Onlayn ictimai-siyasi qəzet
FIFA-nın fəaliyyətinin qismən özəlləşdirilməsi ilə bağlı baş tutmayan 20 milyard dollarlıq layihə böyük hüquqi qalmaqala çevrilir. UEFA məsələni İsveçrədə cinayət işinə daşımağa hazırlaşır və FIFA prezidenti Canni İnfantinonu hədəfə alır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məsələ ilə bağlı ABŞ məhkəməsinə müraciət edilib.
UEFA Nyu-Yorkdakı federal hakimdən amerikalı milyarder investor Coş Kuşner və onun “Thrive Capital” şirkətindən ifadə və sənədlərin tələb edilməsinə icazə istəyib. Coş Kuşner ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın həyat yoldaşı Cared Kuşnerin qardaşıdır.
Məsələnin mərkəzində “FIFA Forward Enterprise” adlandırılan və FIFA-nın gəlir gətirən aktivlərinə özəl kapital cəlb etməyi nəzərdə tutan təxminən 20 milyard dollarlıq plan dayanır. UEFA-nın iddiasına görə, layihənin hazırlanması, qiymətləndirilməsi, maliyyələşdirilməsi və potensial investorlara təqdim edilməsi kifayət qədər şəffaf olmayıb.
UEFA-nın vəkilləri İsveçrədə Canni İnfantino və mümkün digər şəxslər barəsində “cinayət xarakterli idarəetmə pozuntusu” ilə bağlı iş qaldırmağı planlaşdırdıqlarını bildiriblər. Onların fikrincə, layihə FIFA-nın reputasiyasına, idarəetmə sisteminə və kommersiya münasibətlərinə zərər vurub.
Coş Kuşnerin özünün isə cinayət işi üzrə təqsirləndirilən şəxs olması nəzərdə tutulmur. UEFA hesab edir ki, o, investor tərəfdən layihənin necə hazırlandığını bilən azsaylı şəxslərdəndir. Buna görə Kuşnerdən danışıqların nə vaxt və kimlərlə aparıldığı, hansı şərtlərin müzakirə edildiyi və FIFA daxilində layihənin təsdiqlənməsi barədə investorlara hansı məlumatların verildiyinə dair sənədlər tələb olunur.
İnfantino ilə UEFA arasında münasibətlər 2026-cı il dünya çempionatı ərəfəsində onsuz da gərginləşmişdi. FIFA rəhbərinin Donald Trampla yaxınlaşması Avropa futbol rəhbərliyinin narazılığını daha da artırmışdı. İnfantino FIFA Şurasının razılığı olmadan “FIFA Sülh Mükafatı” təsis edərək onu Trampa təqdim etmişdi.
Lakin əsas qarşıdurma FIFA-nın kommersiya aktivlərinin bir hissəsinin özəl investorlara açılması planından sonra başlayıb. FIFA üzvlərinin böyük hissəsi layihə barədə mediadan xəbər tutub. UEFA-nın başçılıq etdiyi müqavimət nəticəsində plan dayandırılıb.
ABŞ Konqresində də məsələ diqqət çəkib. Nümayəndələr Palatasının Ədliyyə Komitəsində demokratların aparıcı nümayəndəsi Ceymi Raskin layihəni İnfantinonun “kickback hat trick”i adlandıraraq araşdırmaya maraq göstərib.
UEFA isə FIFA-da daha fundamental dəyişikliklər tələb edir. Avropa futbol federasiyaları FIFA prezidentinin səlahiyyətlərinə real məhdudiyyət qoyulmasını və qurumun “bir nəfərin ətrafında deyil, institut kimi” idarə edilməsini istəyirlər.
Beləliklə, əvvəlcə futbolun gəlirlərini böyütmək üçün düşünülmüş 20 milyard dollarlıq layihə indi İnfantinonun idarəçilik modelini və FIFA daxilində hakimiyyətini sorğulayan beynəlxalq hüquqi qarşıdurmaya çevrilib.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ