Onlayn ictimai-siyasi qəzet
İstanbulun Bakırköy Rayon Polis İdarəsinin əməkdaşları gözəllik salonlarının birində müştərilərin görüntülərinin gizli kameralar vasitəsilə çəkildiyi və əldə olunan görüntülərin sosial media platformalarında ödənişli şəkildə izlənməyə verildiyi barədə daxil olan məlumat əsasında araşdırmaya başlayıblar.
Musavat.com xəbər verir ki, polis əməkdaşlarının sözügedən gözəllik salonunda keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı içərisində gizli kamera sistemi olan 7 cihaz aşkarlanıb. Onlardan birinin işlək vəziyyətdə olduğu, digər 6 cihazın isə sökülərək istifadədən çıxarıldığı müəyyən edilib.

Aparılan araşdırmalar nəticəsində müştərilərə aid təxminən 14 min videonun internet platformalarından biri vasitəsilə yayımlandığı müəyyənləşdirilib.
Hadisə ilə əlaqədar gözəllik salonunun sahibi və kamera sistemini quraşdırdığı bildirilən 2 nəfər polis tərəfindən saxlanılıb. Onlara qarşı “şəxsi həyatın toxunulmazlığını pozma”, “şəxsi məlumatları qanunsuz şəkildə əldə etmə” və “ədəbsizlik” ittihamları irəli sürülüb.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ