Onlayn ictimai-siyasi qəzet
ABŞ-İran qarşıdurmasının yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi barədə siqnallar durmadan artır. "Financial Times"ın bu gün yaydığı məlumata görə, İran ABŞ Prezidenti Donald Trampın müharibəni yenidən və daha geniş miqyasda eskalasiya etdirməsi halında Yaxın Şərqdən kənarda, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək variantını nəzərdən keçirir. Qəzet bunu İran rejiminə yaxın iki mənbəyə istinadən yazıb.

Məlumata görə, Tehran xüsusilə Cənub-Şərqi Avropadakı ABŞ hərbi obyektlərini, o cümlədən Bolqarıstan və Kiprdə yerləşən və ya ABŞ qüvvələrinin istifadəsinə açıq olan obyektləri mümkün hədəflər sırasında nəzərdən keçirib. Bolqarıstandakı Bezmer aviabazasının ABŞ yanacaq dolduran təyyarələri üçün istifadəsinə icazə verilməsi də bu ölkənin mümkün hədəf kimi nəzərdən keçirilməsinin səbəblərindən biri kimi göstərilir.
Bu məlumatın ən təhlükəli tərəfi isə ondan ibarətdir ki, söhbət artıq yalnız İranın ABŞ və İsrailə Yaxın Şərqdə cavab verməsindən getmir. Tehran qarşıdurmanın coğrafiyasını Avropaya qədər genişləndirmək ssenarisini də hesablayır. Bununla yanaşı, İran hərbi dairələrinin Hörmüz boğazında sualtı rabitə infrastrukturuna zərbə endirmək imkanlarını da araşdırdığı bildirilir.
Beləliklə, İranın mesajı kifayət qədər aydın görünür: əgər Vaşinqton müharibəni genişləndirərsə, Tehran cavabı yalnız region daxilində verməklə kifayətlənməyəcək. Bu isə münaqişənin Yaxın Şərq sərhədlərindən çıxaraq Aralıq dənizi və Avropanın cənub-şərqinə qədər yayılması riskini artırır. Eyni zamanda, FT-nin məlumatına görə, Tehran daxilində yeni genişmiqyaslı qarşıdurmanın qaçılmaz ola biləcəyinə dair mövqelər güclənir və İranın təhlükəsizlik-hərbi rəhbərliyində sərt xətt tərəfdarlarının təsiri artır.
Əgər bu ssenari reallaşarsa, Kipr və Bolqarıstan kimi ölkələr İran-ABŞ qarşıdurmasının birbaşa tərəfinə çevrilmək təhlükəsi ilə üzləşəcək. Bu isə artıq təkcə ABŞ-İran müharibəsi deyil, NATO ölkələrinin də təhlükəsizlik gündəmini dəyişə biləcək daha geniş geosiyasi böhran deməkdir.
Tehran həqiqətən müharibənin cəbhəsini Avropaya qədər genişləndirməyə hazırlaşır? İranın Bolqarıstan və Kipri mümkün hədəf kimi nəzərdən keçirməsi Avropaya verilən açıq mesajdır? Belə bir hücum NATO-nu müharibəyə birbaşa cəlb edə bilərmi?

AMİP sədrinin müavini, siyasi şərhçi Afsəddin Nəbiyev Musavat.com-da vurğuladı ki, “Financial Times”ın Tehranın Bolqarıstan və Kiprdəki ABŞ hərbi logistik obyektlərinə, eləcə də Hörmüz boğazındakı sualtı kommunikasiya xətlərinə zərbə endirmək variantını nəzərdən keçirdiyi barədə yazısı hərbi-siyasi dairələrdə ciddi həyəcan siqnalıdır: “Ssenari reallaşarsa, hansı proseslər baş verər? Politologiyada buna "strateji çəkindirmə" deterrence və "eskalasiya yolu ilə de-eskalasiya" taktikası deyilir. İranın bu mesajı bir neçə əsas hədəfə hesablanıb. Tehran Vaşinqtonun Avropadakı müttəfiqlərinə xüsusən logistik baza ayıran Bolqarıstan kimi ölkələrə açıq mesaj verir: "Ağ Evin hərbi yürüşünə meydan versəniz, müharibənin bədəlini siz də ödəyəcəksiniz”. Vaşinqtonda yenidən hakimiyyətə gələn Donald Trampın genişmiqyaslı əməliyyatlara başlamasının qarşısını almaq üçün müharibənin potensial risk xərclərini süni şəkildə qaldırır. Tehranın orta mənzilli raketləri Cənub-Şərqi Avropaya çatmağa qadir olsa da, İranın Avropada uzunmüddətli davamlı hərbi cəbhə saxlaması üçün logistik resursları kifayət etmir. Buna görə də bu, hələlik reallıqdan çox psixoloji təzyiq alətidir. Əgər bu ssenari reallığa çevrilərsə, münaqişənin xarakteri kökündən dəyişər. Bolqarıstan NATO-nun tamhüquqlu üzvüdür. Ölkə ərazisinə və ya oradakı obyektlərə ediləcək istənilən raket zərbəsi Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini "Bir üzvə hücum, hamıya hücumdur" avtomatik aktivləşdirər. Bu artıq "ABŞ-İran" qarşıdurması deyil, "NATO-İran müharibəsi" olar. Kipr NATO üzvü olmasa da, adada Böyük Britaniyanın suversal hərbi bazaları yerləşir. Bu bazalara zərbə endirilməsi Londonun münaqişəyə birbaşa hərbi qüvvə ilə qoşulmasını qaçılmaz edər. Politoloji qiymətləndirməyə görə, bu ssenari III dünya müharibəsinə gətirib çıxarmaz, lakin XXI əsrin en böyük regional-qlobal böhranını yaradar. III Dünya Müharibəsinin başlaması üçün Rusiya və ya Çin kimi digər supergüclərin İranın tərəfində aktiv şəkildə hərbi münaqişəyə girməsi lazımdır. Lakin nə Moskva, nə də Pekin Tehranın Avropaya raket atmasını dəstəkləməz. Çünki bu, qlobal ticarət, energetika və tədarük zəncirini iflic edərək hər iki ölkənin maraqlarına zərbə vurur”.
Politoloq onu da diqqətə çatdırdı ki, NATO-nun kollektiv cavabı çərçivəsində Alyansın hava və dəniz qüvvələri İranın bütün raket komplekslərini və hərbi dəniz bazalarını hədəf alar: “İranın Hörmüz boğazını bağlaması və sualtı internet kabellərinə zərbə endirmək təhdidi qlobal neft qiymətlərini rekord həddə qaldırar, dünya maliyyə bazarlarını dərin böhrana salar. Avropa İttifaqı ölkələri daxili fikir ayrılıqlarını kənara qoyaraq Vaşinqtonla tam birgə hərbi bloka çevrilər. İranın Avropa kartını masaya qoyması onun geostrateji baxımdan nə qədər sıxışdırıldığının və qarşıdurmanın həddini maksimuma qaldırmaq istədiyinin göstəricisidir. Bu, Avropaya verilən açıq mesaj olsa da, Tehran yaxşı anlayır ki, bu xətti keçmək NATO-nun kollektiv hərbi gücünü birbaşa öz üzərinə çəkmək deməkdir. Bu səbəbdən bəyanat real hərbi strategiyadan daha çox, müharibənin qarşısını almağa hesablanmış son dərəcə riskli bir geosiyasi blefdir”.
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ