İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev-Pezeşkian görüşünün pərdəarxası: Bakı və Tehran nə qazanacaq?

Azərbaycan və İran münasibətlərində regional proseslərin təsiri fonunda Dövlət Başçısı İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla Türkmənbaşıda keçirdiyi görüş xüsusi diqqət çəkir. Yaxın Şərqdə gərginliyin davam etdiyi, Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların formalaşdığı bir vaxtda Bakı ilə Tehran arasında dialoqun intensivləşməsi təhlükəsizlikdən tutmuş nəqliyyat-kommunikasiya xətlərinə qədər bir sıra məsələləri yenidən gündəmə gətirir. Xüsusilə sərhəd təhlükəsizliyi, tranzit imkanları, regional əməkdaşlıq və ikitərəfli iqtisadi əlaqələrin inkişafı iki ölkənin münasibətlərində mühüm istiqamətlərdir. Eyni zamanda, İran ətrafında baş verən proseslər və Cənubi Qafqazda maraqların uzlaşdırılması zərurəti bu təmasların əhəmiyyətini artırır.

FİKRET YENİ.jpeg (135 KB)

Musavat.com-un xəbərinə görə, sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə həmkarı Məsud Pezeşkianın keçirdikləri görüşə sadəcə iki qonşu dövlət başçısının növbəti diplomatik təması kimi yanaşmaq düzgün olmazdı:

“Bu görüş regionda sürətlə dəyişən geosiyasi vəziyyət, Yaxın Şərqdə davam edən gərginlik və Cənubi Qafqazda formalaşmış yeni siyasi-iqtisadi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Əslində, bu gün Azərbaycanla İran arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarından irəli gəlsə də, mövcud vəziyyət Tehran üçün Bakı ilə konstruktiv əməkdaşlığı daha zəruri edir. Azərbaycanla İran arasında münasibətlər heç də həmişə rəvan olmayıb. Müxtəlif dövrlərdə siyasi etimadsızlıq, təhlükəsizlik məsələlərinə fərqli yanaşmalar və regional proseslərə münasibətdə fikir ayrılıqları ikitərəfli əlaqələrə mənfi təsir göstərib. Lakin coğrafiyanı dəyişmək mümkün deyil. Azərbaycanla İran qonşu dövlətlərdir və onların qarşılıqlı iqtisadi, nəqliyyat və təhlükəsizlik maraqları mövcuddur. Bu baxımdan, münasibətlərin qarşıdurma deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulması hər iki tərəf üçün daha rasional seçimdir”.

Sabiq nazir burada mühüm bir məqamı xüsusi vurğulayıb:

“Azərbaycan artıq Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradan əsas dövlətə çevrilib. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası regionda qüvvələr nisbətini dəyişib, yeni nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üçün imkanlar açıb. İranın bu reallıqları düzgün qiymətləndirməsi və Azərbaycanın təşəbbüslərinə praqmatik münasibət göstərməsi onun özünün də uzunmüddətli iqtisadi maraqlarına xidmət edə bilər. İki ölkə arasında xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, sərhəd keçidlərinin imkanlarının genişləndirilməsi, Araz çayı üzərində nəqliyyat infrastrukturunun yaradılması və Azərbaycan vasitəsilə regional bazarlara çıxış İran üçün ciddi iqtisadi perspektivlər açır. Bu layihələr yalnız tranzit gəlirlərinin artması demək deyil. Onlar ticarətin genişlənməsinə, logistika xidmətlərinin inkişafına, yeni investisiyaların cəlbinə və sərhədyanı ərazilərdə iqtisadi fəallığın yüksəlməsinə şərait yarada bilər. Digər tərəfdən, İranın beynəlxalq sanksiyalar və regional təhlükəsizlik riskləri ilə üzləşdiyi bir şəraitdə qonşu dövlətlərlə iqtisadi münasibətlərini genişləndirməsi onun üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan isə İran üçün həm etibarlı qonşuluq münasibətlərinin qurulması, həm də regional nəqliyyat və ticarət imkanlarından istifadə baxımından əhəmiyyətli tərəfdaş ola bilər”.

Fikrət Yusifov qeyd edib ki, Azərbaycan-İran münasibətlərində təhlükəsizlik məsələsi də xüsusi diqqət tələb edir:

“İki ölkə arasında etimadın möhkəmlənməsi üçün bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizlik maraqlarına hörmət əsas prinsip olmalıdır. Azərbaycanın mövqeyi aydındır. Ölkəmiz regionda qarşıdurmanın genişlənməsində deyil, sabitliyin və əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Eyni zamanda, Azərbaycan öz müstəqil xarici siyasətini heç bir üçüncü dövlətin maraqlarına tabe etdirmək niyyətində deyil. Diqqətəlayiq məqamlardan biri də odur ki, son dövrlərdə iki ölkə rəhbərləri arasında siyasi təmaslar intensivləşib. Sentyabrın sonunda keçirilmiş telefon danışığı, hökumət nümayəndə heyətinin İrana səfəri və Türkmənbaşı görüşü münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR