Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyan belə görünür ki, son parlament seçkilərində verdiyi vədlərin hamısını reallaşdıracaq. Onlardan biri də Baş nazirin “üçbaşlı müharibə partiyası” adlandırdığı qüvvənin liderlərini bir-bir həbsə saldırması barədədir.
Bəllidir ki, az öncə Qaqik Tsarukyan korrupsiya ittihamı ilə tutulub. Bu günlərdə isə sabiq prezident, Xocalı hərbi canisi Robert Köçəryan və böyük oğlu Sedrak qandallanıb. Digər eks-prezident və Xocalı cəlladı Serj Sərkisyana ölkədən çıxış qadağan edilib. Hələlik. Yəqin ki, sıra ona da çatacaq. “Müharibə partiyası”nın üçüncü “başı” – “Kaluqalı oliqarx” Samvel Karapetyan isə onsuz da neçə aydır ev dustaqlığındadır.
Paralel surətdə bütün ermənilərin katolikosu, “ilanlara zəhər verən kərtənkələ” II Qaregin ətrafında həlqə daralmaqdadır. İstintaq artıq başlayıb. Avqustun 7-də Eçmiədzində ilk məhkəmə iclası keçirilib və prosesə katolikos da qatılıb. Qaregindən əlavə, cinayət dosyesində Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının daha altı üzvünün adı keçir...
Bütün bu proseslər əlbəttə, Azərbaycan və Ermənistanla yanaşı, ümumən bölgənin xeyrinədir. Çünki həm radikal-revanşist müxalifət, həm də terror yuvası olan kilsə iki xalq arasında sülh və barışığa qarşıdır. Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmas nın, mifik “artsax” mövzusunun qapadılmasının qəti əleyhinədir.
Rusiya da aşağı-yuxarı, eyni mövqedədir. Təsadüfi deyil ki, radikallar da, kilsə də Moskvaya birbaşa bağlıdır və onun ölkədəki əsas proksi qüvvələri sayılır. Hətta bu ilin əvvəlində Paşinyan II Qareginin qardaşını “KQB casusu” adlandırıb zindana saldırmışdı...

Baş verənlər fonunda Kremlin narahatlığı və Paşinyan hökumətinin ünvanına artan təhdidlər tamamilə təbii və anlaşılandır. O sırada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov dünən bəyan edib ki, avqustun 31-də Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammiti çərçivəsində Nikol Paşinyanla keçirəcəyi görüşdə “Ermənistan müxalifətinin bəzi liderlərinin həbsi məsələsi də müzakirə olunacaq”.
Hələ bir olmasın.
Yeri gəlmişkən, Rus Pravoslav Kilsəsi də bu arada fəallaşıb və anti-Paşinyan “xoruna” qoşulub. Patriarx Kirilin bu barədə yaydığı son bəyanatda narahatlıq ifadə edilərək deyilir: “Rusiya Patriarxlığının nümayəndələri mövcud təzyiq və hökumət rəsmilərinin kilsə işlərinə kobud müdaxiləsi fonunda dəfələrlə Erməni Apostol Kilsəsinə dəstəyini bildiriblər”.
Görəsən, niyə? Doğrudanmı Paşinyan kilsənin işinə müdaxilə edir, yoxsa kilsə dövlətin? Axı gerçək budur ki, ötən yay Baş nazirə qarşı terror təşəbbüsü və hakimiyyəti zorla ələ keçirmək cəhdinə görə həbs olunanların mütləq əksəriyyəti məhz keşişlərdir, din xadimləridir. Onların arasında revanşist Barat Qalsytantsn da var. Hansı ki, Azərbaycanla delimitasiya və barışıq prosesi əleyhinə dəfələrlə yürüş və mitinqlər keçirib.
Din adamı hara, yürüş-mitinq hara, ümumiyyətlə, siyasət hara? Rus pravoslav kilsəsi niyə erməni kiləsinə irad tutmur və demir ki, öz işinlə məşğul ol?! Səbəb bəsit: ona görə ki, katolikos və onun bandası, radikal müxalifət on illərdir Moskvanın bölgə ilə bağlı pozucu planlarına, onun imperiya maraqlarına işləyir...
İndi əgər hər iki “dini” mərkəz Rusiya kimi Paşinyanın devrilməsində maraqlıdırsa, hakimiyyət din çuxası geymiş təxribatçıların başınımı sığallamalıdır? Rusiyanın əl-ayağa və xofa düşməsinin TƏK səbəbi bu: onun əsas adamlarına qarşı hüquqi tədbirlərin sərtləşdirilməsi və onların qanunsuz varidatlarının əllərindən alınmaöa başlaması, nəticə etibarilə, cəmiyyətə təsir imkanlarının minimuma endirilməsi və olan-qalan nüfuzlarından salınması. Özü də ölkədə gözlənilən konstitusiya referendumu ərəfəsində.
Paşinyanı deyəsən daha çətin günlər gözləyir. Amma iyunun 7-də öz xalqından növbəti 5 ilə aldığı mandat böyük ehtimala, onun ən güclü qoruyucusu olacaq...
Z. SƏFƏROĞLU
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ