gəlir görür burda bir oliqarxın atasının qəbri var, molla da Yasini azı 1 saat oxuyur, babat pul alır. Camaat dağılışır, kasıb kişi mollanı qınayır: “Mənim atama niyə qısa oxudun, pullu adama isə dastan açmışdın”. Molla deyir: “Düz fikirləşmirsən, sənin atan arif adam idi, iki kəlmə oxudum, anladı. Bunun atası isə zırramanın birisi idi, məcbur olurdum təkrarlayım”.
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ