İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət varmı, yoxmu

“Gəlin yaxşı düşünməyi öyrənək. Əxlaqın əsas prinsipi elə budur”
(Blez Paskal)

Xalqımız, xüsusilə də onun dindar hissəsi bu dünyada ədalətin olmadığını düşünür. Guya əsas ədalət mistik “o biri dünyada” bərqərar olacaqdır, ona qədər hər cür zülmə birtəhər dözməyə borcluyuq.

Ancaq müəyyən dərəcədə ədalətin, haqqın bizim gözümüz önündə bərqərar olmasına dəfələrlə şahidik.

Ratko Mladiç adında bir əclaf var idi. 1990-cı illərdə keçmiş Yuqoslaviya parçalananda, ərazidə etnik savaş qızışanda Mladiç Bosniya serblərinin quldur dəstələrinə başçılıq edirdi. Müsəlman boşnakların kütləvi qırğınlarında, soyqırım siyasətində xüsusi fərqlənən bu yaramaz generala “Bosniyanın qəssabı” ləqəbi qoymuşdular (“Serb qəssabı” da deyirdilər – baxış bucağından asılıydı). Sonra bunun barəsində beynəlxalq axtarış verildi, 2011-ci ildə Serbiya məcbur oldu onu tutub BMT-nin Haaqa məhkəməsinə təhvil versin. Məhkəmə Sarayevonun mühasirəsi, Srebrenitsa qətliamı və sairə hərbi cinayətlərdə iştirakına görə Mladiçə ömürlük həbs cəzası kəsmişdi. Üst-üstə 15 il Mladiç Haaqa türməsində qaldı və dünən nəhayət 84 yaşında gəbərdi.

Deməli, Mladiçin nümunəsində biz ədalətin təntənəsinə şahid olduq. Buna da şükür. Əlbəttə, həmin cəza minlərlə günahsız dinc bosniyalıları həyata qaytarmayacaq, ancaq hər bir halda təskinlikdir.

Yaxud, Türkiyə “Cocuq qatili” ayamalı, PKK terror təşkilatının lideri Abdullah Öcalanı 1999-cu ildən həbsdə saxlayır. Zarafat deyil, bu tip də şüurlu həyatının (açığı, şüurlu olmağına çox da əmin deyiləm) 27 ilini zindanda keçirməyə məcbur olub.

Qonşumuzda Mladiç, Öcalan tipli cinayətkarlar var və hal-hazırda Ermənistan lideri Nikol Paşinyan onların ətrafında halqanı daraltmaqdadır. Söhbət Köçəryan, Sərkisyan kimi müharibə canilərindən gedir. Doğrudur, Paşinyan onları əsasən korrupsiya, dövlət vəzifəsindən sui-istifadə kimi maddələrlə suçlayır və hələlik ortada müharibə cinayətləri ittihamı yoxdur. Ancaq nə biləsən... Bir də görəcəyik bu iki yaramaz Xocalıya görə tutulublar. İndi qoy korrupsiya olsun... Təki onlara İrəvan dar olsun, həyat burunlarından gəlsin.

Nepal-Çin sərhədində sel fəlakətinin videolarını yəqin izləmisiniz. Açığı, o qədər dəhşətli və fantastik mənzərələrdir, bunun bədii film olmadığına, quraşdırma çəkiliş olmadığına inanmaq çətindir. Son dəfə oxşar kadrları 2011-ci ildə Yaponiyanın sunami vuranda gördüyümü xatırlayıram. Bir neçə saniyə içərisində sel bütöv binaları, körpüləri kibrit qutusu, talaşa kimi qabağına qatıb süpürürdü.

Deyirlər dağlarda nəsə buzlaq qırılıb, gölə düşüb, göl məcrasından çıxıb və bu hadisə yaranıb. Bax, əsas sual da elə burdan yaranır: niyə Çin və Nepal bu fəlakəti öncədən görə bilməyib, yazıq insanlara xəbərdarlıq edilməyib?

Nepalı çıxaq, yetim yerdir, bəs Çinə nə söz? Bütün günü yekə-yekə danışırlar, robot belə getdi, süni intellekt ordan gəldi, nə bilim, dünyanın 2-ci iqtisadiyyatı filan oldu... Hələ bir Ay proqramları da var, Aya qurğular göndərən hegemon dövlətin burnunun ucundakı dağda buzun əriməyindən xəbəri olmayıb. Ayın görünməyən tərəfini tədqiq edənəcən, Himalay dağlarında hansı buzlağın qırılmaq üzrə olduğunu araşdırmaq, izləmək, markerlər, dedektorlar qoymaq mümkün deyildimi?

Mümkün idi. İnsanı düşünsən çox şey mümkündür, yox, əgər iddialar hegemonluq üzərində olsa heç-zad... Əsas odur bu selin videoları Çin internet platforması Tik-Tok üzərindən xeyli paylaşıldı, şirkətin iqtisadi gəliri artdı. Ölənlərə Allah rəhmət eləsin.

Bunu misal olaraq yazdım ki, dünyanı tam adil bir məkan kimi qəbul etmək də lazım deyil.

Əllinin əlliyə razılaşaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR