Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın ultramillətçi, imperialist siyasəti tarix boyu Avrasiyanın əhəmiyyətli hissəsində yaşayan millətlərin, xüsusilə də türk xalqlarının assimilyasiya olunmasına, dil və mədəniyyətlərinin, mili identikliklərinin sıradan çıxarılmasına xidmət edib. Məsələnin ikrah doğuran tərəfi isə ondan ibarətdir ki, digər imperialist ölkələrin əhəmiyyətli hissəsindən fərqli olaraq, “velikorus” şovinizmi öz assimilyasiya siyasətini, “xalqların xilas edilməsi” saxta ideoloji tezisi üzərindən həyata keçirib. Və hələ də anlamaq istəmir ki, Avropada və Asiyada yaşayan heç bir xalqa belə qanlı “xilaskarlıq” lazım deyil”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu gün Tıva, Yakutstan, Xakasstan, Çuvaşıstan, Başqırdstan, Tatarıstan və digər türk yurdlarına nəzər salanda, bu “xilaskar”lığın tarixin ən dəhşətli assimilyasiya siyasətlərindən biri olduğunu müəyyənləşdirmək mümkündür: “İnsanlara nəinki öz dillərini, mədəniyyətlərini, hətta milli kimliklərini belə unutdurublar, yurdlarından didərgin salıblar, milli dünyagörüşlərindən başlamış həyat tərzlərinə kimi – milli identikliyi qoruyan nə varsa, hər şeyə müdaxilə ediblər.
Bu baxımdan, müstəqil türk dövlətlərinin milli mədəniyyət üzərindən inkişafını müşahidə etmək, imperializmin qəzəb simvoluna çevrilmiş bir siyasi dünyagörüşünün sərhədsiz aqressiyasına səbəb olur.
Məgər ötən əsrin əvvəllərində, mart soyqırımları zamanı Azərbaycanda, Türkistanda amansız qətliamları həyata keçirənlər yalnız ermənilər idi? Bir ovuc erməni bu qədər nəhəng bir ərazidə necə soyqırım törədə bilərdi ki? Ermənilər sadəcə balta funksiyasını yerinə yetirirdilər, baltanı tutan əl isə bir qayda olaraq, kritik vəziyyətlərdə gözə dəymir, qətliam başa çatdıqdan sonra özünü “xilaskar” obrazında təqdim etməyə çalışırdı.
Bu səbəbdən XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da ikibaşlı qartalın həyata keçirdiyi siyasətin mahiyyəti dəyişməz qaldı. 20 yanvarda Bakıda və ölkəmizin digər regionlarında dinc insanlara qarşı amansız cinayətlər törədən, Xocalının işğal edilməsinə və soyqırımın gerçəkləşməsinə, işğalın 30 ilə yaxın davam etməsinə rəvac verən hansı mərkəz idisə, bu gün də davamlı təxribat ssenarilərini gerçəkləşdirməyə çalışan eyni mərkəzdir.
Rus xalqına yüz illərdir aşılanan ideoloji-siyasi şüurun təməlində iki xətt, iki rəng dayanır: Ağ və qara, dost və düşmən! Ona görə də velikorus şovinist şüurunun formalaşdırdığı toplumun əhəmiyyətli hissəsi və onu təmsil edən hakimiyyətlər dosta sağmal inək kimi yanaşır. İnək süd verməkdən imtina etdikdə və yaxud süddən kəsildikdə dostluq başa çatır. Həm də sadəcə başa çatmır, düşmənçiliyə çevrili Məhz buna görə də Rusiyanın dostu yoxdur, zorən müttəfiqləri var... Elə Rusiyanın özü də nə xalqları, nə də dövlətləri özünə müttəfiq hesab etmir. Rusiya, hətta “müttəfiq” adlandırdığı ölkələrə də öz maraqlarının girovu kimi yanaşır. 
Girov saxlamaq isə Rusiyanın köhnə adətidir. Qarabağ xanlığının Rus İmperiyasının tərkibinə qatılmasını rəsmiləşdirən Kürəkçay müqaviləsindən sonra İbrahim Xəlil xanın nəvəsi Tiflisdə, ali baş komandanın iqamətgahında girov saxlanılırdı... Bu müqavilədən cəmi 1 il sonra Rus imperiyasının general-leytenantı İbrahim Xəlil xanın bütün nəsli, oğlu Mehdiqulu xan istisna olunmaqla Şuşa qalasının qarnizon rəisi mayor Lisaneviç tərəfindən qılıncdan keçirildi. Rus imperiyasının general-leytenantını general-mayor rütbəsi ilə "şərəfləndirilmiş” Mehdiqulu xan əvəz etdi. Və cəmi 17 il sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək Rusiya imperiyasının əyalətinə çevrildi”.
Deputat məşhur bir şəxsiyyətdən də sitat gətirdi: “Bu gün Rusiya ilə bağlı qarşılaşdığımız çoxsaylı problemlərin səbəbini 100 il öncə, mənə görə Rusiyanın vicdanı sayıla biləcək azsaylı şəxsiyyətlərdən biri olan böyük filosof Nikolay Berdyayev dilə gətirib.
Sitat: "Avropa ölkələrində, xüsusilə də İngiltərə, Fransa və Almaniyada, inkişafın bizə bəlli olan mərhələsində milli indentikliyin özünəməxsus forması olan kişilik ruhu daxildən oyanaraq xalqın inkişafını təbii şəkildə tərtib etdi.
Ancaq Rusiyada bu baş vermədi. Ona qadınlıq, qadın xisləti hakim kəsildi. Hansı səbəbdən?
Rusiyanın tarixində heç vaxt cəngavərlik (ənənələri) olmayıb. Və bu səbəbdən də Rusiya şəxsi şərəf mədəniyyətindən, şəxsiyyətin formalaşması, bərkiməsi prosesindən keçməyib".
Berdyayev öz fikirlərində türk və Qafqaz xalqlarınin xarakter cizgilərinə istinad etməsə də, kişilik ruhunun, şəxsi, fərdi şərəf anlayışının türk xalqlarında və ermənilər istisna olmaqla Cənubu Qafqazda yaşayan millətlərdə daha yüksək olduğunu sübuta yetirməyə ehtiyac duyulmadığı qənaətindəyəm. Bu baxımdan, aramızda mədəniyyət, milli, toplumsal xarakter barışmazlığı olduğu üçün kollektivçi Rusiya ilə uzlaşmağımız mümkün deyil. Heç vaxt da mümkün olmayacaq.
Çarizmin süqutundan sonra rus milli burjuaziyası Rusiyanı sözün bütün mənalarında qərarsızlıq böhranından çıxarmağa çalışsa da, təəssüf ki, buna nail ola bilmədi. Müasir Rusiya Radişevin, Novikovun, Bestujev-Marlinskinin, Belinskinin, Çernışevskinin, Bakuninin və rus burjuaziya inqilabı liderlərinin arzu və istəklərindən deyil, Lenin, Buxarin kimi avantüristlərin xəstə təfəkkürlərindən doğub. SSRİ süquta uğrasa da, Rusiya hələ də postbolşevizm dövrünü yaşayır, sistem və düşüncə tərzi olaraq bolşevizmdən qopa bilməyib. Proletar bolşevizmini oliqarx bolşevizmi əvəz edib. Mahiyyət isə eynidir”.
Cavanşir ABBASLI
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ