Onlayn ictimai-siyasi qəzet
ABŞ və İran arasında qarşıdurma fonunda Tehran Vaşinqtona qarşı ritorikanı daha da sərtləşdirib.
Musavat.com xəbər verir ki, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsini icra edən Məcid Rza ABŞ-ın mümkün yeni hərbi zərbəsi ilə bağlı açıq xəbərdarlıq edib və Vaşinqtonun hücumları davam etdirəcəyi təqdirdə İranın cavab tədbirlərinin daha geniş coğrafiyanı əhatə edə biləcəyini bildirib.
İran rəsmisinin açıqlamasında Oman dənizi və Hind okeanı ilə yanaşı, Kubanın cənubundakı Donuzlar körfəzinə də işarə etməsi diqqət çəkib. Tehran bununla ABŞ-a yalnız Yaxın Şərqdə deyil, daha uzaq ərazilərdə də cavab vermək imkanına malik olduğu mesajını çatdırmağa çalışır. Məcid Rza həmçinin Donald Trampın müharibə ilə bağlı yanaşmasını sərt şəkildə tənqid edib və növbəti mümkün ABŞ hücumunun ağır nəticələr doğura biləcəyini vurğulayıb.
Donuzlar körfəzinə edilən istinad isə xüsusilə diqqətçəkəndir. Belə ki, bu ərazi 1961-ci ildə ABŞ-ın dəstəklədiyi uğursuz desant əməliyyatı ilə bağlı Vaşinqton-Havana qarşıdurmasının simvolik məkanlarından biri hesab olunur.
Tehranın bu sərt mesajı ABŞ-İran qarşıdurmasının yeni coğrafiyalara sıçraması ehtimalını artırırmı və Vaşinqton İranın təhdidlərinə necə cavab verəcək?
Politoloq Azər Qasımlı bunu blef sayır:
“ABŞ Prezidenti Donald Trampın “SENTKOM”a İrana zərbə üçün hazır vəziyyətə gəlməsini tapşırması yaxınlaşan aralıq seçkilərində respublikaçıların vəziyyətinin yaxşı olmadığını göstərir. Belə bir hücumun olma ehtimalı böyük idi və Trampın bu əmri verəcəyinin məcburiyyətdən doğduğu açıq görünürdü. İran da bunu başa düşürdü. Hətta İranın ABŞ və İsrailə ilk olaraq hücum edəcəyi xəbərdarlığı da edilirdi. Tərəflər hələlik bir-birilərinin sinirlərini yoxlayırlar. İranın qeyd etdiyi ərazilərə zərbə endirmək imkanının olub-olmadığını dəqiq bilməsək də, böyük ehtimalla bu, blefdir, amma qeyd edilən istiqamətdə raket buraxacağı mümkün ola bilər. Təbii ki, coğrafi olaraq bu raketlərin trayektoriyası boyu yerləşən NATO ölkələrinin ərazisindən bu raketlər vurulacaq. Bu da İrana qarşı yeni alyansın formalaşmasına səbəb ola bilər”.
Cavanşir Abbaslı
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ