Onlayn ictimai-siyasi qəzet
Bu gün axşam futbol üzrə dünya çempionatı başlayır; İki-üç milli komanda haqda “bunların mundialda nə işi var” deyərdim, amma Azərbaycanın millisinin gününə baxıram və hansısa ölkənin adını çəkməyə utanıram...
Bu gün üç ölkədə-ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya Çempionatı(DÇ) başlayır. Start oyunu bu axşam Meksika-CAR milliləri arasında olacaq.
12 qrup, 48 komanda, 39 gün və 104 oyun bir mundial üçün məncə, uzun yoldur. Bu, həm də FİFA-nın ildən ilə artan acğözlüyünündən( məsələn, ötən ilin yayında ABŞ-də klublararası dünya çempionatı keçirildi, heç bir xüsusi maraq olmadı), daha çox pul qazanmaq istəyindən irəli gəlir, yəni futbolun inkişafına xüsusi aidiyyəti yoxdur.

Yaxşı nəticə göstərmiş 8 qrupda hətta 3-cü yeri tutan milli komandanın da növbəti mərhələyə adlaması inanmıram ki, mundiala əlavə intriqa qatsın. İndidən qaralamağa da ehtiyac yox, bəlkə də ilk dəfə bu sayda komanda ilə keçiriləcək çempionat daha rəngarəng, daha maraqlı olacaq. Mən o 12 qrupda cəmi bir neçə milli komanda haqda “bunların axı mundialda nə işi var” deyərdim, amma Azərbaycanın əsas futbol komandasının gününə baxıram və hansısa ölkənin adını çəkməyə...bir az da utanıram. Eləcə də keçmiş SSRİ-dən bu dəfə Özbəkistanın mundiala vəsiqə qazanmasını Asiya qitəsinə verilən vəsiqələrin sayının artırılması ilə izah etmək ədalətsizlik olar. Özbəkistanın mundiala vəsiqə qazanmasının arxasında təxminən 15-20 illik sistemli iş dayanır...
Sənin ölkənin milli komandası hələ də "cırtdan dövlətlər"in komandaları ilə başa-başa oynadığına görə öyünürsə, Bakının bir rayonun əhalisi qədər- 150 min vətəndaşı olan ada-dövlət Kurasaonun(üstəlik, baş məşqçisi Dik Advokatdırsa) zəhmətini necə kiçildəsən?
Hə, söz düşmüşkən İtaliyanın ardıcıl üçüncü dəfə mundialdan kənarda qalmasını unutmaq çətindir, bu dəfə də olmamamaqlarına görə heyfslənməmək mümkün deyil. İtaliya belə çempionatların “pizza”sıdır, meydanda olmayanda sanki nəsə çatmır...2018-ci ildə İtaliya İsveçə pley-offda uduzaraq kənarda qaldı, 2022-ci il dünya çempionatında yenə işini çətinə saldı, Şimali Makedoniyaya məğlub olaraq iştirak şansını itirdi. Bu dəfə isə pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq tarixində ardıcıl üçüncü dəfə dünya çempionatını buraxdı.
Azərbaycanda əksəriyyətin D qrupundakı Türkiyəyə azarkeşlik edəcəyi şübhə doğurmur. Amma bu sırada Özbəkistanın olacağı da gözləniləndi. Eləcə də daha bir neçə müsəlman ölkəsi, xüsusilə qrup oyunlarını ABŞ-də keçirəcək qonşu İrana da...Gah mübaribə edib, gah atəşkəsə razılaşan İran bu mundialda psixoloji cəhətdən də sınanacaq. Məlumat belədir ki, İran yığması ABŞ-dəki oyunlara yalnız matç günü gələcək və qarşılaşmadan dərhal sonra yenidən Meksikadakı əsas düşərgəsinə qayıdacaq. Beləliklə, komanda ABŞ ərazisində qalmaq və orada hazırlıq keçmək əvəzinə, hər oyuna birgünlük səfər edəcək.

Bu mundiala milli komandaların, ya da “ağsaqlların”(Ronaldo, Messi, Modriç və s) deyil, bu dəfə baş məşqçilərin yarışı kimi baxmağı təklif edirəm. Məsələn, Karlo Ançellotti(Braziliya) ilə Murat Yakının(İsveçrə) mübarizəsi, ya da Dik Advokatla(Kurasao) Didye Deşamın(Fransa) qarşılaşması kimi... Sizcə, Zlatko Daliçlə(Xorvatiya) Tomas Tuxelin(İngiltərə)mübarizəsi necə, maraqlı ola bilərmi?
Fabio Kannavaronun( Özbəkistan), yoxsa Vladmir Petkoviçin(Əlcəzair) və ya Xulen Lopeteqi(Qətər)ilə Rudi Qarsiya(Belçika)sisteminin qarşılaşmasında necə, kim qalib gələr? Nəhayət, Ronald Kumanla(Niderland)Roberto Martines(Portuqaliya) qarşılaşarsa, kimin qalib gələcəyi daha maraqlı deyilmi?

Adətən, belə miqyaslı çempionat başlayanda daha çox “ölüm qrupu” haqda müzakirələr açılır. Bu mundial bir az fərqlidir, “ölüm qrupu”nu seçmək hətta futbol mütəxəssisləri üçün çətinlik yaradıb. Fransa,Şeneqal, Norveç və İraqın yer aldığı İ qrupunu nişan verənlər var. Eləcə də Braziliya, Mərakeş, Haiti və Şotlandiyanın birgə mübarizə aparacağı C qrupu haqda da belə seçdirmə mövcuddur. Məncə, İngilərə, Xorvatiya, Qana və Panamanın yer aldığı L qrupu deyilən kimi “ölüm qrupu”dur.
Qalib gəlmək şansı ən yüksək olan komandalar arasında Fransa, İspaniya, İngiltərə var, hazırkı çempion Argentina ilk üçlüyə daxil deyil. Favoritlər sıyahısında ənənəvi olaraq Brazliya, Almaniya, Portuqaliya milliləri də var. Çempionluq şansları haqda yalnız çempionatın ortasında danışmaq olar.

Bu mundialda bizi incidən oyunların keçirilmə vaxtı ilə Azərbaycanın saat fərqidir.Xüsusilə Türkiyənin qrup oyunlarına səhər “xoruz banlamamış” baxmaq bir az çətin olacaq. Təsəvvür edin ki, hamı işə hazırlaşanda televiziya qarşısında oturub “qol” çığırırsan...
Çempionatdan həzz almaq o vaxt olardı ki, 40 günlük yemək-içməyini alıb köçəydin bağa. Nə iş, nə şəhər... Çempionatın oyunlarına baxıb, günortanı yatardın.Yoxsa futbola baxıb işdə yuxulamaqla mundialdan ləzzət almaq mümkün deyil. Ümid edək ki, mundialın davam edəcəyi günlərdə dünyamız nisbətən qan-qadasız olacaq...
Nazİm SABİROĞLU,
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ