İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Azərbaycanı “riskli ölkələr” siyahısına saldı – Səbəb İran təhlükəsidir?

İsrailin xarici səfərlərlə bağlı yenilənmiş təhlükəsizlik xəbərdarlığında Azərbaycanın da adının çəkilməsi diqqət doğurub. Yəhudi icmasının uzun illərdir təhlükəsiz şəraitdə yaşadığı, antisemitizmin ciddi sosial problem olmadığı Azərbaycan İsrail vətəndaşları üçün niyə riskli istiqamət hesab edilir? Mütəxəssislər bildirirlər ki, xəbərdarlıq Azərbaycanın daxili təhlükəsizlik vəziyyəti ilə deyil, İran–İsrail qarşıdurmasının yaratdığı regional təhdidlərlə bağlıdır.

Musavat.com İsrail mediasına istinadən xəbər verir ki, İsrail Milli Təhlükəsizlik Şurası yəhudi təqvimi ilə qeyd olunan payız bayramları ərəfəsində ölkə vətəndaşlarının xaricə səfərləri ilə bağlı yenilənmiş xəbərdarlıq yayıb.

MTŞ İran, “Hizbullah” və HƏMAS-la davam edən qarşıdurma fonunda xaricdəki israillilər və yəhudilər üçün mövcud təhlükələri qiymətləndirib.

Sənəddə xüsusilə İranla həmsərhəd və ya ona coğrafi baxımdan yaxın ölkələrə diqqət çəkilib. Bu çərçivədə Azərbaycan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İranın mümkün terror infrastrukturu və əməliyyatları baxımından həssas ölkələr sırasında göstərilib.

İordaniya, Qətər, Somaliland və Misir, o cümlədən Sinay yarımadası isə dördüncü təhlükə səviyyəsinə aid edilib. İsrail vətəndaşlarına həmin ölkələrə səfərlərdən tamamilə çəkinmək tövsiyə olunub.

Azərbaycan yəhudilərin uzun illərdir təhlükəsiz şəraitdə yaşadığı ölkə kimi tanınır. Bəs belə olan halda Azərbaycanın adının İsrailin riskli istiqamətlər siyahısına daxil edilməsinin səbəbi nədir?

Gəncəli Yusif Bağırzadə prezidentliyə namizəddir | Gencexeber.az

Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurasının Azərbaycanı İsrail vətəndaşlarının səfərləri baxımından riskli istiqamətlər sırasında göstərməsi, ilk növbədə, Azərbaycanın daxili təhlükəsizlik vəziyyəti ilə deyil, İranla İsrail arasında davam edən qarşıdurmanın yaratdığı regional təhlükələrlə əlaqədardır:

“Burada iki fərqli məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, Azərbaycanda yəhudilərin gündəlik təhlükəsizliyi və cəmiyyətin antisemitizmə münasibətidir. İkincisi isə İranın İsrailə və yəhudi hədəflərinə qarşı xarici ölkələrdə mümkün əməliyyatlarıdır. İsrailin xəbərdarlığı əsasən ikinci kateqoriyaya aiddir.

Azərbaycan İranla quru sərhədi olan və İsraillə strateji tərəfdaşlıq münasibətləri saxlayan ölkədir. Buna görə də Tehranla Tel-Əviv arasındakı qarşıdurmanın kəskinləşdiyi şəraitdə Azərbaycan coğrafi və geosiyasi baxımdan İsrail vətəndaşları üçün əlavə risk zonası kimi qiymətləndirilir.

Lakin bundan Azərbaycanın yəhudilər üçün təhlükəli ölkə olduğu nəticəsini çıxarmaq doğru deyil. Azərbaycanın yəhudi icması uzun illərdir ölkədə təhlükəsiz şəraitdə yaşayır. Yəhudi dini icmalarının sərbəst fəaliyyəti, sinaqoqların mövcudluğu və müxtəlif dini konfessiyalar arasındakı münasibətlər Azərbaycanın tolerantlıq modelinin əsas elementlərindəndir. Yəhudi icmasının nümayəndələri də bunu dəfələrlə bəyan ediblər.

Son dövrlərdə yəhudi təşkilatlarının və icma nümayəndələrinin açıqlamalarında da Azərbaycanda yəhudi həyatının təhlükəsiz şəkildə davam etdiyi vurğulanıb. Buna görə İsrail MTŞ-nin xəbərdarlığını Azərbaycan xalqının və ya dövlətinin yəhudilərə münasibətinin qiymətləndirilməsi kimi qəbul etmək düzgün olmaz”.

Politoloqun sözlərinə görə, bu xəbərdarlığı Azərbaycanın təhlükəsizlik sisteminin zəifliyi kimi deyil, İran–İsrail qarşıdurmasının ölkəmizin üzərinə gətirdiyi əlavə təhlükəsizlik yükünün göstəricisi kimi qiymətləndirmək daha doğrudur.

Etibar Seyidağa
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR