İnsanlara hürriyət, millətlərə istiqlal!

11 sentyabr düyünü - 21 ildir ABŞ-də məhkəmə hökmü olmadan dustaq olan var

ABŞ-da törədilən 11 sentyabr terrorunun əsas təşkilatçısı hesab edilən Xalid Şeyx Məhəmməd 23 ildir həbsdədir, məhkəməsi isə hələ başlamayıb. 

İndi isə Quantanamo hərbi tribunalı bildirir ki, məhkəmənin əsas mərhələsi 5 iyun 2028-ci ildən tez başlamayacaq.

Yəni dünyanın ən səs-küylü terror işlərindən birinin əsas məhkəməsi hadisədən təxminən 27 il sonra keçirilə bilər. 

Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb. 2006-cı ildə Quantanamoya gətirilib.
ABŞ onu 11 sentyabr hücumlarının əsas planlaşdırıcılarından biri hesab edir.

Bu müddətdə prokurorluq yüzlərlə sənəd, kəşfiyyat materialı, maliyyə izi, rabitə məlumatı və digər sübutlar toplayıb.

Amma işin ən böyük hüquqi problemi də elə ABŞ-ın öz siyasətindən doğub.

Şeyx Məhəmməd MKİ-nin gizli həbs proqramında saxlanıldığı dövrdə ağır işgəncələrə məruz qalıb.
183 dəfə "waterboarding" ABŞ Senatının Kəşfiyyat Komitəsinin araşdırmalarına görə, Xalid Şeyx Məhəmmədə 183 dəfə waterboarding - suda son nəfəsə qədər tətbiq edilib.

Bu metod məhbusda boğulma və ölüm hissi yaratmağa hesablanmışdı.

İndi həmin işgəncənin hüquqi nəticəsi ABŞ məhkəməsinin qarşısındadır.

2026-cı ilin avqustunda hakim Maykl Şrama Xalid Şeyx Məhəmmədin 2007-ci ildə FBI əməkdaşlarına verdiyi ifadələrin könüllü xarakter daşımasını qəbul etməyib və həmin ifadələrin məhkəmədə istifadəsini qadağan edib.

Bu qərar prokurorluğun işini daha da çətinləşdirib.

Lakin bu, 11 sentyabr barədə bütün sübutların yox olması demək deyil.

ABŞ hökumətinin əlində telefon danışıqları, maliyyə əməliyyatları, sənədlər və digər kəşfiyyat materiallarının olduğu bildirilir.

Deməli, əsas problem 11 sentyabrın Əl-Qaidə tərəfindən təşkil edildiyini ümumiyyətlə sübut etmək deyil.

Problem konkret təqsirləndirilən şəxslərin cinayət məsuliyyətini məhkəmədə hansı sübutlarla və hansı hüquqi çərçivədə təsdiqləməkdir.

Xalid Şeyx Məhəmməd MKİ agenti olub?

Bu məsələ də illərdir konspirasiya nəzəriyyələrinin sevimli mövzularından biridir.

Lakin Xalid Şeyx Məhəmmədin MKİ agenti və ya əməkdaşı olduğunu təsdiqləyən etibarlı açıq sənəd yoxdur.

Əksinə, ABŞ-ın 11 sentyabr Komissiyasının hesabatında o, Əl-Qaidənin yüksək səviyyəli əməliyyat planlaşdırıcısı və hücumların əsas memarlarından biri kimi təqdim olunur.

Onun ABŞ-da təhsil alması, Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşən islamçı qruplarla əlaqələri və ABŞ-ın həmin dövrdə mücahidlərə dəstək verməsi də avtomatik olaraq onun MKİ agenti olması haqda iddaların əsassız olmadığına dəlalət edən faktlar kimi qəbul olunur.

İsrintaq səmədlərinə görə 2024-cü ildə Xalid Şeyx Məhəmməd və digər təqsirləndirilənlərlə ittihamı etiraf etmək və ölüm cəzasından yayınmaq müqabilində ömürlük həbs nəzərdə tutan razılaşma əldə edilmişdi.

Sonradan ABŞ Müdafiə Nazirliyi daxilində bu razılaşmaya ciddi etiraz yarandı və məsələ məhkəmələrə daşındı. Nəticədə razılaşma qüvvədə qalmadı. Beləliklə, "11 sentyabr işi' yenidən tam məhkəmə prosesinə qayıtdı.

Amma bu dəfə də qarşıda işgəncə yolu ilə əldə edilmiş ifadələrin hüquqi taleyi dayanır.
1990-cı illərin sonunda Əl-Qaidə ilə əlaqəli şəxslərin Azərbaycanda fəaliyyət göstərməsi və Bakıda saxlanılması barədə məlumatlar mövcuddur.

Bu kontekstdə Xalid Şeyx Məhəmmədin Azərbaycandakı mümkün əlaqələri barədə də müxtəlif iddialar səsləndirilib.

Lakin onun konkret olaraq Bakıda İsrail səfirliyinə hücum planının müəllifi olduğunu təsdiqləyən birbaşa və möhkəm sənəd olmadan bunu fakt kimi təqdim etmək düzgün deyil.

Bu məsələdə də faktla ehtimalı ayırmaq lazımdır.

2028-ci ildə məhkəmə başlayacaqmı?

Hazırkı qərara əsasən, əsas məhkəmə mərhələsinin 5 iyun 2028-ci ildə başlaması planlaşdırılır. Amma bu da son nöqtə deyil.

Məxfi sənədlər, sübutların mümkünlüyü, müdafiə tərəfinin vəsatətləri və digər prosessual mübahisələr hələ qalır.

Üstəlik, prosesdə əvvəlcə beş əsas təqsirləndirilən şəxs olsa da, Ramzi bin əl-Şibh-in psixi vəziyyəti ilə bağlı işi ayrılıb. 2028-ci il üçün nəzərdə tutulan əsas proses Xalid Şeyx Məhəmməd və digər üç təqsirləndirilən şəxsi əhatə edir.

ABŞ 11 sentyabrdan sonra terrorla mübarizə aparmaq üçün fövqəladə metodlara əl atdı.

Gizli həbsxanalar yaradıldı. Məhbuslar uzun müddət hüquqi nəzarətdən kənarda saxlanıldı.

İşgəncə metodlarından istifadə edildi.

Məqsəd terrorçuların tez bir zamanda ifşa edilməsi və cəzalandırılması idi.

Lakin illər sonra həmin metodların özü məhkəmənin qarşısında hüquqi maneəyə çevrildi.

Beləliklə, ABŞ-ın “tez nəticə” üçün seçdiyi üsullar sonda prosesi daha da uzatdı.

Bu işin ən acı ironiyası terrorla mübarizə adı altında hüququn sərhədlərini aşan dövlət indi həmin sərhədlərin öz məhkəməsində qarşısına çıxardığı nəticələrlə mübarizə aparır.

11 sentyabr qurbanlarının ailələri isə hələ də hökm gözləyir. Xalid Şeyx Məhəmməd isə 2003-cü ildən həbsdədir. Məhkəmə isə 2028-ci ilə planlaşdırılır. Əgər bu tarix də təxirə düşsə, artıq söhbət təkcə hüquqi mürəkkəblikdən yox, ədalətin zamanla yarışını uduzmasından gedəcək. Quantanamo düyünü məhz buna görə ABŞ tarixinin ən ağır hüquqi miraslarından biridir: cinayət çoxdan törədilib, şübhəli çoxdan tutulub, sübutlar illərdir toplanıb – amma hökm hələ gələcək zamandadır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR