Onlayn ictimai-siyasi qəzet
Nə gizlədim, ilk açıqlamaları oxuyanda fikirləşirdim Şəkidə 2 nəfərin öldüyü kanat asılqanı ilə bağlı ümumiyyətlə cinayət işi açılmayacaqdır. Ancaq indi sayın baş prokurorluqdan bəyanat gəlibdir, deyir açmışıq.
Qənaətimin səbəblərini oxuculara da göstərirəm. İlk növbədə, həmin “Şəki yaylası” adlı faciəvi obyektin direktorunun açıqlaması əcaib idi. Deyir “milyonda bir olan hadisədir, güclü külək var idi, hava şəraiti pis idi və sairə”.
Yəni, lazımdırsa küləyə cinayət işi açın, bizlik nə var? Adam heç utanmır, lap hesab edək külək varmış. Bəs sənin ağlın harda idi, o küləkdə obyekti işlədərkən? Ağlınızı da külək aparmışdı?
İkincisi, FHN-nin “o cür qurğulara biz baxmırıq” açıqlaması, yumşaq yazsam, qəribə idi. Necə baxmırsınız? Camaat adi dönər köşkü qoyanda belə sizdən təhlkəsizlik sənədi alır, orda isə eşşək boyda kanat çəkib, dağdan dağa uçurmuşlar.
Elə obyekt direktorunun açıqlamasındakı “bütün təhlükəsizlik yoxlamalarından keçmişik” cümləsi də böyük suallar doğurur. Kim yoxlayıb, bəlkə Qafqaz Müsəlmanları İdarəsi, ya da Dini Komitə? Ki, burda ölən olsa Allah rəhmət eləyəcəkdir?
Əlbəttə, FHN iddia edər ki, biz şəxsi obyektlərdəki bu cür əyləncəli qurğulara nəzarət etmirik, ora icra hakimiyyəti baxır. İcra hakimiyyəti deyər biz sahibkarların işinə qarışmırıq, Şəkidə hər şey Akademiyanın Tarix İnstitutuna tabedir. İnstitut bəyan edər ki, ümumiyyətlə, burada AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründən qalma problemlər mövcuddur – Elçibəy 1993-də Kələkiyə qaçanda Şəkini də yiyəsiz qoyub getmişdi.
Niyə bizdə insan həyatının mənası, təhlükəsizlik, sağlıq kimi mövzuların yada düşməsi üçün kimsə mütləq ölməlidir? Rayon yolunda avtomobil traktorla toqquşdu, 5 nəfər öldü. İdarə bildirdi ki, kənd təsərrüfatı maşınlarını işıqlandırması olmadan sürmək düzgün deyil. Ancaq bu bildirişin həmin 5 nəfər üçün nə mənası var? Sürücülük vəsiqəsini korrupsiya yolu ilə əldə etmək mümkündürsə, traktorun dalına lap projektor bərkit...
Yuxarıda küləyə cinayət işi açılması söhbətini havadan yazmadım, bu baxış bucağı əslində geniş yayılmışdır. Buyurun, lap təzə, isti, buğlanan xəbər başlığıdır: “Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub”.
Bəli. Yəni deyir aşbazın, toyxana işlədənin, nə bilim, dana satanın və düyü əkənin yeddi arxa dönəninə qədər hamı tərtəmizdir. (“Papaq” filmindən sitatın yeri gəlmişdir: “Hacı, özünü biabır eləmə, qız tərtəmizdir”). Günahı olan varsa, o da buğlama və düyünün, Anadoluda deyilən kimi, ta kəndisidir. Buğlamanı türməyə bağlama eləyək, düyünü də tökək itin qabağına, qoy rəzil olsun... Vallah. Qudurublar, camaatı zəhərləyirlər. Ar olsun, istefa!
Anadolunu təsadüfən xatırlatmadım, bir dostum danışmışdı, qaranti üçün öncədən qeyd edim ki, doğruluq payını dəqiq bilmirəm, deyir Türkiyədə hansısa gəmi Atatürkü aparmaqdan imtina eləyibmiş, sonralar uca türk xalqı həmin gəmiyə nifrətini belə göstərib: gəmi limanda həbsə uğrayıb və çürüyənəcən orda saxlanılıb. Yəni, biz bir millət olduğumuz üçün bu cür təcrübələri tətbiq etməyə borcluyuq.
Küləyi tutub türməyə sala bilsək ondan enerji məqsədiylə yararlanarıq. Kanatın asıldığı dağın günahı isbata yetsə, dağı doğrayıb Şərurlu İsfəndiyara satmaq lazımdır. Yol qaranlıqdırsa, Günəş və Ayın məsuliyyəti açıq-aşkardır. Yağış evləri basırsa, buludları dağıtmaq lazımdır və bu məqsədlə güc tətbiq edilməsinə Avropa Şurası da qarışa bilməz.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görək siz nəyəsə əlaqədarsınızmı, yoxsa ancaq pul yığırsınız.
P.S. Səhlənkarlıq – tapşırılan işə, vəzifəyə və ya öhdəliyə laqeyd, diqqətsiz, soyuq və vicdansız münasibət göstərərək onu yerinə yetirməməyə və ya lazımi qaydada icra etməməyə deyilir. Bizim cinayət məcəlləsində “səhlənkarlıq” 314-cü maddədir, 2 nəfərin ölümünə səbəb olanları 3 ildən 7 iləcən cəza gözləyir. Ancaq hər il neçə nəfər səhlənkarlığa görə cəzalanır – bu haqda heç bir hesablama aparılmır. Hesab edirəm bunun özü də statistika sahəsində səhlənkarlıqdır.
12 Sentyabr 2026
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ