İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər 50 kilometrdən çox olmayan məsafədə… - Yeni qanun

Qanunvericilikdəki avtomagistral anlayışında dəyişiklik ediləcək.

Musavat.com-un məlumatına görə, bu məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, mövcud qanunvericiliyə görə, avtomagistral nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:

- həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz;

-ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri var, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulub;

-dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;

-hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.

Qanun layihəsində yuxarıda bəhs edilən avtomagistral anlayışının yeni redaksiyada verilməsi təklif edilir.

Belə ki, bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 (avtomagistral)və 5.2 (avtomagistralın qurtaracağı) nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol avtomagistral hesab ediləcək.

Deputat Qüdrət Həsənquliyev “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxışında bunları deyib: “Avtomagistral anlayışı verilir və burada qeyd olunur ki, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur. Yəqin ki, Avropada hər birimiz bunu müşahidə etmişik ki, bu cür xüsusi istirahət və dayanacaq meydançalarında bir qayda olaraq texniki xidmət yerləri olur və bir də yanacaq doldurma stansiyaları. Ona görə də bura bu iki anlayışı da daxil etsək hesab edirəm ki, çox doğru olar. Digər dəyişiklikləri müdafiə edirəm, səs verəcəyəm”.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR