Onlayn ictimai-siyasi qəzet
Ermənistan Avrasiya İqtisadi Komissiyasına (AİK) müraciət edib. İrəvan Rusiyanın erməni məhsullarının Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarına idxalına tətbiq etdiyi məhdudiyyətlərin ticarət maneəsi kimi tanınması və aradan qaldırılmasını istəyib.

Bu barədə iqtisadiyyat naziri Qevorq Papoyan bildirib. Onun sözlərinə görə, oktyabrda AİK-in iclası keçiriləcək və Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı qərar qəbul ediləcək.
Bəs Avrasiya İqtisadi Komissiyası Ermənistanın müraciətinə baxa və Rusiyanın əlehinə qərar qəbul edə bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Avrasiya İqtisadi Komissiyasının Ermənistanın lehinə qərar qəbul etməsi hüquqi baxımdan mümkündür, lakin bunun üçün İrəvan əsaslandırmalı, Rusiya isə öz tədbirlərinin qanuni sanitar və fitosanitar əsasını sübut etməlidir:
“Oktyabr iclası bu baxımdan Moskva-İrəvan iqtisadi münasibətlərində mühüm hüquqi sınaq olacaq. AİK-in Ermənistanın müraciətinə baxması mümkündür və hüquqi baxımdan komissiyanın Rusiyanın tətbiq etdiyi tədbirləri Aİİ qaydalarına zidd ticarət maneəsi kimi tanıması da mümkündür. Amma bu, avtomatik olaraq Ermənistanın xeyrinə qərar çıxacağı hesab oluna bilməz. Aİİ-nin öz materiallarında “ticarət maneəsi” üzv ölkələrin daxili bazarda mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinə Aİİ hüququna uyğun olmayan əngəl kimi müəyyən edilir. AİK-in belə maneələrin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün ayrıca mexanizmləri var”.

Deputat hesab edir ki, komissiya əvvəlki illərdə də üzv ölkələr arasında kənd təsərrüfatı məhsullarının ticarətinə qoyulan əsassız məhdudiyyətlərin aradan qaldırılmasına nail olub:
“Bu baxımdan, İrəvanın müraciətinin formal olaraq rədd edilməsi deyil, araşdırılması daha çox gözləniləndir. Əgər AİK araşdırma nəticəsində müəyyən etsə ki, Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Aİİ-nin vahid bazar prinsiplərinə və ya ittifaqın digər qaydalarına uyğun deyil, Rusiyanın həmin maneələri aradan qaldırması tələb oluna bilər”.
Deputatın fikrincə, AİK Ermənistanın müraciətinə müsbət cavab versə, Rusiyanın mövqeyi ondan ibarət ola bilər ki, erməni məhsullarına tətbiq edilən məhdudiyyətlər siyasi və ya proteksionist tədbir deyil, sanitar, fitosanitar, keyfiyyət və məhsul təhlükəsizliyi tələbləri ilə bağlıdır: “Bu müraciət Ermənistan üçün müəyyən mənada hüquqi test də olacaq. Əgər AİK Ermənistanın arqumentlərini qəbul etsə, bu, İrəvanın Aİİ daxilində öz hüquqlarını müdafiə edə bildiyini nümayiş etdirəcək. Əgər Rusiyanın arqumentləri qəbul edilərsə, Ermənistanın manevr imkanları zəifləyəcək”.
Etibar Seyidağa,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ