İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Bakı-İrəvan danışıqlarında “ofsayt”da, Ağ Ev hücumda...

ABŞ-ın Cənubi Qafqaz siyasətində yeni mərhələ başlayır. Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ nümayəndələri arasında keçirilən üçtərəfli görüş göstərir ki, Ağ Ev regionda yalnız vasitəçi rolunda qalmaq deyil, Azərbaycan-Ermənistan normallaşmasını konkret iqtisadi və siyasi layihələrlə möhkəmləndirmək niyyətindədir.

Əvvəlki ABŞ administrasiyasının Cənubi Qafqaz siyasəti isə Bakıda bəzən Ermənistanın mövqeyinə daha yaxın və ya balanssız yanaşma kimi qiymətləndirilirdi. Digər tərəfdən, Vaşinqtonun diqqətinin uzun müddət regionun digər geosiyasi böhranları üzərində cəmlənməsi Cənubi Qafqazın ABŞ xarici siyasətində prioritet mövqe tutmasına imkan vermirdi.Yeni yanaşmanın əsas elementlərindən biri TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. Vaşinqtonun bu layihəni regional bağlantı, iqtisadi inkişaf və davamlı sülh mexanizmi kimi təqdim etməsi ABŞ-ın Cənubi Qafqazda iqtisadi maraqları təhlükəsizlik və diplomatik gündəmlə birləşdirməyə çalışdığını göstərir.

Üçtərəfli görüşün Vaşinqton sammitinin birinci ildönümündə keçirilməsi də təsadüfi görünmür. ABŞ bununla bir il əvvəl əldə edilmiş razılaşmaların sadəcə siyasi bəyanat olaraq qalmadığını, onların praktiki nəticələrə çevrilməsini istədiyini nümayiş etdirir. Delimitasiya prosesinin davam etdirilməsi və etimad quruculuğu tədbirlərinə diqqət də bu yanaşmanın tərkib hissəsidir.
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tbilisidən sonra növbə İrəvandadır -  Globalinfo.az

Burada Azərbaycanın mövqeyi xüsusilə əhəmiyyətlidir. Bakı üçün əsas məsələ kommunikasiyaların açılması, Naxçıvanla bağlantının təmin edilməsi və əldə olunmuş razılaşmaların konkret mexanizmlərə çevrilməsidir. Ermənistan üçün isə proses həm regional iqtisadi inteqrasiya, həm də ABŞ-la yeni əməkdaşlıq imkanları baxımından əhəmiyyət daşıyır.

Beləliklə, Vaşinqtonun yenilənmiş Qafqaz planı yalnız Azərbaycan-Ermənistan sülhündən ibarət deyil. ABŞ TRIPP vasitəsilə regionun nəqliyyat xəritəsinə, iqtisadi əlaqələrinə və təhlükəsizlik arxitekturasına daha fəal şəkildə daxil olmağa çalışır. Bu isə Cənubi Qafqazda ABŞ, Rusiya, İran və Türkiyə arasında geosiyasi rəqabətin yeni mərhələyə keçməsi deməkdirmi? O da faktdır ki, Moskva Bakı-İrəvan danışıqlarında faktiki “ofsayt”dadır. Yeni mərhələdə bu aktorlardan hansı üstün tərəf kimi görünür?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Rusiya Ukrayna müharibəsində kifayət qədər çətin durumdadır:

“Ukraynanın Rusiyanın içərilərini vurması, ölkədə iqtisadi çətinliklərin artması, benzin böhranı, payızda gözlənilən səfərbərlik təhlükəsi artıq Rusiya əhalisini də hakimiyyətə qarşı mövqeyə keçməyə məcbur edir. Artıq hərbi əməliyyatlara dəstək verənlərin sayı durmadan azalır. ABŞ-nin başı İrana qarışıb, Ukraynaya təzyiqlər azalıb və bütün bunlar da onu göstərir ki, hələ gələn ilin sonuna qədər də Ukrayna müharibəsi davam eləyə bilər. Təbiidir ki, Rusiyanın Ukraynaya qarışması bölgəmizə böyük şans verir. Zəngəzur dəhlizinin-TRİPP marşrutunun qısa müddətdə işə düşməsi Rusiyanın bölgədə çəkisinin daha çox azalmasına gətirib çıxaracaq. İranın da müqaviməti azalıb. Ermənistanın hakimiyyət partiyasının nümayəndəsi İranla razılaşmanın əldə olunduğunu deyib. İran səfiri də Ermənistan bizə təminatlar verdi ki, burada İran üçün problemlər yaranmayacaq. İran artıq Tramp marşrutunun çəkilməsinin qarşısının almağın mümkünsüzlüyünü anlayıb. Ancaq təbiidir ki, rəqabət bununla bitmir, rəqabət davam edəcək. İran Türkiyənin bölgədə güclənməsinə əvvəlki kimi mane ola bilmir. ABŞ ilə Türkiyə arasında isə hələlik rəqabət yoxdur. ABŞ-İran müharibəsi çox məsələləri arxa plana atıb. Lakin gələcəkdə rəqabət qaçılmazdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR