Onlayn ictimai-siyasi qəzet
İran TRIPP marşrutunun - Zəngəzur dəhlizinin təhlükəsizliyinin yalnız erməni və ya rus hərbçiləri tərəfindən təmin edilməsini istəyir.
Musavat.com-un məlumatına görə, BBC-Monitorinq Ermənistan mediasına istinadən bu barədə xəbər verib.
Tehran İrəvanı bununla bağlı zəmanət verməyə çağırıb, news.am öz mənbələrinə əsasən bildirib. Xəbər portalı qeyd edib ki, Tehran bununla ABŞ hərbçilərinin İran sərhədləri yaxınlığında yerləşdirilməsinin qarşısını almağa çalışır. Əks halda Vaşinqton və Tehran arasında gərginliyin artacağı təqdirdə İran ABŞ personalını legitim hədəf hesab edəcək, məlumatda deyilir. İran bu məsələ ilə bağlı narahatlığını daha əvvəl də ifadə edib, həmin vaxt Ermənistan marşrutun ölkənin suverenliyi və yurisdiksiyası altında qalacağını bəyan edib.
Xatırladaq ki, hazırda Ermənistan-İran sərhədini Rusiya hərbçiləri qoruyur.
Maraqlısı budur ki, Azərbaycan Prezidenti ikə səmimi görüşən İran Prezident Məsud Pezeşkianın öz ölkəsində hədəfə alınması ilə eyni vaxta təsadüf edir Zəngəzur dəhlizinə qarşı həmlə. Bu, bir daha təsdiqləyir ki, İranda SEPAH-ın timsalında ikihakimiyyətlilik hökm sürür. Bəs bu vəziyyət Tehranın Zəngəzur dəhlizinə maneçiliyinə və Ermənistanın mövqeyinə təsir göstərməsinə səbəb ola bilərmi?

Deputat Aydın Mirzəzadə Musavat.com-a bildirdi ki, Tramp marşrutu Zəngəzur dəhlizindən keçən yolların bir Amerika şirkətinə uzunmüddətli icarəyə verilməsini nəzərdə tutur: "Orada hərbi qüvvələrin iştirakı məsələsi heç bir zaman danışılmayıb. Ola bilsin ki, İran tərəfi özünün bu məsələdə hansısa bir gözləntiləri ilə bağlı mövqeyini bildirib. Azərbaycan üçün əsas olan həmin marşrutun işləməsidir. Tramp marşrutunun kim tərəfindən təhlükəsizliyinin təmin edilməsi isə artıq Ermənistanın həll edəcəyi bir məsələdir və bu, onun daxili işidir. Kimə etibar edəcək, İranla nə cür danışıqlara gedəcək, bu, Ermənistana aid məsələdir".
A.Mirzəzadə xatırlatdı ki, Tramp marşrutunun reallaşması gündəmdə olan əsas məsələdir: "Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında əlaqənin bərpa edilməsi deyil, həm də Şərqlə Qərbin arasında çox vacib bir tranzit xəttidir. Bu, çox ciddi və əhəmiyyətli bir logistik layihədir və bu layihə yüz minlərlə yeni iş yerlərinin yaradılması, bu marşrutdan keçən ölkələrin büdcələrinə çox böyük vəsaitlərin daxil olmasıdır".
Deputatın sözlərinə görə, tamamilə mümkündür ki, gələcəkdə İranın özü bu marşrutdan istifadə etməyə maraq göstərsin: "İranla ABŞ arasındakı olan münaqişə isə həmişə davam edəsi değil ki... Nə zamansa bu münaqişə bitəcək, hansısa bir razılığa gələcəklər və yaxud da uzunmüddətli bu münaqişəni donduracaqlar. Çünki bu münaqişənin olması bu gün heç kəsin xeyrinə değil. Azərbaycan Naxçıvana gedən yolun açılmasını əsas sayır və Ermənistan öz üzərinə götürdüyü öhdəliklə bunu yerinə yetirməlidir".
E.Paşasoy,
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ