Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla keçirdiyi telefon danışığında Ukrayna münaqişəsinin tam başa çatdırılması üçün Vaşinqtonun ata biləcəyi addımı diqqətə çatdırıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Kremlin rəsmisi bildirib ki, Rusiya liderinin fikrincə, münaqişəyə son qoyulmasının əsas yolu Birləşmiş Ştatların Kiyevə göstərdiyi hər cür hərbi və maliyyə yardımını tamamilə dayandırmasıdır. İki ölkə rəhbərinin qapalı formatda reallaşan söhbətində dinc nizamlanmaya nail olunmasının real imkanları geniş şəkildə nəzərdən keçirilib.
Yuri Uşakov eyni zamanda həm ABŞ xüsusi elçilərinin Moskva səfərinə, həm də gələcək diplomatik təmaslara dair mühüm məqamları açıqlayıb. O bildirib ki, Vladimir Putinin Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə keçirdiyi görüş ümumilikdə konstruktiv məcrada baş tutsa da, tərəflər ən kəskin və ziddiyyətli məsələləri də açıq şəkildə müzakirə ediblər. Danışıqlar zamanı Ukrayna tərəfi ilə təmasların üçtərəfli formatda bərpa olunması imkanları da masaya yatırılıb. Rusiya tərəfi diplomatik görüşlərin davam etdirilməsi üçün Abu-Dabi şəhərini prioritet platforma kimi qiymətləndirir.
Bununla belə, Uşakov ABŞ Dövlət katibi Marko Rubionun bəyan etdiyi Ukrayna üzrə "yol xəritəsi"nin hələlik Rusiya tərəfinə təqdim olunmadığını xüsusi olaraq vurğulayıb.
Musavat.com
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ