Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi parlament seçkilərində təkbaşına iştirak etmək qərarı verib.
Musavat.com-un xəbərinə görə, EMK-nin deputatlığa namizədlər siyahısında sabiq prezidentin adı olmayacaq, namizədlər siyahısına Levon Ter-Petrosyanın müavini Levon Zurabyan başçılıq edəcək. Zurabyan eyni zamanda Ermənistanın baş nazirliyinə namizəd olacaq.
Ter-Petrosyanın Ermənistanda xüsusi mövqeyi olan və müəyyən nüfuza malik siyasətçi olduğu məlumdur.
Vaxtilə Nikol Paşinyan onun partiyasında təmsil olunub və hətta Ermənistanda Paşinyanı Ter-Petrosyanın yetirməsi adlandıranlar da var. Erməni Milli Konqresi və onun dəstəklədiyi Levon Zurabyan Nikol Paşinyan hakimiyyətinə və şəxsən Paşinyana qalib gələ bilərmi?
Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Erməni Milli Konqresinin və Levon Zurabyanın təkbaşına Nikol Paşinyanı məğlub etməsi ehtimalı yoxdur. Amma prosesin gedişatından asılı olaraq seçkidə müəyyən təsir gücü yarana bilər:
“Erməni Milli Konqresi Ermənistanın ən köhnə siyasi platformalarından biridir. Ter-Petrosyan “məktəbi” hələ də müəyyən liberal-elitar elektorat üçün cəlbedicidir. Bu baxımdan EMK Paşinyan əleyhinə narazı elektoratın bir hissəsini ətrafına cəmləyə bilər. Lakin əslində, belə olması dolayısı ilə Paşinyanın xeyrinə işləyəcək. Çünki narazı elektorat həm Levon Ter-Perosyanın təşkilatının, həm də seçkiyə onlardan ayrılıqda gedən revanşist qüvvələrin-Robert Köçəryanın, Serj Sərkisyanın, eləcə də digər müxalif qurumların arasında bölünəcək. Beləliklə Paşinyana qarşı olacaq səslər parçalanacaq”.
Deputat onu da deyib ki, EMK-nın kütləvi sosial bazası elə də böyük deyil: “Ter-Petrosyanın bu təşkilatı kütləvi küçə dəstəyi olan partiya deyil. Regionlarda, xüsusən kənd yerlərində Paşinyanın komandası hələ də daha güclüdür. Gənc seçicilər EMK-nı “keçmişin siyasi layihəsi” kimi görür və ona səs verəcəkləri ehtimalı sıfıra yaxındır. Namizədlər siyahısına Ter-Petrosyanın deyil Levon Zurabyanın başçılıq etməsi, həmçinin baş nazirliyə sabiq prezidentin namizəd olmaması da EMK-nin Paşinyana qalib gəlməsini əngəlləyən faktorlardan biri sayıla bilər. Zurabyanın liderlik probleminin olduğunu, kütləni arxasınca aparan xarizmatik lider olmadığını erməni mediası tez-tez yazır. Paşinyan isə hələ də populist üslubda, emosional və birbaşa ünsiyyətlə seçici ilə bağ qura bilir. Ermənistan siyasətində “lider faktoru” hələ də çox önəmlidir. Paşinyanın müxalifət qarşısında şanslarını artıran digər faktor hazırda ona real təhlükə yaradan vahid müxalif blokun olmamasıdır”.
Etibar Seyidağa,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ