Onlayn ictimai-siyasi qəzet
İki il əvvəl Səmərqənddə bir beynəlxalq tədbirdə iştirak edəndə təşkilatçılar məni bir suyu azərbaycanlı professorlara oxşayan nurani kişiyə təqdim etdilər.
Məlum oldu ki, ağsaqqal doğrudan da professordur, keçmiş diplomatdır, Səmərqənddəki Aviasiya Universitetinin rektorudur və təkcə simaca yox, ad-soyadı ilə də bizdən seçilmir. Yusif Abdullayev mənim Azərbaycandan olduğumu biləndə gözü işıqlandı, dedi ki, mərhum qayınanası Gəncədəndir.
Bir qədər sonra, fürsət yaranan kimi mən gəncəli xanımın uzaq Səmərqəndə necə gedib çıxmasıyla maraqlandım. Yusif müəllim danışdı ki, 1947-ci ildə rəhmətlik qayınatası Gəncə qarnizonunda xidmət edərkən, hərbi hissənin qonşuluğunda yaşayan bir qıza vurulub və arada, müasir terminlərlə desək, elektriklənmə baş verib (o vaxt hələ Mingəçevir SES təzə-təzə tikilirmiş).
Xüləs, gəncəli xanım qardaş, bibioğlu, əmioğlu, dayoğlu, xaloğlu kimi beşqat mühafizə sisteminin nəzarətindən yayınaraq səmərqəndli yoş bolanın (gənc oğlanın) başını necə xarab edibsə, əsgər özünə və qıza söz verib ki, xidmətdən sonra mütləq onu alıb aparacaq.
Doğrudan da o, xidmətini başa vurub Səmərqəndə qayıdandan sonra ata-anasına dirəşib və onları Azərbaycana, Kirovabad adlandırılan Gəncəyə elçiliyə göndərib və sevgilisini alıb. Bu izdivacdan Yusif müəllimin gələcək həyat yoldaşı doğulub. Hazırda onun özünün də böyük qızları var və vaxtaşırı Gəncəyə, nənə vətənə gəlib-gedirlər.
Bu, bir “məhəbbət qürbətə gedərmiş” hadisəsidir. Cütlük sona qədər xoşbəxt yaşayıb və “sevgimiz elə bu qədərmiş” variantının nə olduğunu bilməyib.
Bu hadisəni təkrar yazmaq ona görə vacib oldu ki, hazırda “məhəbbət qürbətə gedərmiş” silsiləsindən daha bir vaqiə var və o, uğursuz alınıb.
Bildiyiniz kimi, Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumla (bir adamdır) ailə quran azərbaycanlı eks-gimnast Zeynəb Cavadlının izdivacı xoşbəxt sonluqla bitməyib. Cütlük ayrılası olub. Hazırda övladların kimdə qalması üstündə mübahisə var və qadın BƏƏ-də təzyiqlərə məruz qalır. BƏƏ polisi Zeynəb Cavadlı və üç qızını gecə saatlarında polis bölməsinə aparıb. Hazırda iş konsulluğumuzun nəzarətindədir.
İndi sosial şəbəkənin milli seqmentində bu məsələyə münasibət bildirən həmvətənlərimizin bir yarısı Zeynəb xanımı qınayır ki, onun BƏƏ-də nə işi vardı, ərə getməyə adam tapmırdınmı.
Həmişə olduğu kimi, qınayanları qınayanlar da var. Hərə özünə görə haqlıdır. Amma bu yerdə adamın yadına köhnə bir lətifə düşür.
Deyir, SSRİ-nin dağılmaqda olduğu, Moskvanın özündə belə ərzaq məhsullarının qıtlaşdığı dövrdə bayraqlı maşınıyla yol keçən ərəb diplomat bir mağazanın qarşısında böyük növbə və növbədə dayanmış olduqca gözəl qız görür. Rus dilində dərdini anladacaq qədər danışa bilən diplomat maşından enib qıza yaxınlaşır, özünü təqdim edir, sonra qıza deyir ki, istəsə onu özüylə ölkəsinə apara bilər. Orada bağ belə, bostan belə, cənnət, quş südü, qızıl-brilyant və s. Qız bir qədər maraqlanır və soruşur ki, bəs cənab diplomatın arvadı yoxdurmu. Şeyx oğlu deyir, niyə yoxdur, üçü var, sən də, istəsən, dördüncü olarsan. Bu yerdə 90-60-90 əndamlı qız deyir ki, yox, gedib ər-Riyadda ər növbəsinə durunca, elə burda kolbasa növbəsinə durmaq yaxşıdır.
Yəni gərək Zeynəb xanım da o vaxt 2-3 arvadı olan Səid Məktuma ərə gedib növbəyə durmazdı, öz el-obasından biriylə ailə qurardı, lap boşansa da, qanun onun tərəfini tutardı. Ancaq eşq sevdası ilə şeydir ki, könül arı kimi olur, gülə də qona bilir, təzəyə də.
Budur, ər növbəsi bir gün Zeynəbə də çatıb və indi onun qürbət eldə üç övladı var.
Şərqdə qaydadır, pulları və oqranizmləri yetdiyi qədər arvad alırlar. 4-5-ni alıb imarətlərinə qoyurlar, 3-4-nü iş yerində alırlar, bir də getdikləri hər ölkədə, şəhərdə birini tədarük edirlər. Əsas instinkt təzə arvad almaqdır. Başqa işlər ikinci, üçüncü dərəcəlidir. Ta qədimlərdən belədir. O vaxt yəhudi fironlar Solomon, Yakob, David (müsəlman dünyasında onlara Süleyman, Yaqub, Davud peyğəmbər deyirlər) hərəyə 700+ arvad alıblar. İnanmayan Montefiorenin Tövrat və Bibliyaya istinadla yazdığı “Yerusəlim” kitabını oxusun. Orada hamısı yazılıb.
Beləcə, Zeynəbin məsələsi qəlizdir. Şeyxzadə deyir ki, o uşaqlar həm də mənimdir, vermirəm, ata kimi qızlarımı özüm böyütməliyəm. Dubay məhkəməsi də şeyxi qoyub, əcnəbi qadının xeyrinə qərar çıxarmayacaq.
Hələlik Zeynəb xanımın əlindən gələn yeganə iş odur ki, it alıb saxlasın. Hər halda, qonşuluqda, küçə-bayırda həmin itə “Zeynəbin iti” olduğu üçün daha çox hörmət qoyular.
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ