Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyarder Arkadi Rotenberqin ailəsi ilə əlaqələndirilən struktur Rusiyanın ən böyük neft terminallarından birinə nəzarəti əldə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Rosxim” şirkəti Sankt-Peterburq Neft Terminalının (PNT) səhmlərinin 55 faizinə sahib olub. Səhmdarların reyestrindən əldə olunan məlumata görə, nəzarət paketi ən azı iyulun 10-dan şirkətin əlindədir.
“Rosxim”in Direktorlar Şurasına Arkadi Rotenberqin oğlu İqor Rotenberq rəhbərlik edir.
Diqqətçəkən məqam odur ki, həmin 55 faizlik səhm paketi cəmi bir neçə ay əvvəl biznesmen Dmitri Skiqinin varislərindən alınaraq dövlətin xeyrinə müsadirə edilmişdi. Baş Prokurorluq xarici ölkə vətəndaşlığına malik şəxslərin xüsusi icazə olmadan strateji müəssisəyə sahib ola bilməyəcəyini əsas gətirərək aktivin milliləşdirilməsinə nail olmuşdu.
Beləliklə, əvvəlcə dövlətin nəzarətinə keçən strateji aktiv bir neçə ay sonra Rotenberq ailəsi ilə əlaqəli şirkətin nəzarətinə verilib.
Terminalın qalan 45 faizi Yelena Vasilyevaya məxsusdur. Aktivin dövlətə keçirilməsindən əvvəl terminal ətrafında uzunmüddətli korporativ münaqişə yaşanıb. Müəssisənin həmtəsisçilərindən Sergey Vasilyev insult keçirdikdən sonra Skiqinin varisləri ilə Vasilyeva arasında terminala nəzarət uğrunda məhkəmə çəkişməsi başlayıb.
“Rosxim”in dövlət tərəfindən müsadirə edilmiş aktivləri əldə etməsi ilk belə hal deyil. Əvvəllər Başqırdıstan Soda Şirkəti, “Metafraks”, “Voljski Orqsintez” və Dalneqorsk Dağ-Mədən Kombinatı da şirkətin idarəçiliyinə keçib. “Forbes” və “Kommersant”ın mənbələri “Rosxim”i Arkadi Rotenberqin ailəsi ilə əlaqələndiriblər. 2026-cı ildə isə İqor Rotenberqin şirkətin Direktorlar Şurasına rəhbərlik etdiyi rəsmən məlum olub.
Sankt-Peterburq Neft Terminalı Rusiyanın ən böyük neft terminallarından biri hesab olunur. Maraqlıdır ki, “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, 1990-cı illərdə terminal layihəsinə həmin dövrdə Sankt-Peterburq meriyasında çalışan Vladimir Putin “çox ciddi yardım” göstərib.
Terminalın Rotenberqlərlə əlaqəli struktura keçməsi Arkadi Rotenberqin Kremldə mövqelərinin zəiflədiyi barədə xəbərlərin yayıldığı vaxta təsadüf edir. Onun biznesi ilə əlaqələndirilən bir sıra menecerlərin həbsindən sonra milyarderlə Kreml arasında münaqişə olduğu barədə məlumatlar ortaya çıxmışdı.
Jurnalist Mixail Zıqar isə ötən həftə “Der Spiegel” üçün yazdığı məqalədə mənbələrinə istinadən Arkadi Rotenberqin artıq bir neçə aydır Vladimir Putinlə əlaqə yaratmağa çalışdığını, lakin buna nail ola bilmədiyini bildirmişdi.
İndi isə bu xəbərlərin fonunda Rotenberq ailəsi ilə əlaqəli struktur Rusiyanın strateji neft aktivlərindən birinin nəzarət paketini əldə edib.
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ