İnsanlara hürriyət, millətlərə istiqlal!

“Konstantinopol fatehi” həbsdə - Türkiyədə Ecevit ssenarisi təkrarlanır…

Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyası çalxalanır. Bu dəfə yaşananlar partiyanın tarixində indiyə qədər bir ilkdir. Baş verənlər hakimiyyət savaşı deyil, partiya daxilində rəhbər kresloda oturmaq cəhdidir. Bir sözlə, 2023-cü ildən etibarən CHP-yə rəhbərlik edən Özgür Özəlin sədrliyinin məhkəmə qərarı ilə ləğv edilməsi və ona seçkilərdə uduzan, keçmiş başqan Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə gətirilməsi Türkiyə siyasətində şok effekti yaradıb. Hadisə artıq sadəcə partiyadaxili fikir ayrılığı mərhələsini keçib. Məsələ hüquqi, siyasi, ideoloji və şəxsi güc mübarizəsinə çevrilib.

Gələk bu hadisələrin kökünün haradan başlamasına...

Gərginliyin əsası 2023-cü ildə keçirilən prezident seçkilərindən sonra qoyulub. Kamal Kılıçdaroğlu hazırkı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan qarşısında 3 faizlik səs fərqi ilə məğlub olduqdan sonra CHP daxilində böyük narazılıq yarandı. CHP-nin gənc və dəyişiklik istəyən qanadı hesab edirdi ki, 13 ildir partiyaya rəhbərlik edən Kılıçdaroğlu artıq seçki qazana bilmir, CHP cəmiyyətdə yorğun və köhnə görünür. Bu düşüncədə olanlar hesab edirdilər ki, partiya daha aqressiv və enerjili liderliyə ehtiyac duyur. Bu dəyişimin əsas siması isə hazırda həbsxana həyatı yaşayan İstanbulun eks-bələdiyyə başqanı Əkrəm İmamoğlu idi.

TdESsYvoiRYnsVFxcxPlXbZwBys7kkPw1VkDzF9W_1200.jpg (23 KB)

İmamoğlu partiya daxilində faktiki olaraq yeni CHP layihəsinin liderinə çevrildi. O, Özgür Özəli dəstəklədi və 2023-cü il qurultayında Kılıçdaroğlu məğlub edildi. Özgür Özəl CHP sədri oldu. Bu, CHP tarixində çox mühüm dönüş nöqtəsi idi. Belə ki, ilk dəfə Kılıçdaroğlu partiya içində devrilmişdi. İmamoğlu faktiki olaraq əsas güc mərkəzinə çevrilmişdi. Hər kəs ona Türkiyənin gələcək rəhbəri kimi baxırdı. Bu da əsassız deyildi. Çünki Əkrəm İmamoğlu İstanbul uğrunda 3 dəfə seçkilərdə Ərdoğanın sağ qolu sayılan Binəli Yıldırımı və son olaraq da əsas namizəd kimi irəli sürdüyü Murat Kurumu məğlub etmişdi. Özü də sonuncu daha acınacaqlı səs faizi ilə darmadağın edilmişdi. Bir sözlə, “Konstantinopol (İstanbul) ikinci dəfə fəth edilmişdi”. Özgür Özəl isə İmamoğlunun namizədi kimi təşkilat lideri olaraq önə çıxmışdı.

İndi isə məhkəmənin belə bir qərar verməsinə gələk…

2023-cü il seçkilərindən dərhal sonra Kılıçdaroğlu tərəfdarları qurultayın nəticələri ilə bağlı “səs satınalma”, “delegelərə təzyiq”, “maddi imkanlardan istifadə” kimi ittihamlar ortaya atdılar və məhkəməyə üz tutdular. Müxaliflər iddia etdilər ki, bu qurultay “şaibəli” keçirilib.

2026-cı ilin mayın 21-də Ankara məhkəməsi çox ağır qərar verdi. Özgür Özəlin sədrliyi etibarsız sayıldı, CHP rəhbərliyi vəzifədən uzaqlaşdırıldı. Kamal Kılıçdaroğlu rəhbərliyə geri qaytarıldı. Hazırda bu qərar CHP daxilində siyasi partlayış effekti yaradıb. Özgür Özəl və tərəfdarları bunu məhkəmə yolu ilə siyasi çevriliş adlandırırlar.

Hazırda CHP daxilində bu qruplar var:

1. Özgür Özəl-İmamoğlu xətti

Bu qanad daha gənc görünür. Eyni zamanda şəhərli, sosial demokrat, seçki qazanmağa fokuslanan xətt təsiri bağışlayır. Onların fikrincə, CHP daha sərt müxalifətçilik etməlidir. Onlar hesab edir ki, mövcud hakimiyyətə qarşı küçə siyasəti aparılmalı, partiya klassik dövlətçi CHP görünüşündən çıxmalıdır. Bu qrupun əsas siyasi enerjisi İstanbul, Ankara, İzmir böyükşəhər təşkilatları, eləcə də gənclər və şəhər orta sinfidir.

2. Kılıçdaroğlu xətti

Bu qanad isə partiyanın köhnə təşkilati strukturlarına, ənənəvi delegat sisteminə, bürokratik CHP mədəniyyətinə bağlıdır. Onların düşüncəsinə görə, İmamoğlu partiyanı şəxsi layihəsinə çevirib, partiya daxilində çox aqressiv təmizləmə aparılıb. Kılıçdaroğlu tərəfdarları İmamoğlu komandası haqqında ciddi korrupsiya və partiyanı ələ keçirmə ittihamları səsləndirirlər. Əslində 2025-ci ildə Əkrəm İmamoğlunun həbs olunması ilə CHP daxilində daşlar yerindən oynadı.
İmamoğlu korrupsiya, terror əlaqələri, casusluq kimi ağır ittihamlarla üzləşdi. CHP və müxalifət isə bunun siyasi əməliyyat olduğunu bəyan etdi.

İmamoğlu hazırda CHP üçün sadəcə bələdiyyə başqanı deyil. O, ölkədə iqtidara gələ biləcək yeganə fiqur kimi görülür. Bir sözlə, İmamoğlu CHP seçicisinin böyük hissəsində ümid simvoludur. Xüsusilə gənclər arasında çox populyardır. Onun həbsindən sonra CHP daxilində böyük panika yarandı və bu suallar ortaya çıxdı: İmamoğlusuz nə olacaq? 2028-ci il seçkisinə kim gedəcək?

Özgür Özəldən də bəhs edək.

O, əvvəlcə keçid lideri kimi görünürdü. Amma zamanla küçə aksiyalarını idarə etməsi, İmamoğluna açıq sahib çıxması, 2024-cü il bələdiyyə seçkilərində CHP-nin böyük uğur qazanması onu real liderə çevirdi. CHP seçicisi artıq onu yeni Ecevit modeli kimi görməyə başlayıb.

Partiya dağıla bilərmi? Bu, artıq real ehtimal kimi müzakirə olunur. Çünki CHP daxilində konflikt ideoloji deyil, həm də şəxsi güc savaşıdır. Hazırda tərəflər bir-birini xəyanət, iqtidarla əməkdaşlıq, partiyanı satmaq, korrupsiya ilə ittiham edir. Belə atmosferdə partiyanın gücünü qoruması çətinləşir. Amma etiraf edək ki, CHP Türkiyənin 100 illik partiyasıdır. Dövlət strukturlarında, yerli təşkilatlarda və seçici bazasında çox dərin kökləri var. Buna görə tam dağılma ehtimalı aşağıdır. Hazırda ana müxalifət partiyası üçün ən real ssenari partiyanın iki yerə bölünməsi, formal olaraq birlikdə qalması, faktiki daxili vətəndaş müharibəsi yaşamasıdır.

İmamoğlu və Özgür Özəl yeni partiya yarada bilərmi?

Bu, Türkiyə siyasətində ciddi şəkildə müzakirə olunur. Məhkəmə qərarları davam edərsə, Kılıçdaroğlu tam nəzarəti bərpa etsə, İmamoğlu qanadı CHP-dən təmizlənsə, bu versiya reallaşa bilər. Belə vəziyyətdə isə CHP-nin qalib gəldiyi böyükşəhər bələdiyyələrinin, gənc seçici bazasının, CHP-nin şəhərli elektoratının İmamoğlu ilə getmə ehtimalları böyükdür. Bu isə Türkiyədə yeni mərkəz - sol partiya demək olar. Türkiyə tarixində isə bunun bənzəri olub. Vaxtı ilə Bülənt Ecevit CHP-dən ayrılıb DSP yaratmışdı. Son olaraq isə Məhərrəm İncə Məmləkət Partiyasını qurub.

Amma onu da etiraf etmək lazımdır ki, yeni partiya qurmaq çox risklidir. Çünki CHP markası çox güclüdür. Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün partiyasıdır. Belə hallarda dövlət dəstəyi və təşkilatlanma böyük rol oynayır. Seçici bölünməsi Ərdoğan hakimiyyətinə üstünlük verə bilər.

Hakimiyyət üçün bu böhran strateji üstünlük yaradır. Çünki CHP daxildən parçalanır, müxalifət enerjisini öz daxilində xərcləyir, prezident seçkisi üçün vahid namizəd məsələsi mifə çevrilir. Bir çox analitik hesab edir ki, CHP-yə qarşı hüquqi təzyiqin əsas məqsədi müxalifətin 2028-ci ilə qədər zəiflədilməsidir. Ən kritik məsələ budur ki, CHP artıq lider dəyişimi böhranı yaşamır. Partiya kimlik, güc mərkəzi, gələcək strategiya böhranı yaşayır.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR