İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğalın dağıntıları ortada, amma ittiham kürsüsü Londonda qurulub

Azərbaycan Qarabağda ədaləti bərpa edib, suverenliyini təmin etdikdən sonra Qərbdə yeni ittiham dalğası başlayıb.

Musavat.com xəbər verir ki, Böyük Britaniya parlamentində məhv olmuş “Artsaxda erməni irsinin dağıdılması” adı altında qondarma araşdırma təşəbbüsü irəli sürülüb. Bu proses Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI), eləcə də parlamentin beynəlxalq hüquq və Ermənistan üzrə fəaliyyət göstərən qrupları tərəfindən aparılır. Komissiyaya deputat Brendan O'Hara rəhbərlik edir, iclasda isə məhv olmuş separatçı rejimin nümayəndəsi Artaq Beglaryan çıxış edib.

30 ilin susqunluğu

Sual açıqdır: 30 il Azərbaycan torpaqları işğal altında qalanda harada idilər?

Ağdam yerlə-yeksan ediləndə, Füzuli və Cəbrayıl viran qoyulanda, Zəngilan və Qubadlıda daşa daş üstündə qalmayanda, tarixi məscidlər dağıdılıb təhqir olunanda, qəbiristanlıqlar vandalizmə məruz qalanda bu “parlaq parlamentarilər” niyə səsini çıxarmırdı?

Bir milyon qaçqın və məcburi köçkün çadır şəhərciklərində yaşadığı illərdə, minlərlə ailə öz dədə-baba yurdundan didərgin düşəndə, Xocalıda körpələr, qadınlar, qocalar vəhşicəsinə qətlə yetiriləndə bu tribunalardan hansısa “araşdırma” çağırışı eşidilmədi. 

İndi niyə?

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyünü bərpa etdi, qanunsuz silahlı birləşmələri ləğv etdi və qondarma rejimi tarixə göndərdi. Bu, beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində legitim addım idi.

Ancaq bu reallıq bəzi dairələri narahat edir. İşğalın dağıntıları göz önündədir, Ağdamın xarabalıqları hələ də şahiddir. Buna baxmayaraq, ittiham kürsüsü Londonda qurulur və sanki 30 ilin faciəsi unudulur.

“Erməni irsi” iddiasının ziddiyyəti

Ən diqqətçəkən məqam isə odur ki, təqdim olunan materiallarda işğal dövründə dağıdılmış məscidlər və müsəlman abidələri “erməni irsi” kontekstində qabardılır. Bu isə təşəbbüsün obyektivliyinə ciddi kölgə salır və siyasi motivli kampaniya təsiri bağışlayır.

İki-üç qanunsuz tikili üzərindən hay-küy qoparanlar, bütöv şəhərlərin xəritədən silinməsini görməzdən gəlirlər.

Reallıq dəyişməyəcək

Azərbaycan öz torpağında suverenliyini bərpa edib. Qondarma rejim artıq yoxdur. Qarabağda yeni reallıq formalaşıb və bu, dəyişməzdir.

Siyasi tribunalarda səslənən ittihamlar nə şəhidlərin qanı ilə qazanılmış zəfəri kölgələyə sala, nə də Azərbaycanın iradəsini sarsıda bilər.

İşğalın dağıntıları ortadadır. Tarix isə hər şeyi yadda saxlayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR