İnsanlara hürriyət, millətlərə istiqlal!

3 yaşında taxta çıxdı, 34 yaşında gözlərini yumdu: Dünyanın ən gənc kralı ÖLDÜ

Uqandada yerləşən ənənəvi Tooro Krallığının kralı Oyo Nyimba Kabamba Iguru Rukidi IV 34 yaşında vəfat edib. Üç yaşında taxta çıxan Oyo uzun illər dünyanın ən gənc hökmranı kimi tanınıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Musavat.com xəbər verir ki, Oyo 16 aprel 1992-ci ildə Tooro Kralı Patrick David Matthew Kaboyo Olimi III və Kraliça Best Kemigisa Kaboyonun ikinci övladı kimi dünyaya gəlib.

Atasının 1995-ci ildə vəfatından sonra cəmi üç yaşında Tooro Krallığının başına keçib. Bununla da dünyanın ən gənc hökmranı kimi tarixə düşüb.

Uşaq yaşında olduğu üçün krallığın idarəçiliyi onun 18 yaşı tamam olana qədər naiblik şurası tərəfindən həyata keçirilib. 2010-cu ildə 18 yaşını tamamladıqdan sonra isə Oyo rəsmi şəkildə tam hakimiyyəti öz üzərinə götürüb.

Kral Oyonun ölümünü Tooro Krallığının regional lideri Calvin Armstrong Rwomiire Akiiki açıqlayıb. O, kralın ölüm səbəbi barədə məlumat verməyib.

Bundan əvvəl Uqanda mediasında Oyonun ciddi xəstəlik səbəbilə ABŞ-də müalicə aldığı barədə məlumatlar yayılmışdı.

Heç vaxt evlənməyən Kral Oyonun ölümündən sonra krallığın gələcəyi ilə bağlı suallar yaranıb.

Regional lider kralın arxasında bir şahzadə varis qoyduğunu bildirib. Varisin kimliyinin Tooro Krallığının ənənə və qaydalarına uyğun şəkildə daha sonra rəsmi açıqlanacağı qeyd edilib.

Tooro Krallığı Uqandanın qərbində, Konqo Demokratik Respublikası ilə sərhədə yaxın ərazidə yerləşir. Kral Oyo 2 milyondan çox insanın mədəni lideri hesab olunurdu.

Uqanda respublika olduğundan kralın siyasi hakimiyyəti yox idi. Lakin ölkədə 1993-cü ildən yenidən tanınan ənənəvi krallıqlar böyük mədəni və sosial təsirə malikdir.

Oyo HIV-lə mübarizə, ətraf mühitin qorunması, turizm və iqlim dəyişikliyi kimi məsələlərdə fəal iştirak edib.

O, həmçinin turizmin inkişafına və iqlim risklərinə diqqət çəkmək məqsədilə 2022-ci ildə Rvenzori dağlarına qalxıb. Arsenal futbol klubunun azarkeşi olması və idmana marağı ilə də tanınıb.

2025-ci ildə Guinness Dünya Rekordlar Kitabının yenilənmiş məlumatlarında da Oyo yaşayan ən gənc hökmran kimi təsdiqlənmişdi. 34 yaşında vəfat etməsi ilə o, eyni zamanda XXI əsrdə ölən ən gənc kral kimi tarixə keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR