İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mənbə: İrəvan iki od arasında qalıb

Avropa Parlamentinin Ermənistan məhsulları üçün ticarət güzəştlərini dəstəkləməsi İrəvanın həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinin gələcəyi barədə yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan və Cənubi Qafqazdakı prosesləri işıqlandıran erməni “Kavkazar” Telegram kanalı yazıb.

Mənbənin məlumatına görə, Avropa Parlamenti Avropa Komissiyasının Ermənistandan idxal olunan məhsullar üçün müvəqqəti ticarət güzəştlərinin tətbiqi barədə təklifini dəstəkləyib. Qərar Ermənistanın Aİ-yə hazırkı ixracının təxminən 80 faizini əhatə edir və iki il müddətinə nəzərdə tutulub.

Yeni rejim çərçivəsində Ermənistandan ixrac edilən meyvə, tərəvəz və bitki məhsullarının təxminən 99 faizi, içkilər və alkoqollu məhsulların isə 91 faizindən çoxu idxal rüsumlarından azad ediləcək. Mənbə qeyd edir ki, sonuncu kateqoriyaya daxil olan məhsulların əhəmiyyətli hissəsi indiyədək əsasən Rusiya bazarına göndərilib.

“Kavkazar” bununla belə, Ermənistanın Avropa bazarına sürətlə istiqamətlənəcəyinə dair gözləntiləri şişirtməməyi tövsiyə edir. Kanalın təhlilinə görə, iki il Ermənistan istehsalının Aİ standartlarına dərindən uyğunlaşdırılması üçün qısa müddətdir.

Erməni istehsalçıları Aİ-nin sərt fitosanitar tələbləri və yüksək rəqabətlə üzləşə bilərlər. Bundan başqa, uzun logistika marşrutları, xüsusilə tez xarab olan kənd təsərrüfatı məhsullarının Avropaya çatdırılmasını çətinləşdirir.

Mənbə yaranmış vəziyyəti Ermənistan hakimiyyətinin “iki od arasında” qalması kimi qiymətləndirir. Bildirilir ki, Nikol Paşinyan hökumətini yaxın zamanda Rusiyada Aİİ-yə üzvlüklə bağlı məsələlərin müzakirəsi gözləyir. Eyni zamanda, Aİ-nin yeni ticarət güzəştləri Brüsselin İrəvan üzərində təsir imkanlarını artırır.

Verilən məlumata görə, Ermənistanın Avropaya yaxınlaşması fonunda İrəvanın Avropa institutlarının siyasi qərarlarından asılılığı artır, Rusiya tərəfinin isə Ermənistanla ticarət siyasətini yumşaltması üçün səbəblər azalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR