İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər seçiciyə 50 manatlıq ət!

Məşhur 11 sentyabr hadisələrinin növbəti ildönümüdür və bəlkə indiki uşaq-muşaq bilməz, 2001-ci ildə həmin günün səhərisi bizim hökumət qəzetlərindən biri (adını yazıb niyə boşuna səs salım ki?) “Pentaqonda islahatlar davam edir” başlığıyla çıxmışdı.

Bin Ladenin uşaqları təyyarələri əkiz qüllələrə, həmçinin Pentaqonun böyrünə yapışdırandan azca qabaq bizim qəzetçilər növbəti sayı hazırlayıb nəşriyata göndəribmişlər, ta ərindiklərindən gedib orda dəyişiklik etməmişdilər. Əslində həmin qəzeti heç oxuyan olmurdu, elə bizim kimiləri məzə üçün vərəqləyirdik, ona görə güman edirəm “islahatların davam elədiyini” heç Pentaqon özü də bilməmişdi.

Ancaq hər halda həmin başlıq bizim media qurdlarının əlində-ovcunda qalıb, hərdən indiki kimi xatırlayıb xoşhal oluruq. Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da cansağlığı.

Bir qahım var, təzəlikcə Albaniyadan turist səfərindən dönmüşdür, deyir orda mitinqə tuş gəldim: “Təsadüfən son illər hansı ölkəyə getsəm mitinqin içinə düşürəm. Türkiyə, Gürcüstan, indi də Albaniya”. Mən onun cümləsindəki “təsadüfən” sözünə çox güldüm, lakin üzünə vurmadım.

Çünki yazığın siyasətdən-zaddan anlayışı yoxdur, olsa bilərdi ki, adını çəkdiyi bu ölkələrdə mitinq, yürüş, piket – etiraz aksiyasının istənilən növü təsadüfən rast gəlinən bir şey deyil, adi, gündəlik həyat tərzidir. İnsanlar etiraz hüquqlarından yararlanırlar.

Elə həmin Albaniyanın paytaxtı Tiranada etiraz aksiyaları 100 gündən çoxdur davam edir. Təsəvvür edirsinizmi? Bütün yayı mitinqdə olublar. Arada polislə toqquşma-filan da baş verib. Albanlar buna “Flaminqo inqilabı” adı qoyublar, çünki ortada bu çəhrayı quşla bağlı tema var. Orda flaminqoların toplaşdığı bir gölün böyür-başını Trampın yeznəsi Kuşnerə satıblar. Ki, ərazidə nəsə kurort qayırsın. Camaat da bunun ekoloji fəlakət törədəcəyini deyərək baş nazir Edi Rama müəllimi istefaya səsləyir. Hələlik aksiyalar Rama müəllimin maşınının ramasını da tərpətməyib, lakin nə biləsən?.. Əsas odur proses gedir.

Əlbəttə, sual ortaya çıxa bilər ki, bizdə niyə etiraz aksiyaları olmur. Ancaq sualı ortaya çıxmamış basıb geri qaytararıq, çünki bizdə hamı hökumətdən razıdır. Yerdən göyə razıyıq. Allaha şükür, hər şeyimiz var.

Allahşükür demişkən, şeyximizin hətta şəxsi təyyarəsi belə varmış. Qardaşı açıqlama verib, deyir bütün Azərbaycan təyyarələri bizimdir. Gör nə qədər vətənpərvər insandır! Hərçənd, arada şeyxin biznesi Çexiyadan tapılmışdı, məlum olmurdu çexlər haçan müsəlmançılığı qəbul ediblər. Bəlkə onlar da “pivə müsəlmanı” olublar uca şeyximizin propaqandası ilə? Pis mənada yazmıram, “hacı pivəsi” var axı.

Qayıdaq 11 sentyabra, daha dəqiqi Amerikaya. Orada maraqlı proseslər davam edir. Məsələn, dövlət başçısı Tramp müəllim bugünlərdə parlamentə seçkilər münasibətiylə mitinqdə bəyan edib ki, kim bizim partiyaya səs versə, ona 5 min dollar nağd pul sayıb verəcəyəm.

Buyur. Bu da sənə demokratiyanın beşiyi... Həqiqətən, beşiyi əla yellədir. Bax, o cür vədi bizdəki seçki namizədləri versələr, bütün dünya üstümüzə gələr. AŞPA, ATƏT, başqaları... Deyərlər Azərbaycanda seçicilərin səslərini rüşvətlə almaq cəhdi vardır. Ancaq ABŞ-da olanda hamı gülür, keçir. Zarafat kimi baxırlar, uzağı. Halbuki, belə qurumların üzündən artıq neçə seçkidir camaatımız ac-yalavac qalır.

Müstəqillik təzə başlayanda isə belə deyildi. Namizədlər hərəsi bir şey vəd edirdi. Biri qaz çəkirdi, başqası kəndin yolunu qayırırdı, üçüncüsü ət verirdi, dördüncüsü seçicilərin sünnət toyunu təşkil edirdi və sairə. Sonra andıra qalmış qanunlar çıxdı, vədlər də cəhənnəmə vasil oldu. Son seçkidə deputatlığa namizədlərin bəzisi heç buklet də paylamadı camaat milçəyini qovsun.

Bəlkə də biz məhz “Namizədlər ət vəd etməlidir!” şüarıyla etiraz aksiyalarına başlamalıyıq.

Hələ gör nə şairanədir: “namizəd, ət, vəd!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Sentyabr 2026

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR